Novruza bir gün qalirdi

 

 (hekayə)

 

Novruza bir gün qalırdı. Şəhərin bütün küçələri tərtəmiz idi. Onda ikinci növbədə oxuyurduq. Mən filologiya fakültəsinə çatanda bizim qrupun uşaqlarının pıçhapıçları ara vermirdi. Xüsusilə qızlar künc-bucağa qısılıb xısın-xısın danışırdılar. Əhvalatdan elə o dəqiqə mən də xəbər tutdum. Şəlalə Oruc Arazçaylının Novruz bayramı ilə əlaqədar ona aldığı hədiyyəni qəbul etməmişdi. Ən pisi bu idi ki, belə bir hadisə ikinci dəfə təkrar olunurdu. Şəlalə əvvəlki illərdən fərqli olaraq, 8 Mart ərəfəsində də bu cür hərəkət etmiş, heç kəsin gözləmədiyi halda, əməlli-başlı qanqaralıq salmışdı. Onda da, indi də hamı Şəlaləni qınayırdı. Bu barədə danışan hər kəs: “Sənə hörmət qoyublar, hədiyyə alıblar, adamı xəcalət etməzlər axı!”-deyə gileylənirdi. Şəlalə isə elə bil heç nə olmayıb kimi sus-pus dayanmışdı, bir kəlmə belə danışmırdı.

Oruc Arazçaylı ilə Şəlalənin məsələsi uzun söhbətdir. Mənə elə gəlirdi ki, onların bir-birlərini istəyib-istəməmələri özlərindən başqa heç kəsə bəlli deyildi. Amma ötən il Şəlalənin Oruc Arazçaylı üçün ovuc-ovuc “moskovski” konfetlər daşıdığının şahidiyəm. Hətta bir dəfə o konfetlərdən mənə də pay düşmüşdü. Oruc isə bu konfetləri adi bir nəzakət qaydası kimi yox, ona olan sevgi kimi başa düşürdü. Qəribədir, bu hay-hayda içimdən bir gizilti keçdi, dodaqlarıma gizli bir təbəssüm qondu və tələbə yoldaşımız Musa Ələkbərlinin yazdığı məşhur məhəbbət dastanından bir bəndi xatırladım: Uca zirvə göy üzündən nəm çəkər,

Pürrəngi çay yana-yana dəm çəkər

Bu hicrandan fakültəmiz qəm çəkər,

Kül eyləyər darülfunu bu nalə,

Şəlalə!

Bu bəndi ürəymdə deyib qurtarmışdım ki, qrupumuzun dilli-dilavər qızı Arzu mənə yaxınlaşdı, salamsız-kəlamsız danışmağa başladı:

–Hardasan, ay pir olmuş! Gəlib bir dəsgaha baxaydın! Dünyanın ən böyük ləzzətindən məhrum oldun. Xəbərin yoxdu, Şəlalə yenə Oruca “vız” dedi. Görmürsən, Orucun rəngi qapqara qaralıb, bıçaq vursan, qanı çıxmaz.

Arzu qəfildən heç gözləmədiyim halda, Musa Ələkbərlinin indicə xatırladığım şeirindən bir-iki misranı həvəslə, özü də bir az ucadan söylədi. Arzunun səsini eşidən yaxınlıqdakı tələbələr də ona qoşuldular. Həmin şeirdən hərə yadında qalan bir-iki misranı şövqlə deməyə başlamışdı ki, zəng vuruldu. Zəngin səsini eşidən Arzu tələm-tələsik çantasını açıb bir bloknot çıxartdı: “Bütün oğlanları təbrik etmişəm, bircə sən qalıbsan, al, bu da sənin bayram payın olsun!”–deyib bloknotu mənə uzatdı. Sonra da: “Mən Oruc-moruc, Şəlalə-məlalə deyiləm ha, götürməzsən, başına çırparam!”–dedi.

Cildinə üzlük cəkilmiş bloknotu aldım, üz qabığındakı medalyonun içərisində belinə qırmızı lent bağlanmış səməni şəkli vardı. Səməniyə baxdıqca xəyalımda ərimiş qarın altından boy verib qalxan taxıl zəmiləri canlanırdı. Arzunun isə gözləri məndə idi, yəqin nəsə deyəcəyimi gözləyirdi. Mən heç nə demədim və biz sakitcə auditoriyaya doğru irəlilədik. Auditoriyanın qapısından içəriyə keçəndə Arzu dilləndi:

– Saat 4-də yuxarı binada - Akademiya metrosunun yanı nəzərdə tutulur- Novruz bayramı ilə bağlı tədbir keçriləcək, istəsən, birinci dərsdən çıxıb ora gedərik!

