Cocuq Mərcanlıya səfər edənlərin
sayı artır
Dağlıq Qarabağ problemini daim diqqətdə saxlayan Prezident İlham Əliyev bu istiqamətdə bir sıra tədbirlərin görülməsi ilə bağlı çoxsaylı sərəncam və tapşırıqlar verir. Buna misal olaraq son aylar daim gündəmdə qalan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məsələləri göstərmək olar. Prezident çıxışında deyib ki, biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq, sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər: “Biz qısa müddətdə bu kəndi yenidən quracağıq. Bunun böyük tarixi əhəmiyyəti var. Ermənilər kəndi tamamilə dağıdıblar. Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiblər. Orada foto, videogörüntülər çəkilməli, lazımi işlər görülməlidir ki, bu vəhşiliklər sənədləşdirilsin”.
Prezidentin məlum çıxışından sonra bu çağırışa və kəndin bərpası ilə bağlı verilən tapşırıqlara dərhal dəstəklər gəldi və xalq bu gün də bu istiqamətdə görülən tədbirləri yüksək qiymətləndirir. Aidiyyəti dövlət qurumları da artıq bir sıra tikinti-bərpa işlərini yekunlaşdırıblar. Buna misal olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilən yeni avtomobil yolunun tikintisini göstərmək olar. “Azəravtoyol” ASC-nin yaydığı məlumatda bildirilir ki, artıq bu yol yekunlaşmaq üzrədir. Ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metrdir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrlik hissəsində isə bərpa işləri aparılır. Yeni yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edəcək.
Yolboyu 9 su keçidi tikiləcək, 2 aşırımlı bir körpü bərpa olunacaq. Tikinti işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən “Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub. Bu yol Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinə - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndlərinə gediş-gəlişi xeyli asanlaşdıracaq.
Prezidentin məlum çağırışına cəmiyyət tərəfindən olan digər dəstəklərə misal olaraq Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin “Cocuq Mərcanlıdan Şuşaya” birgə layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına təşkil etdiyi səfəri göstərmək olar. Başqa misal olaraq diaspor nümayəndələrinin Cocuq Mərcanlıya getmələrini deyə bilərik. Bütün bu tədbirlər müsbət amillərdir və təkcə başa vurduğumuz ay ərzində bir neçə belə səfərlər təşkil edilib.
Əcnəbilər, diaspor nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri erməni vandalizmini öz gözləri ilə görüblər
Prezidentin tövsiyə etdiyi kimi, məlum ərazilərimizdəki vandalizm nişanələri çəkilib dünyaya göstərilməlidir. Bu istiqamətdə ən tutarlı işi isə, heç şübhəsiz ki, media nümayəndələri görə bilərlər. Bu səbəbdən də Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər etdilər.
Qeyd edək ki, Antalya Jurnalistlər Cəmiyyətinin, Akdəniz Jurnalistlər Federasiyasının (AJF) sədri və Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” layihəsi çərçivəsində təşkil olunub.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Qənirə Paşayeva və Astan Şahverdiyev Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən, ərazidə aparılan minatəmizləmə əməliyyatları və tikinti işləri barədə məlumat veriblər. Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur.
Sonra nümayəndə heyəti 24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan Oqtay Həziyevin evinə baş çəkib. Ailə üzvləri ilə söhbət zamanı 80 yaşlı Minarə Hakiyeva bildirib ki, onlar doğma yurdlarını bir an da olsun tərk etməyiblər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd edib ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib.
Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən türkiyəli qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər.
Diaspor nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri də Cocuq Mərcanlıda olublar. Cocuq Mərcanlıda tikinti-abadlıq işlərinə başlanması diaspor üzvləri tərəfindən də böyük sevinclə qarşılanıb. Məhz buna görə də Diaspor Jurnalistləri Birliyi və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan soydaşlarımızın Cocuq Mərcanlı kəndinə səfəri olub. Səfərdə Rusiya, Hollandiya, Polşadakı diaspor üzvləri iştirak ediblər. Eyni zamanda səfərə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və digər vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də gənc ictimai fəallar qoşulublar.
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti Ermənistanın müharibə cinayətləri, soyqırımı aktlarından yazıb
Yeri gəlmişkən qeyd edək ki, təkcə Cocuq Mərcanlıdakı erməni vəhşiliklərinin təbliğatı istiqamətində deyil, ümumilikdə Dağlıq Qarabağla bağlı müxtəlif ölkələrdə də Azərbaycan həqiqətlərini əks etdirən məqalələr dərc edilir. Buna misal olaraq Mərakeş qəzetində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun erməni təcavüzkarlığından bəhs edən kitabları barədə məqalə dərc olunmasını göstərmək olar.
Belə ki, bu günlərdə Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları barədə məqalə dərc edilib.
Məqalədə hər iki
əsərin Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində təqdimatının
keçirildiyi diqqətə
çatdırılıb. Səkkiz dildə nəşr
olunan hər iki kitabda XIX və XX əsrlərdə erməni
millətçiləri tərəfindən azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasətinin
təhlil olunduğu qeyd
edilib. Məqalədə bildirilir ki, kitablarda ermənilərin dinc
əhaliyə qarşı törətdikləri müharibə
cinayətləri, soyqırımı aktı təkcə azərbaycanlılara
deyil, bəşəriyyətə
qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
Tural Tağıyev
Palitra.-2017.-28 mart.-S.11.