“Qarabağ məsələsində
Azərbaycan hökuməti ilə məcburi
köçkünlərin və ziyalıların mövqeləri
üst-üstə düşür”
Əlibəy Məmmədov:
“Bu
isə Ermənistana qarşı aparılan siyasətdə Azərbaycanın
gücünə güc qatmış olur”
Ötən illərlə müqayisədə hazırda Yaponiyada Qarabağ mövzusu geniş təbliğ olunur. Bu təbliğat işi, əsasən, Yaponiyanın hökumət təqaüdçüsü, Hokkaido Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının Fəxri Prezidenti (ötən iki ildə prezidenti), Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov tərəfindən aparılır.
Qeyd edək ki, Ə.Məmmədov 1988-ci ildə Moskvada tarixçi ailəsində dünyaya göz açıb. Uşaqlıq illərini Bakıda keçirib. 147 saylı texniki-humanitar liseyin məzunudur. 10-cu sinifdə oxuyarkən Tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatı üzrə təhsilini davam etdirib. Qırmızı diplomla bakalavr təhsilini bitirdikdən sonra 2009-2010-cu illər Füzuli rayonunda hərbi xidmət çəkib. 2010-2012-ci illərdə Yaponiya ilə bağlı bir çox qısamüddətli işlərdə çalışıb. 2012-ci ilin aprel ayından etibarən Azərbaycanda yerləşən Yaponiya səfirliyində keçirilən imtahanda ən yüksək nəticə göstərməklə, Yaponiyaya ümumi 6 illik olmaqla, Yaponiya hökumətinin dövlət təqaüdlərinə layiq görülüb. Yaponiyanın Hokkaydo Universitetində elmi fəaliyyətini davam etdirir. Yaponiyanın aparıcı media orqanlarında Dağlıq Qarabağla bağlı müsahibələri çap edilib. Elm və biznes dünyası ilə yaxından əməkdaşlıq etməklə Yaponiyanın müxtəlif təbəqələri arasında Azərbaycan adının, onun mədəniyyətinin, zəngin tarixinin tanıdılması işinə böyük töhfələr verir. Eyni zamanda Tokio şəhərinin məktəblərində müntəzəm olaraq Azərbaycanla bağlı dərslər deyir.
-Yaponiyada
Qarabağ və Kuril
adaları mövzusunda apardığınız
elmi araşdırmada hansı nəticə
əldə edibsiz?
-İcazə verin,
sualınıza bir qədər geniş cavab verim. Mən 2012-ci ilin aprel ayından
etibarən Yaponiyanın
ən qədim və imperator universitetlərindən
biri olan Hokkaydo Universitetində Yaponiya hökumətinin təqaüdləri hesabına
təhsilimi davam etdirirəm. Mənim araşdırma
apardığım sahə
üzrə Yaponiyada ən yüksək səviyyəli elm adamının
Hokkaydo Universitetində
işləməsi seçimimdə
əsas səbəb idi. Bu proqram üzrə il
ərzində maksimum
3 tələbə Yaponiyada
təhsil almaq hüququna yiyələnir.
Mənim
zamanımda (2011-ci ildə)
yapon dili üzrə, sadəcə,
mən bu hüququ əldə etmişdim. Digər iki həmkarım
isə ingilis dili proqramlarında bu hüquqa yiyələnmişdi. İlk
1 ili tədqiqatçı
tələbə, növbəti
2 ili magistrant, son 3 ili isə doktorant
tələbə kimi təhsil almaqdayam. Ümumi 6 illik təqaüd proqramıdır. Yaponiyanın Azərbaycanda yerləşən
səfirliyinin məsləhəti
və dəstəyi ilə Yaponiyaya göndərilmişəm. İlkin mərhələdə sırf
Cənubi Kuril adalarına
keçmiş ada sakinlərinin və onların davamçılarının
mövqeyindən baxmaqla,
Yaponiyanın elm dünyasına
yeni bir baxış gətirmək
fikrində idim. Bir çox mənalarda buna nail oldum. Bilirsiz, bu
çox vacib məqamdır və təəssüflər olsun
ki, əksər tədqiqatçılar, elm adamları
bunu önəmsəmirlər.
