Yaxşı yazmağın yolu mütaliədən
keçir
“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı gənc şairə və müəllim Günel Əliyevadır. İlahi vergi olan şairlik bu gənc xanıma da verilib və qələmlə dostluğa, bir ömür yoldaşlığa başlayıb. Gözəl şeirlər yazan Günel xanım həm də gənc müəllimdir. Pedaqoji fəaliyyətə başlayan Günel xanım şagirdlərə təhsil verməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Şeirləri qəzet və internet saytlarında işıq üzü görür. Bütün qəlbi ilə bədii yaradıcılığa bağlı olan Günel xanım yaxın vaxtlarda kitabları ilə oxucularla görüşəcək.
Əliyeva Günel Qəzənfər qızı 01.12.1991-ci ildə Şuşada anadan olub. 2009-cu ildə Şuşa rayonu 6 nömrəli tam orta məktəbi bitirib və SDU-nun Filologiya fakültəsinə daxil olub. 2013-cü ildə universiteti bitirib. Bir müddət mətbuatda və radioda, regional televiziyalardan birində aparıcı, müxbir kimi çalışıb. Artıq 3 ildir ki, Ağsu rayonunun Gürcüvan kəndində yerləşən Laçın rayonu E. Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi çalışır.
- Müasir ədəbiyyatımızda yetişən çox sayda gənclər var. Bu gün bir gənc kimi sizi həmin gənclərin yaradıcılığı qane edirmi? Bu haqda nə deyə bilərsiz? Gənclərdən kimlərin kitablarını oxuyursuz və yaradıcılığı ilə maraqlanırsız?
- Poeziya bir başqa aləmdir. Duyğusal insanları özünə çəkən fikir, söz dünyası. Mütəmadi olaraq mətbuatı izləyən biri kimi söyləyə bilərəm ki, bəli, bu gün müasir ədəbiyyatımız yetişdirir, sözün dəyərini anlayan, ürəyini misralara poetik, obrazlı dillə köçürərək qəlblərə yol tapmağa müyəssər olan gənclərimiz az deyil.
Fikrimcə, şeirdə bədii təsvir və ifadə vasitələrindən istifadə edildikdə sözlər yaddaşlarda silinməz xatirəyə çevrilir. Laləsiz yamyaşıl çəmənlik düşünək. Bir də yamyaşıl çəmənliyi daha füsunkar edən al yanaqlı lalələrlə birlikdə düşünək. Bu müqayisə obrazlı şeirin daha böyük təəssürat yarada bilməsi fikrinə bir nümunə ola bilər. Ədəbiyyat həyat həqiqətlərini özündə əks etdirən söz sənətidir, ədəbiyyatın özünəməxsus qanunauyğunluqları, prinsipləri var. Lakin ədəbiyyatın əsas məğzi sözləri daha fərqli, düşündürməyə müvəffəq olacaq bir formada çatdırmaqdır. Vətənpərvərlik mövzusunda yazan şairin misralarında Qarabağ nisgili, firqətin cəfadan ucalan üsyan səsi, sevgi lirikasında səmimi hislər, duyğuların tərənnümü yoxdursa, deməli, bu şeirləri ürəyinin əlləri yazdırmayıb. Ürəyinin əlləriylə qələmini ağladan, yazarkən sellər kimi coşub-daşan şairləri dərin bir məhəbbətlə oxuyuram.
Nuranə Nur, Vüqar Rahi, Xəzər Süleymanlı, Aysel Abdullazadə, Şəhriyyə Qəzənfərqızı, Sərvər Kamranlı, İlkin Xaliq, Şəhanə Müşfiq kimi istedadlı qələm sahiblərinin yaradıcılıqlarını daima izləyirəm. İstedadlı yazarları ədəbiyyatımıza ``Tanrının ərməğanları`` kimi qiymətləndirmək olar.
Lakin bu gün təəssüflə qeyd etmək istərdim ki, söz yığınını şeir adlandıraraq özlərinə ``şair`` deyən, lakin yaradıcılıqdan tamamilə uzaq gənclərimiz də kifayət qədərdir.
