Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

 

Artur Ağacanov: “Artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən köçürülmüş ermənilər qədim Qarabağ torpaqlarını özününküləşdirirlər”

 

Martın 14-də Bakıda Qafqaz Tarix Mərkəzinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan və Ermənistan alimləri, siyasətçiləri, ictimai xadimləri, tədqiqatçıları iştirak ediblər.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazisinin iyirmi faizinin işğal olunduğunu xatırladıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsinin vaxtı çatıb. “İnternetdə yayılan informasiyalardan da görünür ki, ermənilər artıq ortaya rasional mövqe qoymağa başlayıblar. Bugünkü tədbirdə erməni fəalları da iştirak edirlər. Mən onlara xüsusi təşəkkürümü bildirirəm” - deyə F.Axundov əlavə edib.

Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin həllinə qonşu ölkələrin mühüm töhfə verə biləcəyini vurğulayıb: ”Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər”. M. Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri, xüsusən, ABŞ münaqişənin həllində maraqlı deyil: “Münaqişənin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün məcburi köçkünlərin qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir. Münaqişənin hərbi həlli yoxdur. Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiyaya qədər dəhliz tələb edəcək, Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İranRusiya arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiyada olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir. Ən yaxşı format “üçbucağ”ın yeni nəzarət komissiyalarının yaradılmasıdır ki, buna da Qərb heç vaxt imkan verməyəcək. Buna görə də daimi hərbi eskalasiya ilə humanitar əlaqələr yaxın gələcəkdə gündəlikdə olacaq”.

 

Vahe Avetyan:

“Ermənilərin öz fikirlərini açıq ifadə etmələrinə imkan verilmir. Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər”

Xocalı soyqırımına toxunan erməni publisistictimai xadim Vahe Avetyan bunun öz xalqı üçün rüsvayçı bir fakt olduğunu bildirərək deyib: "Mən 2016-cı ildə Bakıda olarkən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdim. Yəqin ki, bu, Ermənistanda birmənalı qarşılanmadı. Bir çox erməni ictimai xadim və sadə insanlar məni dəstəkləyirlər. Lakin ermənilərin öz fikirlərini açıq ifadə etmələrinə imkan verilmir. Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər. İyirmi ildən çox sürən münaqişədən sonra ilk dəfə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik. Sağlam düşüncəli ermənilər çalışırlar ki, Ermənistan prezidenti Serj Sərkisyanın yaratdığı qatil erməni stereotipi ardan qalxsın. Mən tarixçi deyiləm, yazıçıyam. Xalqların düşmənçiliyini bir kənara qoyub, yeni bir səhifə açmaq lazımdır”.

 

Artur Ağacanov:

“Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq”

