Boqota gerçəkləri: MHŞT oyununda
kim qalib, kim məğlub oldu?
Yaxud
Azərbaycan hökuməti həm Qubad İbadoğlu və
onun dəstəsini, həm də milli maraqlara qarşı
çıxış edən digər 5-ci kolon təmsilçilərini
necə məyus etdi?
Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxması oldu. Bunu şərtləndirən amillər, vətəndaş cəmiyyətinin müxtəlif qruplarının prosesdəki rolu və təbii ki, Azərbaycanın belə bir qərarı qəbul etməsinin səbəbləri barədə geniş diskussiyalar aparıldı. Martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən MHŞT Beynəlxalq İdarə Heyətinin 36-cı iclası ərəfəsində baş verənlər Azərbaycan siyasi palitrasında və vətəndaş cəmiyyəti institutları arasında dövlətçilik maraqlarına münasibətdə kimlərin hansı mövqedə dayandığını bir daha ortaya qoydu.
Satqınlar
dəstəsi yenə bir arada...
Martın 4-də yerli QHT-lərdən ibarət Mədən
Sənayesində Şəffaflığın
Artırılması (MSŞA) üzrə Koalisiyanın 171-ci
Şura iclası keçirildi. Şuranın MHŞT
üzrə Beynəlxalq Idarə Heyətinə müraciətində
Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və
ölkəmizin qurumdakı üzvlüyünün
dayandırılması ilə bağlı
çağırış yer aldı. Dərhal
da Şura üzvlərindən Qubad İbadoğlu (koordinator –
red.), Oktay Gülalıyev, Akif Qurbanov və digərləri bu
yöndə təbliğat kampaniyasına start verdilər.
Onlar, xüsusən MHŞT üzrə Beynəlxalq
Idarə Heyətinin üzvü olan Q. İbadoğlu bu işdə
yüksək canfəşanlıq nümayiş etdirdi. Paralel olaraq Azərbaycandakı "beşinci
kolon" təmsilçilərinin prosesə qoşulması
"qara piar" kampaniyasını daha da genişləndirdi.
Xədicə İsmayıl, qondarma "Milli şura"
üzvləri, həmçinin Leyla Yunus və digərləri
MHŞT-nin Azərbaycana qarşı qəbul edəcəyi hər
hansı qərarın məsuliyyətini hakimiyyətin
ayağına yazmaq üçün "qollarını
çirmələyib" işə girişdilər.
Bir neçə gün sonra isə Beynəlxalq Idarə
Heyətinə ünvanlanan daha bir sənəd - MSŞA
üzrə QHT Koalisiyasının 94 üzvünün
müraciəti yayıldı. Vətəndaş cəmiyyəti
institutları rəhbərlərinin imzaladıqları bu
müraciətdə MHŞT-nin 15 aprel 2015-ci il tarixli
iclasında Azərbaycan üçün təsdiq edilmiş Tədbirlər
Planı və Astana toplantısında irəli
sürmüş təkliflərin icra olunmasından sonra vəziyyətin
müsbətə doğru dəyişdiyi, hökumət tərəfindən
bir sıra əhəmiyyətli addımlar
atıldığı və Azərbaycanın MHŞT-də fəaliyyətini
davam etdirməsinin yerli vətəndaş cəmiyyəti
üçün çox mühüm bir məsələ
olduğu qeyd edilirdi. Əslində, elə bu müraciətin
gündəmə gəlməsindən sonra ümumi proses ətrafında
baş verənlərin alt qatında yatan səbəblər
daha aydın üzə çıxmağa başladı. Artıq hər kəs öz tərəfini bəlli
etməkdən və nə məqsədlə bu işə qol
qoyduğunu göstərməkdən çəkinmədi.
Beləliklə də, prosesin ikinci mərhələsi
start götürdü.
"Koalisiya
Şurasının "facebook" qoçuları olmazın
tərbiyəsizlik nümayiş etdirdilər"
Bu mərhələdə sosial şəbəkələrdə
qarşılıqlı ittihamların irəli sürülməsi
ilə müşahidə olunan söz dueli diqqət çəkdi. "Qadınların Siyasi Mədəniyyət
Mərkəzi" İctimai Birliyinin rəhbəri Mehriban Vəzir
Qubad İbadoğlunun başçılıq etdiyi qrupun 94 nəfərə
qarşı çirkin kampaniya aparması barədə
bunları yazdı: "Koalisiya Şurasının "facebook"
qoçuları olmazın tərbiyəsizlik nümayiş
etdirdilər. Vəziyyəti təhrif edib 94 nəfəri
hər cür ifadələrlə təhqir etdilər. Bu, bir daha isbat etdi ki, Koalisiyanın Şurası
siyasi çevrələrin əlindədir və onlar öz məlum
təcrübələri ilə, məlum əmrləri ilə,
aşırı gücləri ilə rəqiblərinə
qarşı kütləvi linçetmə tətbiq etməyə
belə qadirdirlər" (şəkil 1).