Yaxşı yazmağın yolu mütaliədən keçir. Bu artıq illərdən bəri təsdiqlənən sınaqdan keçmiş bir fikirdir.
Tanrı yazmaq istedadını bəzi insanlara verərkən, digər insanların ürəyinə məlhəm olacağını da düşünüb, məncə.
- Artıq sizin bir kitabınız işıq üzü görüb. Kitabınızın ərsəyə gəlməsi haqqında danışa bilərsiz?
- Bəli, ``Gecikmisən qəlbimə`` adlı şeir kitabım. Xarakter etibarilə özünə tənqidi yanaşmağı bacaran insanlardanam. Şeir kitabımı çıxarmazdan öncə filologiya üzrə fəlsəfə elmləri doktoru Telman Haqverdiyevin şeirlərim haqda fikirlərini öyrəndim.
Telman müəllim qeyd etdi ki, bu şeirlər ilk dəfə mənə təqdim olunanda müəllifinin yetkin bir qadın olduğunu düşündüm. Sanki bu şeirləri həyat təcrübəsi çox olan biri yazıb. Şeirləri gənc bir xanımın yazdığını öyrənəndə çox təəccübləndim.
Bu sözlər mənə stimul oldu. Və o an
Telman müəllimə belə bir sual verdim: “Sizcə, yazmaqda
davam edimmi?”
-``Əlbəttə,
mütləq yaz``, dedi.
Şeir kitabımın yaranma tarixi belə oldu. Kitabda sevgi
lirikasının fonunda humanizmə, insanpərvərliyə,
xeyirxahlığa çağırış motivləri var.
Əgər şeirlərim bəyənilməsəydi, qətiyyən
kitab çıxarmazdım. Hesab edirəm ki,
insanda ən müsbət keyfiyyətlərdən biri öhdəsindən
gələ bilmədiyi işdən uzaqlaşmağı
bacarmasıdır. Ələlxüsus da
incəsənət sahəsində. Təsirsiz
şeirlərlə, bəsit ifadələrlə insanları
zövqsüzlüyə sürükləməyə haqqı
yoxdur kimsənin. Duyğularını itirən
cəmiyyət məhvə məhkumdur.
-
Yaradıcılığınızda nə yenilik etmək
fikriniz var? Poema yazmağı fikirləşirsiz?
- Roman
üzərində işləyirəm. Romanın
süjet xəttini qarşılaşdığım həyat
hadisələri və həyat təcrübəsi ilə əlaqədər
olaraq, hələ ki, davam etdirirəm. Yeni
şeirlərim oxucular tərəfindən sevilərək oxunur.
Təbii ki, peşəkarların qeyd etdikləri
tənqidi məqamları da diqqətlə dinləyirəm.
Tənqid uğurun yarısıdır. Yaradıcılıq çoxşaxəlidir. Hələ ki şeirlər, hekayələr
yazıram. Təbii ki, nə zamansa poema
yazmağı da düşünürəm.
-
Özünüzü təkmilləşdirmək
üçün hansı bədii əsərləri daha
çox mütaliə edirsiz?
- Bu məqamda
Fikrət Qocanın fikirlərini qeyd etmək istərdim. Bədii əsər oxucuda gözəl hislər
yaradır, həyatı insanlara başa düşməkdə
ona kömək edir.
Kitablara olan sevgim sonsuzdur. Bir gün kitab oxumasam,
özümü dünyanın ən cahil insanı hesab edərəm.
Azərbaycan ədəbiyyatından Cəfər
Cabbarlının əsərlərini ruhuma daha yaxın hesab
edirəm. ``Vəfalı
Səriyyə``, `` Solğun çiçəklər``, ``Oqtay
Eloğlu``, ``Od gəlini``, ``Sevil``ən
çox sevdiyim əsərlərdir.