Mən başımla razılığımı bildirdim...

Biz dörd nəfər –Arzu, Çiçək, mən və nə qədər qəribə olsa da, Şəlalə birinci dərsdən sonra Universitetin yuxarı binasına gəldik. Qapının ağzında bəlli oldu ki, heç kəsi içəriyə buraxmırlar. Baksovetin yanında yerləşən filologiya, şərqşünaslıq və jurnalistika fakültələrindən gələn tələbələri isə heç yaxına qoymurdular. Amma bizim bəxtimiz gətirdi. Orada növbətçilik edənlərdən biri Çiçəyin əmisioğlu çıxdı. O, bizi sakitcə içəri keçirdi və dedi ki, tədbir kimya fakültəsindəki böyük auditoriyada olacaq.

Bu auditoriya mənə tanış idi və Universitetin giriş qapısından xeyli içəridə - ikinci mərtəbədə yerləşirdi. Orada qəbul imtahanları zamanı fransız dilindən imtahan vermişdim və həmin vaxt məndən əvvəlki qızların imtahan verməsini həmişə ürəkağrısı ilə xatırlayıram. Adını bilmədiym birinci qız suallara yaxşı cavab verməmişdi, amma ona üç yazmaq olardı. Qız da ciddi cəhdlə üç almaq istəyirdi. Əslində müəllimə də tərəddüd içərisində idi. İmtahan verən qızın cəhdi müəllimədə xüsusi maraq yaratdı və müəllimə soruşdu:

–Axı, bu üçü neynirsən, onsuz da qəbul üçün sənin balın çatmayacaq!

Qız ağlamsınaraq: “Müəllimə, mən rayona gedən kimi hamı soruşacaq ki, kəsilmisən, yoxsa konkursa düşmüsən?” - cavabını verdi. (O zaman qəbul komissiyasının məsul katibi olan Şirməmməd Hüseynov “konkursa düşmək” ifadəsini eşidən kimi deyirdi ki, konkurs məgər boçkadır ki, oraya düşəsən?)

Müəllimə təəccüblə: “Ay qızım, bunun nə mənası var, müsabiqədən keçmədin, yaxud kəsildin?”,- soruşdu.

Qız yazıq-yazıq dilləndi:

–Müəllimə, bizim kəndimizdə kəsilənləri lağa qoyurlar. Bütün imtahanlardan qiymət alıb qəbul olmayanların isə az-maz hörməti olur.

Müəllimə fürsət gözləyirmiş kimi “qoy səni lağa qoysunlar, eybi yox, yaxşı hazırlaşıb gələn il təzədən gələrsən”,–deyib o qıza iki yazdı. Ağlaya-ağlaya auditoriyanı tərk edən qızın hıçqırıqları indi də qulaqlarımdadır.

İkinci qız Yevlaxdan gəlib imtahan verən Samirə idi. Samirənin adı ona görə yadımda qalıb ki, ilk gündən mənimlə bir qrupda imtahan verirdi. Hətta yazılı imtahanda ona köməkliyim də dəymişdi. (Dərs dediyim tələbələrə tapşırmışam ki, əgər Samirəni, yaxud onun uşaqlarını tanıyan olsa, mənə xəbər versinlər. Hələ də bir xəbər yoxdur. Kaş bu yazını o, özü oxuyaydı.)

Samirənin vəziyyəti birinci qızdan acınacaqlı oldu. Belə ki, Samirə tam cavab verməsə də, ona üç yazmaq olardı, o da üç istəyirdi. Qızlara üç vermək məsələsini belə qabartmağımın səbəbi budur ki, orta məktəbdə bizə fransız dilindən dərs deyən Əli müəllim şagirdlərə dörd, beş qiymətlərini çətinliklə versə də, bir az bilənə üç yazardı.

