Ermənistanın
işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
“Ermənistan, Azərbaycandan qəsb
etdiyi mədəni sərvətlərin satışından əldə
etdiyi vəsaitləri də qanunsuz yollarla silahlanmaya və
terrorizmi dəstəkləməyə yönəldir”
Bu gün Ermənistanın apardığı işğalçılıq siyasəti, terrorizmi dəstəkləməsi və Azərbaycan mədəni sərvətlərini talaması beynəlxalq tribunalarda da pislənilir. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin qurumun Paris qərargahında keçirilən növbəti toplantısı bir sıra mühüm məsələlərin ətraflı müzakirəsi ilə yadda qalıb. Komitə iclasında texnologiyaların inkişafı və insan hüquqları, Avropada milli azlıqların dillərinin qorunması və inkişaf etdirilməsi, demokratik seçkilərdə mətbuatın rolu kimi mövzular ətrafında aparılan fikir mübadilələrində qonaqlar və ekspertlər də iştirak ediblər.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq ölkəmiz üçün maraq kəsb edən məsələlərə münasibətini bildirib.
“AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsi ilə Avropa Şurasının Şimal-Cənub Mərkəzi arasında əməkdaşlıq” mövzusunda çıxış edən Şimal-Cənub Mərkəzinin icraçı direktoru səfir Antonio Qamito Assambleyaya təqdim edilmiş bir sıra məruzələrin bu əməkdaşlığın səmərəli nəticələrindən biri olduğunu qeyd edib. O, komitə üzvü Rafael Hüseynovun hazırladığı və 2016-cı ildə Parlament Assambleyasında qətnamə layihəsi kimi qəbul edilmiş “Avropada etiqad və dini təcrübələr azadlığı” adlı məruzənin əhəmiyyətini xüsusi vurğulayaraq, belə balanslaşdırılmış, obyektiv mövqenin əks olunduğu hesabatların Avropada tolerant mənəvi mühitin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Assambleyanın yaz sessiyasından əvvəl keçirilən komitə iclasının başlıca mövzusu avstriyalı deputatın təqdim etdiyi “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni ticarəti” adlı məruzə olub.
Fransadan UNESCO-nun mədəni irs və muzey bölməsinin proqram mütəxəssisi Edvard Planşe, Beynəlxalq Muzeylər Şurasının Proqram və Əməkdaşlıq üzrə direktoru xanım Frans Demarye, Böyük Britaniyadan mədəni irs üzrə ekspert Con Bold müzakirələrə qatılaraq, komitə üzvlərinə bəhs edilən mövzu ilə bağlı maraqlı faktları və təfərrüatları çatdırıblar. Müzakirələrə qoşulan deputat Rafael Hüseynov məruzədə, hətta Avropa Şurasına daxil olmayan bir sıra dünya ölkələrində, o cümlədən İraqda, Suriyada, Əfqanıstanda hərbi münaqişələr zamanı mədəni irs nümunələrinin dağıdılması, qəsb edilməsi ilə bağlı məqamların yer almasını müsbət qiymətləndirərək, məruzədə Azərbaycanın mədəni sərvətlərinə erməni təcavüzü ilə bağlı söz açılmamasına iradını bildirib və bunu aradan qaldırmağı tövsiyə edib.
“Bu mövzu ölkəmdən ötrü və mənim üçün son dərəcə həssas səciyyə daşıyır. Mən ömrüm boyu mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də ölkəmdəki ən böyük muzeylərdən birinə rəhbərlik edirəm. Dərin təəssüf hissi ilə diqqətinizə çatdırıram ki, artıq 25 ildir Azərbaycandakı 200-dən artıq muzeydən 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İşğalçı dövlət Azərbaycanın mədəni sərvətlərinin böyük hissəsini dağıdıb, bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub. Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və digər işğal altındakı rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir parçasına çevrilib. İşğal altında saxladığı nəzarətdən kənar ərazilərdə narkotiklərin becərilməsi və tranzitindən qazandığı çirkli pullarla yanaşı, Ermənistan Azərbaycandan qəsb etdiyi mədəni sərvətlərin satışından əldə etdiyi vəsaitləri də qanunsuz yollarla silahlanmaya və terrorizmi dəstəkləməyə yönəldir. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin yer alması vacibdir”, - deyə Rafael Hüseynov vurğulayıb.
Rafael Hüseynov məruzəçiyə Azərbaycanın mədəni sərvətlərinə qarşı Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən zəngin illüstrativ materiallar və sənədlər təqdim edib.
Komitənin digər üzvləri də Azərbaycan nümayəndəsinin mövqeyinə şərik çıxdıqlarını bildirərək, belə bir məruzədə üzv dövlətlə bağlı problemlərin, ilk növbədə əksini tapmasının zəruri olduğunu təsdiq ediblər.
