Dağlıq Qarabağ
və ətraf ərazilərdəki abidələr
dağıdılıb
“İşğal altındakı ərazilərdəki
mədəni irs nümunələrinin ermənilər tərəfindən
dağıdılması və mənimsənilməsi Azərbaycanın
mədəni həyatında çox ciddi problemlər
yaradır”
Erməni yağıları tərəfindən Azərbaycan ərazilərinin zəbt edilməsi nəticəsində mənəviyyatımıza da olduqca ağır zərbə endirilib. Belə ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, qədim xalça məmulatları işğalçı erməni quldurları tərəfindən ya qarətə, ya da dağıntıya məruz qalıb./i>
Azərbaycan Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bu istiqamətdə daimi araşdırma aparır. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki abidələrin sayı dəqiq yazılmır: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın xeyli sayda qiymətli mədəni irs nümunələri, o cümlədən daşınan və daşınmaz tarix və mədəniyyət abidələri qalıb. Məlumdur ki, sovet dövründə Azərbaycanın indiki işğal olunmuş ərazilərində abidələrin qeydiyyatı səthi aparılmışdır, məhz bu səbəbdən də bu ərazilərdə böyük sayda abidələr dövlət qeydiyyatından kənarda qalıbdır. Ona görə də Azərbaycanın işğal altındakı abidələrinin sayı rəsmi məlumatlarda gah 679, gah da 898 göstərilir. Ermənistan hökuməti Azərbaycan ərazilərini işğal etdikdən sonra o ərazilərdə abidələrin rəsmi qeydiyyatını aparmış və bunun da nəticəsində erməni tərəfin rəsmi məlumatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdəki abidələrin sayı çox göstərilir. Bu iki sənəd arasındakı say fərqi istər-istəməz işğal altındakı abidələrimizin sayının dəqiqləşdirilməsini tələb edir. Bunun ölkəmiz üçün vacibliyini nəzərə alaraq Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarixi və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, işğal altındakı ərazilərdəki abidələrin sayını dəqiqləşdirməyə çalışdı”.
Azərbaycanın işğal altındakı ərazilərində olan abidələrin erməniləşdirilməsində məqsəd nədir?
Faiq İsmayılov bildirir ki, abidənin nə olduğunu bilmədən, onun əhəmiyyətini dərk etmədən abidəni mühafizə etmək, onu qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq mümkünsüzdür: “Tarix və mədəniyyət abidələri, arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) kimi iki qrupa bölünürlər. Daşınar abidələr muzeylərdə, kolleksiyalarda, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunmalıdır. Ümumilikdə abidə xalqın mövcudluğunu özündə ehtiva edən bir elementdir. Bir xalqı məhv etmək istəyirsənsə, onun tarixini və mədəniyyətini məhv etməyin bəs edər.
Xalqın tarixinin, mədəniyyətinin yüz illər boyu yaşaması abidələrin mühafizə edilib, qorunub saxlanmasından asılıdır. Məhz bu həqiqətləri dərk edən ermənilər, Azərbaycanın işğal altındakı ərazilərdə olan abidələrini birmənalı şəkildə erməniləşdirməklə, orada azərbaycanlıların izlərini itirmək üçün yer-yurd adlarını və toponimlərini dəyişdirməklə məşğuldurlar. Belə ki, islam dövrü və türkçülüklə bağlı olan abidələr ermənilər tərəfindən məhv edilərək yer üzündən silinir, bir qisim xristian dövrü abidələri erməniləşdirilərək istismar edilir, ucqarlarda yerləşən bir qisim abidələr isə baxımsızlıqdan məhv olma təhlükəsi ilə üz-üzədirlər”.
İşğal olunmuş ərazilərdəki abidələrin elektron məlumat bazasının yaradılmasına ehtiyac var
Faiq İsmayılovun fikrincə,
İşğal Olunmuş
Ərazilərdəki Tarixi və Mədəniyyət
Abidələrinin elektron məlumat
bazasının yaradılmasına ehtiyac var: “Bu
araşdırmaların nəticələri əsas verir deyək ki, Azərbaycanın
işğal olunmuş
ərazilərindəki mədəni dəyərlər
haqqında məlumatların toplanmasına ciddi
ehtiyac var. Tarixi və mədəniyyət abidələrinin
qeydiyyata alınması, katoloqda
yerləşdirilərək sistemləşdirilməsi və
inventarlaşdırılması, bir qayda olaraq bütün
ölkələrdə həyata keçirilir.
Bir çox hallarda isə bu məlumatlar elektron məlumat bazalarda saxlanılır. Azərbaycanın da hərbi təcavüz
nəticəsində taleyi
problemlər yaşayan
mədəni dəyərlərinin
elektron məlumat bazasının və elektron kataloqunun yaradılması, bu abidələrin taleyi barədə toplanmış
məlumatların gələcək
illərdə kompleks şəkildə tədqiqat
işlərinə şərait
yaradacaq. Ermənistanın
silahlı təcavüzü
nəticəsində mədəni
dəyərlərə dəymiş
zərərlər, abidələr
üzərində baş
vermiş dəyişikliklər
barədə, eləcə
də Azərbaycanın
dövlət qeydiyyatında
olmayan daşınmaz tarixi və mədəniyyət abidələrinin
quruluşu və mövcud vəziyyəti barədə məlumatlar tərtib edilərək vahid bazada görüntülərin
və məlumatların
yerləşdirilməsi, gələcəkdə
bu abidələrin tədqiqində çox mühüm əhəmiyyət
daşıyacaqdır. Müasir
tələblərə cavab
verən elektron məlumat bazasının yaradılması, Azərbaycan
Respublikası Prezidentinin
27 dekabr 2013-cü il tarixli 195 saylı sərəncamı ilə
təsdiq edilmiş “Daşınmaz Tarixi və Mədəniyyət
Abidələrinin bərpası,
qorunması, tarixi və mədəniyyət
qoruqlarının fəaliyyətinin
rəsmilləşdirilməsi və inkişafına dair 2014 - 2020 -ci illər üzrə Dövlət Proqramı”na
uyğun olaraq həyata keçirilə bilər”.
Faiq İsmayılovun apardığı tədqiqatların
yekunu olaraq gəldiyimiz
nəticəyə görə, Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycanın məruz
qaldığı itki və tələfatların
sırasına sənət abidələri, memarlıq abidələri,
tarixi abidələr, arxeoloji
abidələr, incəsənət abidələri, muzeylər,
kitablar, əlyazmalar, arxiv
fondları talana və
dağıntılara məruz qalmışdır: “Daha dəqiq desək, 23 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 13 arxiv, 7904 tarixi və mədəniyyət abidəsi, 2261
arxeoloji abidə, 24831 incəsənət
abidəsi, o cümlədən 86 307 muzey eksponatı, 371 rəsm əsəri, 4,6 milyon kitab, 260 000 arxivləşdirilmiş
sənəd, 50 000 ədəd vətəndaşların
şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli (xalı, fərməş,
palaz, xurcun, tikmə,
kəmər, məişət əşyaları və s.) mədəni irs
nümunələrinin ermənilər tərəfindən
dağıdılması, məhv edilməsi və mənimsənilməsi
Azərbaycanın mədəni həyatında çox ciddi problemlər
yaradır”.
Fuad Hüseynzadə
Palitra.-2017.-11 mart.-S.11.