İndi isə Mehriban Vəzirin "linç
kampaniyası" adlandırdığı prosesin
detallarına diqqət yetirək.
Əvvəlcə
Xədicə İsmayıl sükutu pozdu və
özünün facebook səhifəsində
yazdığı "status"da müraciətə imza
atanları hədəfə aldı: "Belə baxıram,
orda olan QHT-lərin bir qismi yaxşı imkan tapıblar. Aradabir bayrağın yönünü dəyişməklə
hökumətlə bazarlığa girirlər. Biri qeydiyyat problemini həll edir, biri QHT
Şurasından qrantlarını, o biri başqa problemini.
Hələ masaların altında baş verənlərdən
xəbərimiz yoxdur. .. Məsələ təkcə
onda deyil ki, bu adamlar yalançıdırlar - imzalarını
yalan məlumatın altına qoyublar. Məsələ
həm də ondadır ki, onların yalanı ziyansız
deyil".
Xədicə növbəti şərhlərində isə
konkret olaraq Neftçilərin Hüquqlarının Müdafiə
Komitəsinin sədri Mirvari Qəhrəmanlının
artıq müstəqil olmadığını, müxalifətçilikdən
imtina edərək mövqeyini dəyişdiyini yazıb (şəkil
2).
Oktay Gülalıyev də qarşı tərəfi
günahlandırmaq üçün fursəti əldən
verməyib.
O, facebook səhifəsində etdiyi paylaşımda sənədə
imza atan 94 nəfəri satılmaqda ittiham edib.
Koalisiyanın
Şura üzvü Akif Qurbanovun hədəfində də eyni
insanlardır: "Sağ olsun QHT-lərə Dövlət Dəstəyi
Şurasını, bizi çox gözlətmədi, qrant
müsabiqəsinin "qaliblərini" elan edib. Yəqin tələsiblər
ki, müraciəti imzalayanların mürəkkəbi
qurumasın... Telefon zəngində Koalisiya
üzvlərinə müraciəti imzalamağın
müqabilində nəyin "vəd" olunduğu çox
açıq ortadadır. Görünən
odur ki, bu dəfə qrant məbləğlərini
aşağı salıblar ki, daha geniş çevrənin
loyallığı təmin olunsun (şəkil 3).
Həmçinin
Natiq Cavadli, Rəsul Cəfərov, Emin Hüseynov, Nürəddin
Məmmədli, Eldəniz Quliyev və digərləri də
"linç kampaniyası"nda üzərlərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlməyə çalışıblar.
"Hesabatlılığım
təşkilat qarşısındadır, sizin yox"
Təqdim
olunan paylaşımlardan da göründüyü kimi, Azərbaycanın
MHŞT-də fəaliyyətinin dayandırılması istiqamətində
səfərbər olunmuş qrup, - bura həm
Q.İbadoğlunun başçılıq etdiyi "QHT təmsilçiləri",
həm də Əli Kərimlinin rəhbərlik etdiyi siyasi
qanad daxildir, - müraciətə imza atan 94 nəfərin
"satqın" olması yönündə ictimai rəy
formalaşdırmağı hədəfləyib. Lakin onların bu arzusuna çatdığını
söyləmək doğru olmazdı. Çünki
vətəndaş cəmiyyəti təmsilçiləri
"beşinci kolon" nümayəndələrinin bu
paylaşımları altında yazdıqları şərhlərdə
həm maraqlı nüanslara aydınlıq gətiriblər, həm
də qarşı tərəfin cavabını eyni ritorika ilə
verməyə çalışıblar. Bu
isə müzakirələrdə həqiqətin üzə
çıxmasında müəyyən rol oynayır.
Mirvari Qəhrəmanlı
paylaşımında Xədicə İsmayılı hədəf
alıb: "Sosial şəbəkələrdə sahədən
anlamı olmayan bir qrup (başda "el anası" olmaqla)
EİTİ beynəlxalq idarə heyətinə edilən
müraciətə qol çəkənləri, o cümlədən
məni ittiham edir. Hərənin bir
marağı var. Kiminsə siyasi, maddi, qrup maraqları və
s.və i.var. Mən hansısa sənədə
qol çəkəndə təşkilatla məsləhətləşirəm.