1945-ci ildən və ondan sonrakı dövrdə İkinci Dünya müharibəsinin
nəticəsi olaraq Sovet İttifaqı Cənubi Kuril adalarını
əldə etdikdə,
bu adalarda yaşayan 17 mindən çox yapon, ölkənin əsas adalarına köç etmək məcburiyyətində
qalmışdı. Onların yarıdan
çoxu bu adalara ən yaxın şəhər olan Hokkaydo adasının
uzaq şərqində
yerləşən Nemuro
şəhərində məskunlaşıb.
Digər
hissəsi isə
Sapporo, Hakodate və başqa
şəhərlərdə məskən salıb.
Keçmiş ada sakinlərinin
orta yaş həddi 80-dir. 70 ildən artıq bir müddət keçsə
də adalar qayatarılmayıb. Bu səbəbdən Yaponiya hökumətinə qarşı
inamsızlıq, ümidsizlik
vardır. Keçmiş ada sakinləri bütün Cənubi Kuril
adalarının geri qaytarılmasını tələb
etsələr də, birlikdə olduqda, söhbətləşdikdə qeyd
edirlər ki, əslində, cəmi 2 ada qayıtsa da çox sevinərik.
Adaların qayıtması ilə
həm də dəniz ərazisi genişlənmiş olar ki, bu da
öz növbəsində
balıqçılığın inkişafına və miqyasına böyük təkan verər. Cənubi Kuril adaları ilə bağlı bir konkret məsələ
var ki, Yaponiya
hökuməti 1951-ci ilin
San-Fransisko müqaviləsində
açıq şəkildə
Kunaşir və İturup adalarından imtina edib, Şikotan
və Habomai arxipelaqının qaytarılması
isə sırf Yaponiya ilə münasibətlərin normallaşdırılması
baxımından, 1956-cı ildə Sovet İttifaqı tərəfindən
atılmış xoş
niyyətli bir addımdır. Lakin bu, hər iki dövlət arasında sülh müqaviləsi imzalanandan
sonra baş verə bilər. 50-ci illərin sonu,
60-cı illərdə isə
Yaponiya gücləndikcə,
Amerika ilə ittifaq qurduqca, sovetlərlə münasibətlərində
soyuqlaşma yaşandı.
Digər tərəfdən
Amerikanın o zamankı
dövlət katibi Con
Foster Dalles konkret olaraq Yaponiyaya hədə-qorxu gəldi ki, əgər iki adanın geri qaytarılması ilə razılaşıb,
Sovet İttifaqı ilə münasibətləri
normallaşdırsa və
sülh müqaviləsi
imzalasa, o zaman Okinava adalarını geri qaytarmayacaqlar. Seçim qarşısında
qaldıqda isə Yaponiya tərəfi təbii olaraq strateji baxımdan daha əhəmiyyətli olan Okinavanı üstün tutmaqla yanaşı, Sovet İttifaqına qarşı
bütün 4 adanın
geri qaytarılması
tələbini qoymaqla,
münasibətləri xoşagəlməz
məcraya sürükləmiş
oldu. Bunun nəticəsində Sovet İttifaqı, ümumiyyətlə, ərazi
probleminin mövcudluğunu
belə, qəbul etmədi. Ümumiyyətlə, keçmiş Sovet-Yaponiya,
müasir Rusiya-Yaponiya
münasibətlərini düşündükcə
hər zaman Amerika faktorunu nəzərə olmaq lazımdır. Bu olmadan, Yaponiyanın geosiyasi vəziyyəti, siyasi həyatı və ərazi problemi haqqında konkret fikir yürütmək
yanlış olardı.
-Yaponiya hökuməti Kuril adaları
mövzusunda hansı mövqedədir?
