“Azərbaycanın brend
məhsullarını Arxangelskdə görmək istəyirik”
Tərlan Qasımov: “Əsas məqsədimiz
Arxangelskdə böyüməkdə olan gənc nəslə
adət-ənənəmizi aşılamaqdır”
Son zamanlar
Rusiya Federasiyasının bir
çox regionu kimi, Arxangelskdə də milli
diasporun aktiv fəaliyyəti
özünü göstərir. Bu fəallığa “Arxangelsk
vilayətində Azərbaycan diasporu” təşkilatı
səbəb olub. “Arxangelsk
vilayətində Azərbaycan diasporu” təşkilatı
İdarə Heyətinin sədri Tərlan Qasımovla vətəndə
ikən görüşüb həmsöhbət
olduq. Qeyd edək ki, T.Qasımov
1974-cü ildə Ucar
rayonunda anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan İctimai-Siyasi
Universitetinin Hüquq fakültəsində təhsil
alıb. 1995-1997-ci illərdə Ucar rayon Pambıqtəmizləmə zavodunda
hüquqşünas işləyib.1997-ci ildən taleyini Arxangelsk şəhərinə
bağlayıb.
- Arxangelskdəki azərbaycanlılar
diaspor olaraq formalaşıblarmı?
- Azərbaycanlıların Arxangelsk vilayətində diaspor kimi formalaşmasının
tarixi 1973-cü ildən
başlayır. 1973-78-ci illərdə Rusiyanın bu şimal-qərb vilayətində ərzaq və tərəvəz çatışmazlığı baş verib. Həmin zaman Azərbaycan Arxangelsk vilayətini hamiliyə götürüb.
Azərbaycan o zaman 5 il müddətinə
Arxangelsk vilayətini kənd təsərrüfatı
məhsulları ilə
təmin edib. 1975-ci ildə isə
Azərbaycandan Arxangelsk
vilayətinə tələbə-inşaat
dəstəsi gedib.
On minlərlə azərbaycanlı orada tələbə-inşaat dəstəsində
işləyib. Onlardan geriyə
qayıdan da, qalan da var. Hazırda
Arxangelsk vilayətindəki
azərbaycanlıların 80 faizi biznes fəaliyyəti
ilə məşğuldur.
20 faizi isə
dövlət orqanlarında
müxtəlif vəzifələrdə
çalışır.
-Azərbaycanla bağlı
hansı tədbirlər
keçirirsiz?
-Diaspor olaraq fəaliyyət göstərdiyimiz
müddətdə çalışmışıq
ki, xalqımızın
adını ön sıralarda tutaq. Ötən il
9 May - faşizm üzərində
Qələbə Günü
paradda 123 Sovet İttifaqı Qəhrəmanının
plakatı əlimizdə
“Ölməz alay”la yürüşə çıxmışdıq.
Həmin
yürüşdə 500 nəfərə
yaxın azərbaycanlı
iştirak edirdi.
Bu addımımız yerli hakimiyyət tərəfindən çox
yüksək qiymətləndirildi.
Bundan qıcıqlanan ermənilər
vilayətin administrasiyasına
gedib bizdən şikayət etdilər ki, niyə azərbaycanlılar
bu paradda öz bayraqları ilə iştirak ediblər. Sonra bu məsələyə
görə məni administrasiyaya çağırdılar.
Mən də orda dedim ki,
əgər buna etirazları varsa, mən öz səfirliyimizin nümayəndəsini
dəvət edim, onunla danışsınlar.
Qeyd etdim ki, Böyük
Vətən müharibəsi
zamanı Sovet İttifaqının sərf
etdiyi neftin 70 faizindən çoxu Azərbaycanın payına
düşüb. Bildirdim ki,
həmin müharibədə
300 minə yaxın şəhidimiz olub və buna görə
də bizim buna haqqımız var. Bundan sonra yerli
hakimiyyət erməniləri
yerlərinə oturtdu.
Bununla
biz də ermənilərə
öz yerlərini göstərdik. Bu gün onların Arxangelskdə varlığı
bilinmir.