Hesabatlılığım da təşkilat
qarşısındadır, Sizin yox" (şəkil 4).
QHT təmsilçisi
İlqar Qasımovun Oktay Gülalıyevin səhifəsində
yazdığı şərh də maraqlı məqamları
ilə diqqəti cəlb edir: "Belə anlaşılır
ki, 94 QHT müstəqil deyil, Sizin müraciəti imzalayanlar
müstəqildirlər? Qəribə məntiqdir.
Ona qalsa, Kür daşqınları ilə əlaqədar
Siz də şuradan maliyyə almışdınız. Bu kriteriyalar düzgün deyil".
"Qubad
İbadoğlunun dəstəsində yer alanlar satılmaqla
bağlı böyük təcrübəyə malikdirlər"
Anar Kərimov
adlı sosial şəbəkə istifadəçisinin
yazdığı şərhdə qarşı tərəfin
arqumentlərinin çürük olması ilə
bağlı iddia var: "Belə çıxır ki, bu hakimiyyətin
tərəfini tutmaq, onun əleyhinə olmamaq
satqınlıqdır? Kim verib bu ixtiyarı sizlərə
ki, insanlara belə ləkələr vurasınız?"
Humanitar
Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz
Həsənov belə yazıb: "Azərbaycan QHT-ləri
arasında ən çox korrupsiya və mənimsəmədə
ittiham olunan, fəaliyyəti hər zaman şübhə
doğuran bu "QHT" təmsilçiləri (Leyla Yunus və
s.nəzərdə tutulur-red.) EİTİ
İdarə Heyətinə müraciətə imza atan öz
kolleqaları haqqında görün nə deyir. Dedikləri ilə işim yoxdur, tənqid etmək hər
kəsin haqqıdır. Amma əvvəl bir özünə
bax, gör sən kimsən, sonra başqalarına vicdansız
de..." (şəkil 5).
Çexiyada
yaşayan azərbaycanlı Mətanət Əzizova isə
özünün "facebook" səhifəsindəki
paylaşımında "saxta profillər"dən
özünün və ailə üzvlərinin ünvanına
təhqirlərlə dolu mesajlar yazıldığını,
"troll" dəstəsinin virtual hücumuna məruz
qaldığını bildirib. Başqa bir
paylaşımında isə o, Xədicə
İsmayılın 94 nəfər haqqında
"satılmışlar" fikrinə belə cavab verib:
"Xədicə İsmayılın sağa-sola «hökumətyonlü»
QHT damğası vurmasından sadəcə heyrətə gəlirəm.
Bu kəs insan hüquqları hərəkatına heç bir
aidiyyəti olmadan, hətta hüquq müdafiə haqda
heç bir anlayışı olmadan durub Azərbaycanda kimin
hökumətyönlu olub-olmamasını müəyyən
edir...Bilirsiz, ən böyük “ləzzət” ondadır ki,
adamlar da ona təzim edirlər. Bu, heç də
ona olan hörmətdən irəli gəlmir, əksinə,
qorxudandır. Onun «qara siyahısı»na
düşmək, işsiz qalmaq deməkdir. Yəni
pulsuz-parasız. Bu heç də mənim
təxəyyülüm deyil, bunu onlar özləri söyləyirlər.
Hətta ömürlərinin bir çox illərini
KİV və QHT-yə həsr etmiş insanlar belə ondan
çəkinirlər. Qorxurlar ona görə
ki, vətəndaş cəmiyyəti camiyəsində «qara
siyahıya» düşmək istəmirlər" (şəkil
6).
Yeri gəlmişkən, xatırlatmaq yerinə
düşər ki, M.Əzizova Xədicə
İsmayılın jurnalist həmkarlarına və QHT
sektorunda çalışanlara təzyiq etməsi ilə
bağlı fikir söyləyən ilk şəxs deyil. Bu günə
qədər müxtəlif insanlar, o cümlədən,
keçmiş sevgilisi Tural Mustafayev də Xədicənin onu
işdən çıxartdırdığını, daha
sonra isə digər vasitələrlə təzyiqlər
etdiyni bildirmişdi.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu cəbhədə
yer alanların da qarşı tərəfin ünvanına
söylədikləri fikirlərin ana xəttini
"satqınlıq" mövzusu təşkil edir. Səhifələrdə
Qubad İbadoğlunun dəstəsində yer alanların, habelə
X. İsmayıl, L. Yunus və digərlərinin satılmaqla
bağlı böyük təcrübəyə malik
olduqları, bu işləri həmişə "yüksək
ustalıqla" həyata keçirdikləri, ona görə də
bu gün başqalarının ünvanına belə
ittihamları asanlıqla səsləndirdikləri haqda
çoxlu sayda fikirlərə rast gəlinir.
