“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var

 

Əlibəy Məmmədov:

“Azərbaycanda 2000-ci ildə səfirlik açıldığı halda, Ermənistanda bundan 15 il sonra, 2015-ci ildə Yaponiya səfirliyi açılıb. Bu faktın özü Yaponiya hökumətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir”

 

Müsahibimiz Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov Yaponiyada Qarabağ və Kuril adaları, eləcə də Şri-Lanka vətəndaş müharibəsi mövzularında elmi araşdırma aparır. O, qəzetimizə müsahibəsində bu araşdırmanın detalları haqqında danışıb. Qeyd edək ki, Ə.Məmmədov Yaponiyanın hökumət təqaüdçüsü, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının Fəxri Prezidenti (ötən iki ildə prezidenti), Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir.

 

- Dağlıq Qarabağ və Kuril adaları münaqişələrinin nə kimi oxşar cəhətləri var?

-Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ölüm-dirim mübarizəsi olmuşdur. Bu gün də belədir. Cənubi Kuril adaları problemi isə Şumuşu adasında olmuş döyüşü nəzər almasaq, demək olar ki, qan tökülmədən ötüşüb. Cənubi Kuril adalarının Rusiyanın əlinə keçməsindən 72 il, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejiminin imzalanmasından 23 il ötür. Hər iki münaqişə arasında fərqli nüanslar çoxdurbu səbəbdən Yaponiyanın elm dünyasında məni tənqid edən professorlar da az deyil. Lakin mən belə hesab edirəm ki, hər iki münaqişə arasında kifayət qədər müqayisələr aparmaq olar. Təsadüfi deyildir ki, hər iki halda münaqişə baş verənədək o ərazilərdə yaşayan, həmin yerləri öz yurd-yuvaları hesab edən insanlar, məcburi şəkildə həmin əraziləri tərk etmişlər. Hər iki halda yaşam məhv olmuşdur. Əlbəttə, miqyas baxımından Azərbaycan tərəfində itki daha çox olub. Hər iki münaqişədə Rusiya faktorunu unutmaq olmaz. Ermənistan və Rusiyada müharibənin nəticəsi olaraq əldə olunmuş torpaqlar nəzəriyyəsi yaradılmışdır. Azərbaycan və Yaponiyada isə işğal edilmiş torpaqlar nəzəriyyəsi. Bu nəzəriyyələrə müqayisəli baxışın özü də kifayət qədər maraqlı ola bilər. Bu sahəylə bağlı elm dünyasında “Border Studies” adlı bir məfhum var. Mən öz elmi işimdə bu aspektdən yanaşıram Cənubi Kuril adaları ilə Dağlıq Qarabağ münaqişəsinin müqayisəli təhlilini real hesab edirəm. Eyni zamanda mənim tədqiqat sahəmə Şri-Lankada baş vermiş vətəndaş müharibəsi müharibədən sonrakı vəziyyət daxildir. Hazırda Şri-Lanka problemi ilə Dağlıq Qarabağ probleminin müqayisəsi ilə bağlı digər bir məqaləmin üzərində tamamlama işlərini aparıram. May ayında çapdan çıxacağı gözlənilir.

-Yaponların Qarabağ mövzusuna marağı hansı səviyyədədir?

-Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var. Təbii ki, Gürcüstanın ərazi problemləri, Krım məsələsi, son illər dünya elmində olduğu kimi, Yaponiyada da əsas araşdırılan sahələrdəndir. Yaponiyada Rusiya, Mərkəzi Asiya keçmiş sovet ölkələri ilə bağlı tədqiqatlar aparılan mərkəzlərdə, rəsmi orqanlar universitetlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlar var. Hazırda bu sahə ilə bağlı elmi yaza biləcək təxminən 5 yaponiyalı məşhur elm adamı da var. Bununla belə, adi insanlar səviyyəsində Qarabağ münaqişəsini tanımayanlar kifayət qədərdir. Bunu normal qarşılamaq lazımdır. Bir ölkədə ki, öz ərazi problemini tanımayan, ona maraq göstərməyən insanlar kifayət qədərdir, o halda, digər bir ölkənin ərazi probleminə maraq gözləmək sadəlövhlük olardı.

-Ümumiyyətlə, Yaponiya hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədir?

-Bu haqda digər müsahibələrimdə məlumat verdiyim üçün qısa cavablandıracam. Yaponiya hökuməti bütün rəsmi səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Cənubi Qafqazda Azərbaycanı özünə ən etibarlı tərəfdaş kimi görür. Azərbaycanda 2000-ci ildə səfirlik açıldığı halda, Ermənistanda bundan 15 il sonra, 2015-ci ildə Yaponiya səfirliyi açılıb. Bu faktın özü Yaponiya hökumətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.

-Yaponiya mediasında Dağlıq Qarabağ münaqişəsi haqqında yazılar dərc etdirə bilirsizmi?