Əslən Dağlıq Qarabağdan olan erməni əsilli Ukrayna vətəndaşı, tədqiqatçı Artur Ağacanov Dağlıq Qarabağ torpağının əsrlər boyu müxtəlif müharibə və münaqişələr meydanı olduğunu söyləyib. Qarabağ qədim Qafqaz Albaniyasının bir hissəsi olduğunun və özündə bu qədim dövlətin mədəniyyətini, tarixini, memarlığını yaşatdığını qeyd edən A.Ağacanov deyib: “Lakin hazırda bu qədim irs ya məhv edilir, ya da erməni mədəniyyəti və tarixi kimi qələmə verilir. Artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən köçürülmüş ermənilər qədim Qarabağ torpaqlarını özününküləşdirirlər. Eçmiədzin kilsəsinin fitvası ilə qədim Alman Avtokefal Kilsəsi ləğv edilib. Gandzasar, AmarasAlban kilsəsinin digər patriarx taxtlarının ləğv edilməsi nəticəsində Qarabağda, eləcə də Cənubi Qafqazda olan çoxsaylı xalqlara məxsus mədəniyyət irsi Eçmiədzin kilsəsinin əlinə keçib. Bu xalqların bir hissəsi - qıpçaq türkləri, udin, aysor, tat, kürd və digərləri zor gücünə erməniləşdirilib. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və qədim Qafqaz Albaniyasının tarixinin, xristian mədəniyyətinin bir hissəsi olduğunu dilə gətirən hər kəs həyatı üçün təhlükə ilə üzləşir. Lakin biz həqiqəti deməkdən çəkinməməli və mübarizə aparmalıyıq. Biz Azərbaycanda Alban kilsəsinin və məbədlərdə ibadətin bərpası xəbərini sevinclə qarşıladıq. Yaxın gələcəkdə biz bu məqsədlə Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq”. Ağacanov deyib ki, əsas məsələ münaqişənin həllinə inanmaqdır: "Mən erməniyəm, Bakıda anadan olmuşam, təmiz qarabağlıyam. Qarabağda indi müxtəlif xalqların nümayəndələri yaşayır. Mənim tanıdığım ermənilər arasında münaqişə ilə bağlı eyni fikirləri bölüşənlər var. Amma onlar bunu açıq şəkildə dilə gətirməyə ehtiyat edirlər. Lakin öz aralarında münaqişənin həllinə pozitiv yanaşırlar. Bizi yalnız din ayırır ki, bu da o qədər önəmli amil deyil. Bu, mənim fikrimdir. Ola bilsin ki, hazırda Ermənistanda türklər də yaşayır. Məsələn, mənim soyadım Ağacanovdur. Bu isə o deməkdir ki, bizim ümumi köklərimiz var. Məsələn, Allahverdiyev, Mirzəbəyov kimi ortaq soyadlarımız var".

 

Rusiyalı politoloq:

“Xocalı soyqırımı tanınmayana qədər insanlıq əleyhinə cinayətlərin qarşısını almaq mümkün olmayacaq

 

Rusiyalı politoloq Oleq Kuznetsov Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə petisiya təşəbbüsü irəli sürdüyünü qeyd edib. O. Kuznetsov bildirib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federasiya Şurasıdır: “Erməni separatçıları tərəfindən Xocalıda törədilmiş soyqırım terrorizm cinayəti və insanlıq əleyhinə cinayətdir. Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir. Xocalıda törədilmiş cinayətlər bu gün Suriyaİraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Məhz buna görə də mən təkcə azərbaycanlıları yox, bütün bəşəriyyəti bu petisiyanı dəstəkləməyə çağırıram. Terrorizmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidirlər”.

 

Maksim Şevçenko:

Bu gün konyunktura dəyişir. Nəticələri görmək istəməyənlər bunu anlamalıdırlar”

Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Birliyinin, İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Sülhməramlılıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları” mövzusunda paneldə qeyd edib ki, Azərbaycan və Ermənistan böyük silah potensialına, aviasiyaartilleriyaya malikdir.

Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər Azərbaycan və Ermənistana eyni silahları satırlar və bununla da balansı qoruduqlarını iddia edirlər: “Ermənistan və Azərbaycan arasında müharibə başlasa, münaqişəyə Rusiya, Gürcüstan, o cümlədən Türkiyə cəlb olunacaq. Münaqişənin proqnozlaşdırılmayan nəticələri ola bilər. Radikal addım, müharibə terrorizmin inkişafına şərait yaradar. Bu gün biz Suriyada, İraqda bunu görürük”. Şevçenko deyib ki, regionda Qərbin təsirinin artmasında maraqlı olmayan üç dövlətdən ibarət Rusiya-Türkiyə-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib formatdır: “Bu gün Azərbaycana özünü qardaş sayan Türkiyəyə Avropada təhqiramiz münasibət bəslənir, Rusiyaİran isə “şər oxları” kimi təqdim olunur. Bəs kim yaxşıdır?! Bu gün konyunktura dəyişir. Faciəli müharibə nəticələri görmək istəməyənlər bunu anlamalıdırlar. Biz müharibə ritorikasından sülh ritorikasına keçməliyik. Qərb Qarabağ münaqişəsinin həllində, Qafqazda sülhdə maraqlı deyil”.

A.Miriyev

Palitra.-2017.-15 mart-S.7.