>-Yaponiya hökuməti
hər zaman qeyd edir ki,
Cənubi Kuril adaları
ilə bağlı siyasətində keçmiş
ada sakinlərinin mövqelərini əsas götürür və istənilən kompromis onlar tərəfindən mənfi qarşılanır. Mənim
araşdırmalarım isə
onu göstərdi ki, əksinə, keçmiş ada sakinləri Rusiya hökuməti ilə ola biləcək
hər hansısa bir kompromisə real və xoş yanaşırlar. Mənim araşdırmamda cəmi 39% bütün adaların geri qaytarılmasını dəstəkləmiş,
47% isə bunun əksinə çıxmışdır.
Yaponiya hökumətinin Cənubi
Kuril adaları siyasətini
dəstəkləyən cəmi
6%, dəstəkləməyən isə 74% olmuşdur.
Rusiya ilə siyasətini dəstəkləyən 14%, buna
qarşı çıxan
isən 65% olmuşdur.
Adaların qayıdacağı təqdirdə geri qayıtmaq istəyən yaponlar cəmi 49% təşkil etmişdir.
Eyni zamanda yerli rusiyalı
ada sakinləri ilə yaşamaq istəyənlərin faiz göstəricisi 78 olmuşdur.
Onlar qeyd edirlər ki, bu ərazilər
həm də yerli rusların vətənidir. Bu haqda Yaponiyanın məşhur “Yaponiyanın
Sərhəd Araşdırmaları”
adlı elmi jurnalında mənim elmi məqaləm çap edilib. Hazırda ingilis və yapon dilli bir
çox ədəbiyyatlarda
mənim elmi işimdən sitatlar gətirilməkdədir. Gördüyünüz kimi, keçmiş ada sakinləri hökumətə qarşı
kifayət qədər
sərt və tənqidi mövqedə dayanırlar. Tokioda oturanların
əksəriyyəti keçmiş
ada sakinlərinin həqiqi hislərini, yerli mühiti, demək olar ki, bilmir. Hətta yaponların böyük əksəriyyəti ərazi
probleminə maraq da göstərmir. Bu isə hökumət
üçün kifayət
qədər böyük
çətinliklər yaradır.
-Dağlıq
Qarabağ münaqişəsinin
Kuril adaları məsələsindən
fərqi nədir?
-Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı vəziyyət kifayət
qədər fərqlidir. Mən eyni
araşdırmanı bir qədər fərqli
formada, Azərbaycanda (Bakı və Bərdə
şəhərlərində) məcburi köçkünlər
və ziyalılar arasında da həyata keçirdim. Bununla
bağlı elmi işim
hələ çap edilmədiyindən dərinliklərə
vara bilməyəcəm. Amma onu
deyə bilərəm ki,
araşdırmalar nəticəsində Azərbaycan hökuməti
ilə məcburi köçkünlərin, ziyalıların fikir və mövqeləri bir
çox əsas məqamlarda
üst-üstə düşürdü. Bu isə Ermənistana qarşı aparılan
siyasətdə Azərbaycanın gücünə güc qatmış olur.
Ümumiyyətlə, siyasi elita ilə problemdən birbaşa
əziyyət çəkənlər arasında eyni fikrin olması
düşünürəm ki, müsbət
amildir. Araşdırmamın nəticələrinə
əsasən geri qayıtmaq istəyənlər
90%-dən çox olmuşdur.
Ermənistanın dərhal Azərbaycan torpaqlarından
çıxmasını tələb edənlər də bir o qədər olmuşdur. Mən, hətta bu
haqda Yaponiyada elmi konfranslarda
çıxış edəndə elm
adamları təəccüblənirlər ki,
necə olur ki, adi insanlar, ziyalılar, siyasi elita və məcburi
köçkünlərin mövqeyi bir çox əsas məqamlarda
üst-üstə düşür.
Fuad Hüseynzadə
Palitra.-2017.-15 mart.-S.11.