Qubad
İbadoğlu və dəstəsinin “bazarlıq” imkanı
tükəndi
Martın 9-na qədər məhz bu motivlər əsasında
davam edən "facebook" savaşı MHŞT-nin beynəlxalq
İdarə Heyətinin ölkəmizlə bağlı qərarından
sonra yeni fazaya qədəm qoydu. İdarə Heyətinin
ölkəmizin fəaliyyətinin dayandırılması ilə
bağlı ədalətsiz qərarından dərhal sonra Azərbaycan
hökuməti MHŞT-dan çıxdığını bəyan
etdi. Dövlət Neft Fondunun İcraçı direktoru,
MHŞT üzrə Hökumət Komissiyasının və
Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov
bununla bağlı bəyanatında deyib ki, 2003-cü ildə
Azərbaycan hökuməti maliyyə şəffaflığı
və hesabatlılığı ilə bağlı təşəbbüsə
qoşulub və hər zaman yaxşı idarəetmə,
hasilat sahəsində şəffaflıq və
hesabatlılıq prinsiplərinə yüksək səviyyədə
əməl edib: "Mən çox böyük təəssüf
hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə
tərk etdiyini bəyan edirəm. Dərhal
qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq
Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq
edən ölkələr siyahısından
çıxarmağı xahiş edirəm".
Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etməsinin ardınca Qubad İbadoğlunun koordinatorluğu ilə fəaliyyət göstərən MSŞA üzrə QHT Koalisiyasının bir qrup üzvü, gözlənildiyi kimi, hakimiyyətə qarşı "qara piar" kampaniyasına start verdi. Koalisiya üzvləri və onların media yandaşları, həmçinin siyasi uzantıları yaranmış situasiyanın məsuliyyətini Azərbaycan hökumətinin üzərinə qoymaq üçün yalan danışmağa, absurd fikirlər irəli sürməyə başladılar.
Aynur Babayeva adlı "facebook" istifadəçisi Oktay Gülalıyevin səhifəsində yazdığı şərhdə vurğulayıb ki, Azərbaycanın MHŞT-dən çıxmasından ən çox üzülənlər Oktay Gülalıyev, Qubad İbadoğlu və digər dəllallar olub: "Siz MHŞT sayəsində hökumətlə yaxşı bazarlıq edib güzəştlər alırdınız. Məsələn: QHT-niz qeydiyyatdan keçdi, oğlunuzun problemi həll olundu, xaricə çıxış maneəsi aradan qalxdı. Hökumət MHŞT-dən çıxmaq barədə qərar qəbul edəndən sonra, yəqin ki, bir daha nə Sizinlə, nə Qubad İbadoğlu ilə, nə də ətrafınızdakı şantaj ustaları ilə sövdələşməyə getməyəcək".
Bəli, tamamilə haqlı mövqedir. Bu günə qədər MHŞT məsələsini
faktiki olaraq sövdələşmə predmetinə çevirən,
bu məsələdə gah Azərbaycan hökuməti, gah da
MHŞT üzrə Beynəlxalq İdarə Heyəti ilə
bazarlıq edib müəyyən dividendlər əldə edən
Qubad İbadoğlu, Oktay Gülalıyev, Akif Qurbanov və
başqaları artıq o kartı itirdilər. Xaricdəki bəlli
mərkəzlərin dəstəyi və ətrafına
topladığı azsaylı uğursuz siyasətçilərin
iştirakı ilə MHŞT məsələsində ictimai rəyi
manipulyasiya etməyə çalışan Q.İbadoğlu
niyyətinə nail ola bilmədi. Azərbaycan hökuməti həlledici
məqamda etdiyi gedişlə həm Q.İbadoğlu və
onun arxasındakı qrupu, həm də bu prosesdə milli
maraqlara qarşı çıxan yerli satqınlar
komandasını məyus etdi... Necə deyərlər,
"Şah və mat!"
Aqşin
ŞAHINOĞLU
Palitra.-2017.-17 mart.-S.7.