Jurnalistlərin
mükafatlandırılması mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Ümumilikdə 15 istiqamət üzrə 90 nəfər jurnalist qalib olub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəni yüksək qiymətləndirib. Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan jurnalistikası fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin və tarixinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan təsirli vasitədir: “Bu gün Azərbaycan jurnalistikasının bu missiyası daha əhəmiyyətlidir. Çünki Azərbaycan jurnalistikası bu gün daha güclüdür, onun fəaliyyəti daha genişdir. Bunun bir çox səbəbləri var. Bunun, ilk növbədə səbəbi odur ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları geniş fəaliyyət göstərir. Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir”.
Millət vəkili Fəttah Heydərov Novruz bayramı münasibəti ilə qalib jurnalistləri təbrik edib, onlara uğurlar arzu edib: “Söz, mətbuat işi zəhmətli, şərəfli işdir. Şərəfli işdir ona görə ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir”.
Tədbirdə qalib jurnalistlərə hədiyyələr təqdim edilib. Mərasim viktorina və bədii hissə ilə davam edib.
Nigar
Palitra.-2017.-17 mart.-S.5.