Azərbaycan qadınını mənən, ruhən
güclü, Azərbaycan kişisini vüqarlı bir dağ
kimi məğrur, xalqını, millətini savadlı, maariflənməyə
meyilli görmək istəyi, arzusu dramaturqun
yaradıcılığına sirayət edib.
Dünya ədəbiyyatından Cek Londonun ``Martin
İden``, Bertris Smollun ``Yad Yasəmən``, Mark Levinin
``Haradasan``, Viktor Hüqonun ``Səfillər``, Jül Vernin
``Sirli ada``, Çarlz Dikkensin ``Oliver Tvistin macəraları`` əsərlərini
sevdiyim əsərlər kimi qeyd edə bilərəm.
Tarixi, dedektiv janrlarda olan bədii nümunələri
oxuyur, mütaliəyə xeyli vaxt ayırıram.
- Siz, həm
də bir müəllimsiz. Şagirdlərin ədəbiyyata
olan marağını necə qiymətləndirirsiz?
-Şagirdlərin istənilən fənnə
marağı bilavasitə müəllimdən
asılıdır. Uşaq psixologiyasını anlayan müəllimlər
fənnini sevdirməyə səy göstərirlər. Elm həyatdır, nurdur, həyatımızı
aydınladan çıraqdır. Ədəbiyyat
isə həyatın fənnidir. Estetik
zövqümüzü, mənəvi keyfiyyətlərimizi
formalaşdırır ədəbiyyat.
Gənc müəllimə kimi şagirdlərimə tədris
etdiyim ədəbiyyat fənnini sevdirməyə
çalışıram. Şagirdlərin ədəbiyyata
marağını yüksək qiymətləndirirəm.
- Bəs
bədii ədəbiyyatımızın inkişafı
üçün xarici müəlliflərdən tərcümələr
etməyi fikirləşirsiz?
- Ədəbiyyat xalqın şüurudur, onun mənəvi
həyatının diriliyidir demişdir V. Q. Belinski.
Ədəbiyyatımızın inkişafı, tərəqqisi
yolunda hər bir yaradıcı şəxs ürəyilə,
qəlbilə sevgilə çalışmalıdır. Yaradıcılıq
elə bir yoldur ki, döngələrin səni hansı istiqamətə
aparacağını zaman və hadisələrin,
yaşantıların gedişatı göstərir. Əlbəttə, nə zamansa xarici müəlliflərdən
tərcümələr edərək ədəbiyyatımıza
öz töhfələrimi vermək istərdim.
- Şeirə olan sevginizdən danışa bilərsiniz? Həmçinin
də şeirlərinizdən bir neçəsini bizlərlə
paylaşardız.
-Şeir... sevgimin sədaqəti, qaranlıq otaqdan
boylanan hicranı, qaranquşları gətirən bahar kimi
möhtəşəm vüsalı, nəfəsim, ürək
döyüntülərimdir. Poeziya
azadlığım, ruhumun üsyanı, gözlərimin
ümmanı, ağlayan xatirələrim, kövrəkliyim, tərəddüdlərim,
bəlkələrim, kaşkilərim, mənim vəfalı
eşqimdir.
YAZ,
XARIBÜLBÜL!
Ağla,
göz yaşını saxlama daha,
Ya həsrət
insafsız, ya vüsal baha,
Vallah,
ümid yoxdur gələn sabaha,
Sən də
dərd əlindən yaz, xarıbülbül!
Min güldən bağ saldım, sən niyə yoxsan?
Ürəyə
məlhəmdin, indisə dağsan,
Sən də
öz bəxtindən yaralanmısan,
Eşqini
içində boğ, xarıbülbül!
Seyrinə
çıxanlar yoxa çıxıblar,
Ayrılıq
əlindən cəfa tapıblar,
Yuxuda
boynunu qucaqlayıblar,
Nolar,
yuxulardan çıx, xarıbülbül!
Gerçək
ol, doğru ol, həqiqətim ol,
Həm vəfam,
həm sevgim, sədaqətim ol,
Get daha kədərin
saçlarını yol,
Üsyan et, fəryad et, coş, xarıbülbül!