-Kifayət qədər oxucu kütləsi olan Yaponiya qəzetlərində Dağlıq Qarabağla bağlı məqalələrim çap edilib. 2016-cı il noyabr ayının 17-də “Hokkaydoqəzetinin 1 milyon 18 min tirajlıq səhər buraxılışında bir məqaləm dərc edilib. Putinin Yaponiyaya rəsmi səfəri ilə əlaqədar Cənubi Kuril adaları Dağlıq Qarabağ münaqişəsinə maraq artıb. Bunun nəticəsində “Tokyo” qəzetinin 510 min tirajlıq səhər buraxılışı, “Chuniçiqəzetinin 2 milyon 450 min tirajlıq gündəlik buraxılışı, “Hokuriku Chuniçiqəzetinin təxminən 100 min tirajlıq gündəlik buraxılışının hər birində iki müsahibə tipli məqaləm dərc olunub. Hər birində Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Kuril adaları probleminin müqayisəli təhlili haqqında fikirlərimi bölüşmüşəm. Aprel döyüşləri əsas müzakirə mövzusu olmuşdur. Bilirsiz, Yaponiya dünya səviyyəsində ən çox qəzet oxunulan ölkələrdən biridir. Bu qəzetlərə çıxa bilməyim birbaşa Yaponiyada olan elmi fəaliyyətimlə bağlı olub. Digər tərəfdən, Dağlıq Qarabağla bağlı elmi səviyyədəHokkaydo Mərkəzi Avrasiya Elmi Konfransı”nın 121-ci sessiyasında 2015-ci ilin dekabr ayının 14-də yapon dilində, 2016-cı il aprel ayının 16-da ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş 58-ci Qərb Sosial Elmləri Assosiasiyanın nəzdində təşkil edilmiş, Sərhəd Elmləri Assosiasiyanın 33-cü sessiyasında ingilis dilində məruzələr etmişəm. Əlavə olaraq, Yaponiyanın paytaxtı Tokio şəhərində yerli internet televiziya kanalında dəfələrlə qonaq olub Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan ötənilki Aprel döyüşləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar etmişəm. Bundan sonra da bu fəaliyyətimi geniş sürətli şəkildə davam etdirəcəyəm.

-Sizi Qarabağ mövzusunu işləməyə vadar etdi?

-Bilirsiz, mən tarixçi ailəsində böyümüşəm. Tarixə, konfliktologiya sahəsinə hər zaman böyük marağım olub. Qarabağ müharibəsi zamanı mən kiçik uşaq idim. Televiziya vasitəsilə olanları izləyirdim. Torpaqlarımızın dilbər guşələrinin ard-arda mənfur düşmən tərəfindən işğalını ürək ağrısı ilə seyr edirdim. 5-6 yaşlı uşaq edə bilərdi ki? Amma böyüdükcə, biliklərə yiyələndikcə, dünya görüşüm əhatə dairəm genişləndikcə şərtlər dəyişdi. Azərbaycanı Qarabağsız təsəvvür etmək mənəvi günah olardı. Universitetə daxil olduqdan sonra, sadəcə, Qarabağ münaqişəsi deyil, dünyanın bir çox digər vətəndaş müharibələrini, ərazi problemlərini, millətlərarası münaqişələri araşdırmağa, öyrənməyə başladım. Son nəticə olaraq Yaponiya Rusiyanın ərazi problemi olan Cənubi Kuril adaları məsələsi ilə müqayisə etmək qərarına gəldim. Bilirsiz, xarici ölkələrdə təktərəfli olaraq yalnız Qarabağ həqiqətlərindən danışmaq yerli insanların qəlbinə hopmuş olmur. Sadəcə, qulaq asıb gedirlər. Amma, əgər onların ağrılı, yaralı yerləri ilə birlikdə müqayisəli şəkildə məsələnin izahını verirsənsə, bu onların qəlbində dərin izlər buraxır. Eyni zamanda Azərbaycan xalqına qarşı xüsusi simpatiya yaratmış olur. Mənim əsas məqsədim bu ortamı yaratmaq idi ki, bir çox məqamlarda artıq buna nail olduğumu deyə bilərəm.

-Yaponiyada insanların təhlükəsizliyi ilə bağlı qanunvericilik bazası necə formalaşıb?

-Bilirsiz, mən hüquqşünas olmadığuma görə bu suala cavab verə bilməyəcəm. Sadəcə, burada yaşayan biri kimi onu deyə bilərəm ki, Yaponiyada qanunvericilik çox sərtdir. Sadəcə, ədalətlidir. Ədalət isə sərt qanunlar üzərində qurulur.

-Bu ölkədə insan hüquqları Qərbin demokratik ənənələrinə dərəcədə uyğun gəlir?

-Bu sual da öncəki kimi, mənim peşəkar sahəmə aid olmadığına görə cavab verə bilməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, Yaponiyanın konstitusiyası Amerikanın işğalı dövründə Amerikanın diqtəsi ilə hazırlanmış və qəbul edilmişdir. O baxımdan ABŞ dəyərlərini də bir çox mənalarda özündə əks etdirən demokratik ənənələr vardır. İnsan hüquqları yüksək səviyyədə qorunur.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-29 mart.-S.11.