Xülasə, fransız dili müəlliməsi: “Sən niyə üç almaq istəyirsən? Üç alsan da, sənin qəbul olmağa balın çatmır”,–deyib diqqətlə onun üzünə baxdı. O da gözlərinin yaşını axıdaraq üç almağın minnətini yaşayırdı. Samirə: “Yaxşısı budur, heç danışmayım, qoy müəllimə özü qərar versin!”–düşüncəsinin altında əzilirdi. Fransız dili müəlliməsi bir az da qəzəblə soruşdu:

–Üç sənin nəyinə lazımdır? Deməsən, iki yazacağam!

Samirə müəllimənin sözlərində bir işlq görüb dilləndi:

–Müəllimə, mən ikinci ildir ki, qəbula gəlirəm. Keçən il kəsiləndən sonra gedib kolxozda işləmişəm. Bir illik əmək stajım olduğu üçün mənə bir üç lazımdır, qəbul olacağam.

Müəllimə yanındakı assistentindən soruşdu:

–Uşaq doğru deyir? Elə qayda var?

Assistent başı ilə qızın fikrini təsdiqlədi. Müəllimə üzünü ayaq üstə dayanan Samirəyə tərəf tutdu və astaca dedi:

–Demək, üç alsan, qəbul olacaqsan?

Müəllimənin əvvəlki sözlərindən aldığı işığı hələ də ürəyində yaşadan Samirə bir az da cəsarətlə: “Bəli, müəllimə”,-cavab verdi.

Müəllimə hirslə dilləndi:

–Demək, bizə kələk gəlirmişsən. Iki alırsan, gedə bilərsən!

Müəllimənin qəfil dediyi bu sözlər Samirənin bir az bundan qabaq içində qoruyub saxladığı işığı qapqara zülmətə çevirdi.

Novruz bayramı ilə bağlı tədbirin keçirildiyi auditoriyaya tərəf gedə-gedə bunları fikirləşirdim ki, Arzu məni düşüncələrdən ayırdı:

–Çatmışıq, tədbir burada olmalıdır!

Qapını astaca açdım. İşıqlar söndürülmüşdü, amfiteatr formasında olan auditoriya yarıqaranlıq idi. Ayaqlarımızın ucunda içəriyə daxil olduq. Hər tərəfə şamlar və səmənilər düzülmüşdü. Şamların işığı səmənilərdə bərq vurib qəribə rəng çaları yaradırdı. Sol tərəfə burulub divarın dibi ilə üzü yuxarı qalxmağa başladıq. Partalarda oturmuş qızların çoxu yataqxanada qalan Arzu ilə Çiçəyi tanıdıqlarına görə onlara və Şəlaləyə oturmaq üçün yer tapıldı. Mən isə divarın dibində ayaqüstə qaldım. Bir az keçmişdi ki, yuxarıdan bir qız divarın dibi ilə mənə yaxınlaşdı, əlimdən tutub dartdı və dedi:

–Gəl, mənim yanımda yer var!

Bu, Şamama idi. Onun bu yarıqaranlıq otaqda məni tanımasına təəccüb elədim. Sözəbaxan uşaqlar kimi Şamamanın yanına düşüb üzü yuxarı qalxmağa başladım. Partaların birində biz yanaşı oturduq. Sonra Şamama mənə işarə elədi ki, plaşımı çıxarım. Hamı plaşını çıxarıb partaların üzərinə qoymuşdu. Mənim qarşımdakı plaş Şamamanın idi. Höcətullanın evində kirayənişin qaldığımz vaxtlarda Şamama həmin qara rəngli və üstündə nöqtələri olan plaşı geyinirdi. Mən ayağa qalxmadan Şamamanın köməyi ilə plaşımı soyundum. Şamama onu qatlayıb öz plaşının üstünə qoydu.

Tribunada bəstəboy kimyaçı alim danışırdı:

–Bizim xalçaların naxışları atomun quruluşunu xatırladır...

Bu sözlər məni xəyalən Bəxtiyar Vahabzadənin mühazirələrinə apardı. O, deyirdi ki, biz torpağın altından yeni bir şey tapanda o dəqiqə deyirik ki, bura bizim eradan əvvəl neçənci minillikdəsə tövlə olub, başqaları isə həmin tapıntını kosmodrom adlandırırlar.