Dərd
çəkir hələ də Şuşa
dağları,
Unutmaq olarmı o oylaqları?
Tək Vətən
bitirər bu ağrıları,
Bizi də
qoynuna al, xarıbülbül!
Sənin
görüşünə gələ bilmədi,
Neçə
qəlb əzabla vurdu, inlədi,
Susdu
içindəki ahı gizlədi,
Həsrətin
bağrını yar, xarıbülbül!
QARABAĞDA
Toplayır
çiçəkdən arılar eşqi,
Gözəldir
duyğular, hislər həqiqi,
Sən mənim
sevgimin ilki, sadiqi,
Yuxu da aləmdir bil, Qarabağda.
Ürəkdən
süzülür dürr o diyarda,
Şuşa
keşməkeşdə, Laçınsa darda,
Toxunma, qəmliyəm
hislər coşanda,
Bu bahar açarmı gül Qarabağda?
Sən mənim
könlümün qübarı, dərdi,
Çəkmişəm
cəfanı aylar, illərdi,
İlahi,
bu həsrət bağrımı dəldi,
Bir vaxt xoşbəxt idi el Qarabağda.
Ağdam
intizarda, Kəlbəcər qışda,
Biz ki,
islanmazdıq yağan yağışda,
Qələbə
qazanaq biz bu yarışda,
Düşmənə
vurulsun qol Qarabağda!
GÜNAHKAR
Ay mənim
yazımı qış eyləyənim,
Bu
kövrək qəlbimi daş eyləyənim,
Dərdimi
gözümdə yaş eyləyənim,
Sənmi günahkarsan, mənmi günahkar?
Dumanmı günahkar, çənmi günahkar?
Ay mənim
arzumu puç eyləyənim,
Dağ
boyda sevgimi heç eyləyənim,
Hər
gün bir ürəyə köç eyləyənim,
Vəfanmı günahkar, qəlbmi günahkar?
Sözlərmi günahkar, dilmi günahkar?
Ay qara
saçımda dən eyləyənim,
Bir vuran
ürəyi tən eyləyənim,
Şeirimin
adını ``sən`` eyləyənim,
Qələmmi günahkar, ruhmu günahkar?
Duyğumu günahkar, hismi günahkar?
İnan,
hər şeirimin sözündə sənsən,
Qırdığın
ürəyin özündə sənsən,
Sındırma
bəxtimi, güzgüdə sənsən,
Nə
tale günahkar, nə bəxt günahkar,
Həm sən günahkarsan, həm mən günahkar.
- Sonda gələcək
planlarınızdan danışardiz.
-
Yaradıcı insanlar xarakter etibarilə uğur qazanmağa
daha meyilli olur. Təbii ki, mənim də gələcəyə
bağlı bitib-tükənməyən arzularım,
planlarım var. Yaxın zamanlarda "Könlümün səhrası"
adlı ikinci şeir kitabımla oxucuların
görüşünə gələcəm. Kitaba sərbəst, eləcə də heca vəznində
yazdığım şeirlərim daxil ediləcək.
Təhsilimi davam etdirməklə bağlı planlarım
var. Daima biliyimi artırmağa, özümü təkmilləşdirməyə
çalışır və bunun
yaradıcılığımda mühüm əhəmiyyət
kəsb edəcəyinə inanıram.
Hal-hazırda "Özünü məndən apar"
adlı romanımın üzərində işləyirəm. Süjet xəttinə
təzadlı məqamların daxil olduğu bu əsər həyat
həqiqətlərinin bədii ədəbiyyatla sıx
bağlılığı fikrinin inikasıdır.
Ən önəmlisi gənc yazar kimi sözlərim,
misralarımla ürəklərə yol tapmaq,
düşündürməyə müyəssər olmaq kimi
bir arzum var.
Sonda gənc yaradıcı insanlara dəstəyiniz
üçün sizə minnətdarlığımı
bildirirəm.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyub
Palitra.-2017.-29 mart.-S.12.