Biz diaspor olaraq Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun 2016-cı ildə Azərbaycana 3 günlük
səfərini təşkil
etmişik. Qubernator
2016-cı il 1 noyabrda Bakıda keçirilən VII Azərbaycan–Rusiya
Regionlararası Forumunda
iştirak etdi. Səfər çərçivəsində qubernatorun Baş nazir Artur Rasizadə,
mədəniyyət və
turizm naziri Əbulfəs Qarayev, kənd təsərrüfatı
naziri Heydər Əsədov və b. rəsmilərlə görüşü
oldu. Artıq bu gün qubernator bütün vilayət görüşlərində
vurğulayır ki, Azərbaycan bizə çox yaxın ölkədir.
Bu gün biz Mədəniyyət
və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
səviyyəsində işləmək
istəyirik. Arxangelsk vilayətində həddindən artıq balıq, meşə ehtiyatı var. Halbuki hər iki sahə
bizim respublika üçün aktualdır.
Ötən il dekabr ayının 2-4-də
Arxangelskdə böyük
Nərd çempionatı
keçirdik. Xeyriyyə məqsədilə
keçirilən bu çempionatdan əldə
olunan vəsaitlə şəkərli diabet xəstəsi olan bir uşaq üçün
tibbi cihaz aldıq.
-Azərbaycanın ali məktəblərinin
Arxangelskdəki universitetlərlə
təhsil mübadiləsi
etməsi nə dərəcədə mümkündür?
-Rusiyanın 9 federal subyektində
federal universitet var. Onlardan
biri Arxangelskdədir-Lomonosov
adına Şimal Federativ Arktika Universiteti. Biz dəfələrlə təhsil nazirinə qarşılıqlı əməkdaşlıq
üçün məktub
ünvanlamışıq. Arxangelskdə həmyerlilərimizin
ali təhsil
alması üçün
münbit şərait
var. Bu şərait ondan
ibarətdir ki, xarici vətəndaşlar
üçün yeni yataqxana istifadəyə verilib. Hətta xarici ölkə
vətəndaşlarının belə, ora yüksək balla qəbul olub ödənişsiz təhsil
alması mümkündür.
Mən ötən
ilin dekabrında Azərbaycana gələrkən
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşdüm. Ona Şimal
Federativ Arktika Universiteti rektorunun məktubunu təqdim etdim. Qarşılığında Abel müəllim həm məktub, həm memorandum göndərdi.
O memorandumun detalları
işlənilib hazırlanıb.
Şimal Federativ Arktika Universitetinin norveçlilərlə
birgə layihəsi
var. 6 ay Norveçdə, 6 ay isə Arxangelskdə təhsil alıb ikili diplom alırsan. Bizm marağımızdadır
ki, bu layihəyə
Azərbaycan da qoşulsun və üçtərəfli diplom
olsun. Budəfəki gəlişimdə Abel müəllimlə görüşüb
üçtərəfli diplom
məsələsini müzakirə
etdik. Qeyd edim ki, Abel müəllimin
may ayında Arxangelskə
səfəri gözlənilir.
-Digər diaspor təşkilatları ilə
əlaqələriniz varmı?
-Mən bu yaxınlarda
Ümumrusiya Azərbaycanlıları
Konqresinin prezidenti Fazil Qurbanovla görüşmüşəm. Görüşümüz qarşılıqlı anlaşma şəraitində
keçib. ÜAK-ın şöbəsi olmasaq da, onlarla
aktiv əməkdaşlığımız
var.
-Arxangelskdəki gənclərimiz
elitar təbəqə
ilə işləyə
bilirmi?
- Bu gün Arxangelsk vilayətindəki Şimal
Federativ Arktika Universiteti və Şimal Dövlət Tibb Universitetində 50-də
çox azərbaycanlı
gənc təhsil alır. Həmin tələbələr Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatında
(RAGT) cəmləşiblər. Arxangelsk vilayətində RAGT-in filialı
var. Bu yaxınlarda RAGT-in Moskvada
VI forumu oldu. Orda bizim üç nəfər nümayəndəmiz
iştirak etdi. Sevindirici haldır ki, həmin iştirakçılardan
iki nəfəri
RAGT-in sədri Leyla Əliyevanın əlaçılar
üçün təsis
etdiyi təqaüd alır.
Gənc
nəsil orada hüquq-mühafizə orqanları,
neft sənayesi, səhiyyə və s. sahələrdə çalışır.
Bu gün artıq
azərbaycanlılar Arxangelskdə,
sözün əsl mənasında, statusa malik olan xalq
kimi fəaliyyət göstərirlər. Artıq
onlar “bazar”lardan “ağ ev”lərə
çəkiliblər.