ABŞ Konqresində Ermənistanın regionda yaratdığı hərbi təhdidlər məsələsinə toxunulub
ABŞ Konqresində keçirilən tədbirdə də Ermənistanın siyasətinin özünün müstəqilliyi ilə yanaşı, region ölkələrinə də təhdid yaratdığı vurğulanıb. Belə ki, ABŞ Konqresinin inzibati binasında Ceymstaun Fondunun təşkilatçılığı ilə "Avropa təhlükəsizliyinə “İskəndər” raketlərinin təhdidi" adlı tədbir keçirilib. Tədbirdə Avropanın cinahlarında vəziyyət müzakirə edilərkən Ermənistanın regiona yaratdığı hərbi təhdidlər və bu xüsusda Ermənistandakı “İskəndər” raketləri məsələsinə toxunulub. Bu barədə çıxış edən tanınmış hərbi-siyasi ekspert Dr. Stefen Blank həmin raketlərin geniş regiona, o cümlədən Azərbaycan və Gürcüstana hədə yaratdığını vurğulayıb.
S.Blank Ermənistan rəsmilərinin “İskəndər” raketlərinə sahib olma bəyanatlarını və ondan Azərbaycana qarşı istifadəsinə dair dəfələrlə təhdidlərlə çıxış etdiklərini diqqətə çatdırıb, o cümlədən Ermənistan müdafiə naziri və onun müavininin Azərbaycanın mühüm infrastrukturuna zərbə endirilməsi və beləliklə də bərpaolunmaz ziyan vurmaq iddialarını xatırladıb. O, erməni rəsmilərinin, guya, bu silaha təkbaşına sahib olduqları bəyanatlarına şübhə ilə yanaşaraq, Ermənistan kimi bir dövlətə belə raketlərə operativ nəzarətin verilməsinin mümkün görünmədiyini qeyd edib. S.Blank Ermənistanın bəyanatlarını Azərbaycanı qorxutmaq üçün ritorik cəhdlər kimi qiymətləndirib. Tanınmış hərbi-siyasi ekspert Ermənistanın apardığı siyasətin onun özünün müstəqilliyi ilə yanaşı, bütün region ölkələrinə də təhdid yaratdığını vurğulayıb. Tədbirdə Ermənistanın məsuliyyətsiz davranışları ilə bağlı müzakirələr aparılıb, bu ölkənin məsuliyyətsiz davranışı və işğalçı siyasəti vurğulanıb.
Çıxışlarda şimaldan cənubadək mövcud təhdidlərə qarşı vahid və ardıcıl siyasətin aparılmasının vacibliyi qeyd edilib.
NATO Parlament Assambleyasının
seminarında Qarabağ
məsələsi haqqında
danışılıb
Qeyd edək ki, Milli
Məclisin deputatı
Kamran Bayramov da NATO Parlament Assambleyasının martın
21-23-də Sarayevo şəhərində
keçirilən növbəti
seminarında iştirak
edərkən Qarabağ
məsələsi haqqında
çıxış edib.
Azərbaycan Respublikasının
Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən bildirilib
ki, tədbirdə Bosniya və Herseqovina ilə NATO arasında əməkdaşlıq
səviyyəsi və
perspektivləri, müdafiə
və təhlükəsizlik
sahəsində islahatlar,
Orta Şərq və Şimali Afrika, habelə Qərbi Balkan regionlarında
qeyri-sabitlik, Avropa və Balkan regionlarında
mövcud olan təhdidlər, terrorçuluq
və radikalizm, miqrasiya axını, qaçqınlar və digər mövzular üzrə çıxışlar
edilib, müzakirələr
aparılıb.
Kamran Bayramov Avropa və Balkan regionlarında
mövcud olan təhdidlər mövzusunda
keçirilən panel müzakirələrində
çıxış edərək
dondurulmuş münaqişələrin,
xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
Avropa üçün
real təhlükə yaratdığını,
bu münaqişənin
Ermənistanın qeyri-konstruktiv
mövqeyi səbəbindən
hələ də həll olunmadığını,
bu ölkə tərəfindən işğal
olunmuş Azərbaycan
ərazilərində qondarma
“referendumun” keçirilməsinin
regionda gərginliyin daha da artmasına
səbəb olduğunu
bildirib. Eyni zamanda Kamran
Bayramov qeyd edib ki, Ermənistanın
bu təxribatçı
addımı silahlı
münaqişənin siyasi
həllində maraqlı
olmadığını aydın
şəkildə göstərir
və bu kimi fəaliyyətlə Ermənistan Avropanın təhlükəsizliyinə xələl
gətirir.
Bundan sonra Milli Məclisin
deputatı NATO Parlament
Assambleyasının rəhbərliyinə müraciət edərək
Dağlıq Qarabağ münaqişəsinin
Avropa üçün
yaratdığı təhlükənin və Ermənistanın
bu cür hərəkətlərinin
qiymətləndirilməsi üçün
qurum tərəfindən müvafiq
hesabatın hazırlanması təklifi ilə
çıxış edib. Seminarda,
həmçinin Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik
nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.
Fuad Hüseynzadə
Palitra.-2017.-28 mart.-S.13.