Elə bu vaxt auditoriyanın qapısı açıldı. Dörd-beş nəfər içəri daxil oldu. Onlardan biri qəzəblə: “İşıqları yandırın!”–dedi. İşıqlar yandı. Həmin adam üzünü auditoriyaya tərəf tutub qışqırdı:

–Bu, nə dəsgahdır? Kim sizə icazə verib? Kimdən icazə almısınız?

Şamama səsi titrəyə-titrəyə yavaşca: “Partkomun müavinidir”,–dedi.

Həmin adam səhnənin ortasında qoyulmuş iri səməniyə yaxınlaşdı, bir göz qırpımında onu təpiklə vurub dağıtdı. Yenə qışqırdı:

–Bizim universitetdə icazəsiz heç kim heç bir tədbir keçirə bilməz!

Şamama əlləri ilə üzünü ötrüb hıçqırmağa başladı. Niyə ağladığını soruşdum. O da cavab verdi ki, həmin səmənini mən gətirmişəm, on-on beş günə onu əzizləyə-əzizləyə böyütmüşdüm.

Bir azdan auditoriya boşaldı. Əllərində səməni və şam tutmuş tələbələr qızlar yataqxanasına tərəf hərəkət edirdilər. Kimyaçı müəllim də tələbələrlə bir addımlayırdı. Biz – Arzu, Şəlalə, Çiçək, Şamama və mən onlara qoşulduq. Heç kəs bikef deyildi, heç nə olmayıb kimi hamı deyib gülürdü. Birdən Şəlaləyə elə bil ilham gəldi. Özü də ləzzət ala-ala Musa Ələkbərlinin şeirindən bir bənd dedi:

Musa, sözü mətləbinə doğru de,

Aşiq yardan yana baxsa oğru de.

Sən vicdanın açıq danış, doğru de,

Söylə Oruc çatacaqmı vüsalə,

Şəlalə!

Heyrətlə Şəlalənin üzünə baxırdıq, nə deyəcəyimizi bilmirdik. Yaxşı ki, yataqxanaların aşağısındakı trolleybus dayanacağına çatdıq, Şamamanı troleybusla evlərinə yola saldıq.

Novruz şənliyi qızlar yataqxanasında xeyli çəkdi. Heç kəsin gözləmədiyi halda Xəlil Rsa da oraya gəlib çıxdı. Əsl şənlik oldu. Şənlik qurtarandan sonra mən Şamama ilə yataqxananın vestibülündə - bura tələbə oğlanlarla qızların görüş yeri idi - bir tərəfə çəkildik. Şamama hələ də səməninin dağılmasını yadından çıxara bilmirdi. Ona təsəlli vermək mənasızdı. Deyirdi ki, elə bil bu səməni mənim bəxtim idi, bəxtimi vurub dağıtdılar.

Artıq vaxt çatmışdı, gecə saat 12-yə bir neçə dəqiqə qalırdı. Saat 12-dən sonra bir oğlan belə qızlar yataqxanasındakı vestibüldə qala bilməzdi. Yataqxananın gözətçisi Sura xala vestibüldəki adbaad tanıdığı oğlanlara yataqxanadan çıxmaq xəbərdarlığını elədi. Şamama buna bənd imiş kimi: “Sabah tezdən rayona gedəcəyəm”,- dedi. Mənsə: “Bayramın mübarək!”–sözlərini yavaşca pıçıldayıb azca gülümsündüm. O isə: “Mənə heç bir sözün yoxdur?”–deyə dilləndi.

Çiyinlərimi çəkib nə deyəcəyimi bilmədim. Vestibüldə bizdən başqa heç kəs qalmamışdı. Sura xala da çox böyük intizarla mənim yataqxanadan çıxmağımı gözləyirdi. Şamama məndən iki addım uzaqlaşıb geriyə döndü:”Rayonda məni nişanlayacaqlar!”–dedi və sürətlə uzaqlaşdı.

Sura xala məni zorla yataqxanadan çıxaranda Şamamanın son sözləri beynimdə ildırım kimi təlatüm yaradırdı və qəlbimdən təsəlli kimi bir aprel aldatma günü gəlib keçirdi. Amma aldatma gününə hələ çox vardı, bayırda yazın nəfəsi duyulurdu, Novruz bayramının qədəmləri hiss edilirdi.

 

Kamran İMRANOĞLU (Əliyev)

Palitra.-2017.-18 mart.-S.15.