- Mümkünsə, gələcək
planlarınızı açıqlayardınız.
-Hər şeydən əvvəl, 2017-ci ildə
biz səfirliyimiz və
konsulluqla qarşılıqlı
razılaşma əsasında
Arxangelsk vilayətində
Azərbaycan Mədəniyyəti
Günlərini keçirməyi
planlaşdırırıq. Artıq bu planlar çərçivəsində
ilk qaranquşlar pərvazlandı.
Bu ilin 16 martında
biz min nəfərlik bir
arenada Novruz bayramı tədbiri keçirdik. Həmin tədbirdə
Azərbaycandan gələn
incəsənət nümayəndələri
ilə Arxangelskdə fəaliyyət göstərən
“Sever-Vostok” ansamblının
rəhbəri Cavanşir
Kazımovun iştirakı
ilə konsert proqramı oldu. Həmin konsertdə rus folklorunun nümayəndələri
olan “Nənələr”
qrupunun iştirakı
ilə Cavanşir Kazımovun dueti səsləndi. Bu duetdə “Muleyli” mahnısını ruslar Azərbaycan dilində oxudular.
Həmçinin Arxangelsk vilayətinin tam mərkəzində Novruz tonqalı qaladıq. Arxangelsk vilayətinin
Fövqəladə Hallar
Nazirliyinin və şəhər administrasiyanın
razılığı ilə
biz bu tonqalı qaladıq. Həmin tonqalın yanması
Azərbaycan Prezidentinə,
dövlətinə, eləcə
də bizim diaspor təşkilatımıza
hörmət və ehtiramın nəticəsidir.
Əsas məqsədimiz böyüməkdə
olan gənc nəslə adət-ənənəmizi
aşılamaqdır. Belə tədbirlərlə
biz milli-mənəvi dəyərlərimizi
bir daha onlara əyani şəkildə göstəririk.
Eyni zamanda yerli ictimaiyyətə
öz mədəniyyətimizdən
nümunələr göstəririk.
Ən əsas məqsədimiz Novruz bayramını hər il vilayət
miqyasında qeyd etməkdir. Buna görə
bizə Azərbaycandan
dəstək lazımdır.
Yəni incəsənət xadimləri
gəlib orda mədəniyyətimizi təbliğ
etsinlər. Bunun maliyyə
xərclərinin müəyyən
hissəsini biz öz üzərimizə götürürük.
Yerli hakimiyyət də bu tədbirlərin keçirilməsinə dəstək
verməyə hazırdır.
Növbəti işimiz olaraq Arxangelsk şairlərinin Azərbaycanda iki dildə kitabı çap olunacaq. Bu kitabda 10-a yaxın şairin poetik nümunələri artıq
rus dilindən Azərbaycan dilinə tərcümə olunub.
Həmin
kitabın Arxangelskdə
təqdimatı Azərbaycanın
Respublika Günü ərəfəsində olacaq.
Yuxarıda qeyd etdiyim forumun
nəticələrini biz Arxangelskdə
görmək istəyirik. Düzdür, forumdan sonra bizim diaspora “Ərzaq məhsullarının
Tədarükü və
Təchizatı” ASC-dən
əməkdaşlıq təklifi
gəlib. Onlar Arxangelskdə
Azərbaycan məhsullarının
satışını təşkil
etmək istəyirlər.
Hazırda Arxangelskdə mağaza,
dükan, marketlərdə
meyvə-tərəvəz istisna
olmaqla, bir dənə də olsun Azərbaycan məhsulu yoxdur. Biz
may ayında Azərbaycan-Arxangelsk
biznes-forumunu keçirməyi
qarşımıza məqsəd
qoymuşuq. Ümid edirəm ki,
bu forumdan sonra Azərbaycanın brend məhsulları Arxangelsk vitrinlərində
öz əksini tapacaq.
Arxangelsk vilayətinin Severvidinsk şəhərində Rusiyanın Milli Qəhrəmanı, həmyerlimiz Davud Paşayev 20 il Sualtı atom qayıqları istehsal edən zavodun direktoru olub. Artıq 10 ildir o rəhmətə gedib. Onun adı orada əbədiləşdirilib. Aprelin 6-da onun anım günüdür. Bizim bütün diaspor fəalları onun anım tədbirinə qatılacaqlar.
Fuad Hüseynzadə
Palitra.-2017.-31 mart.-S.6.