“Dünyaya
çatdırmalıyıq ki, “Made in Azerbaijan”
ekoloji təmiz məhsul deməkdir”
Professor Çingiz
İsmayılov: “Baramaçılıq, tütünçülük,
fındıqçılıq, pambıqçılıq,
çayçılıq, üzümçülük
kimi ixracyönümlü
sahələrAzərbaycan üçün
çox vacibdir”
Ölkədə iqtisadi islahatların və inkişaf modelinin səmərəliliyinin ən yaxşı sübutu son illərdə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlərdir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər bunun bariz nümunəsidir. Bu sektorda istehsalın artırılması ilə yanaşı, ixrac da mühüm rol oynayır. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Bu gün ölkədə bir sıra sahələrin, o cümlədən baramaçılığın sürətlə inkişaf etdiyini deyən ölkə başçısı bildirib ki, əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıb, bu il daha da yüksək rəqəm olacaq. Həmçinin Şəki ipək kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Bildirilib ki, indi şəkər çuğundurunun kütləvi əkini başlayıb: “Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammalı təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir. Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıb. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.
Mütəxəssislərimiz də qeyri-neft sektorunda müxtəlif sahələrin inkişafının, o cümlədən ixracın mühüm rolu olduğunu deyirlər. Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:
- Bu gün ölkədə baramaçılığın inkişafı istiqamətində addımlar atılır. Müşavirədə də bildirildi ki, Şəki ipək zavodu fəaliyyətini bərpa edib. İnkişafına start verilən bu sahədən hansı nəticələr gözləmək olar?
- Təbii ki, bu istiqamətdə də işlər görülür. Öncə ölkəyə Çindən və digər ölkələrdən tut tingləri gətirilərək sahibkarla təmənnasız paylanıb. Qarabağ, Şəki, Zaqatala, Dağlıq Şirvan, Naxçıvan bölgələrdə ənənəvi ipəkçilik inkişaf edib. İpəkçilik, barama qurdu üçün vacib olan tut ağaclarıdır. 1990-cı illərin əvvəllərində yanacaq qıtlığı ilə bağlı tut ağaclarının çox hissəsi qırılmışdı.
“Biləsuvar, Ağcabədi, İmişli, Saatlı bölgələrində həm pambıq, həm də şəkər çuğunduru becərmək olar. İqtisadi qiymətləndirmə aparılmalıdır ki, hansından daha çox gəlir əldə olunacaq”
Tut ağacları sahələrinin artırılması vacibdir. Bunun üçün dövlət bu sahədə iş görüb. Tinglər gətirilib, əkilmə aparılıb, bunun üçün şərait yaradılıb. Şəki ipək zavodunun bağlanması xammalın olmaması ilə bağlı idi. Bir neçə il bundan öncə biz Özbəkistandan barama gətirib onun sapı əsasında ipək parça istehsal edirdik. Bu düzgün deyil və bir qədər ipək baraması gətirməklə emaletmə müəssisəsi saxlamaq mümkün deyil. Bunun üçün öz xammal bazamız olmalıdır. Bu ərazilərdə baramaçılıqla məşğul olan insanların əmək vərdişləri var. Hansı dövrdə, hansı mövsümdə tut ağacından yarpaqların yığılması, baramaların saxlanması üçün müvafiq temperaturun, rütubətin gözlənilməsi və sonda alınmış baramaları ipək kombinatlarına təhvil verilməsi prosesləri var. Bütün bu proseslər vaxtilə Azərbaycanda var idi. Onun bərpa edilməsi üçün dövlət məqsədli proqramlar yerinə yetirir. Baramaçılıq, tütünçülük, fındıqçılıq, pambıqçılıq, çayçılıq, üzümçülük Azərbaycan üçün çox vacibdir. Bu sahələrin hər biri ixracyönümlü sahələrdir və ölkəmiz üçün çox önəmlidir və dövlət də bu istiqamətdə işlər aparır.
- Müşavirədə bir məsələyə də toxunuldu ki, ölkədə şəkər çuğundurunun kütləvi əkini başlayıb. Yerli xammalla təmin edilməsi məşğulluq və ixrac potensialına imkan verəcəkmi?
- Biz uzun illər, müstəqillik dövründən əvvəl şəkər məmulatları məhsullarını xaricdən gətirirdik. Rusiya, Ukrayna, Belarusdan idxal edirdik. İndi bizdə şəkər zavodu var. Xammal həm yerli məhsuldur, həm də İrandan gətirilir. Təbii ki, xammalın hamısını özümüz təmin etməliyik. Burada elmi əsaslarla qiymətləndirmə aparmalıyıq. Belə ki, şəkər çuğunduru da Aran zonasında becərilir. Biləsuvar, Ağcabədi, İmişli, Saatlı bölgələrində həm pambıq, həm də şəkər çuğunduru becərmək olar. İqtisadi qiymətləndirmə aparılmalıdır ki, hansından daha çox gəlir əldə olunacaq. Eyni zamanda ilk olaraq ərzaq təhlükəsizliyimizi, kənd təsərrüfatı məhsullarının istehsalını təmin etmək baxımından hansının istehsalı daha vacibdir. Elmi araşdırma olmalıdır ki, bu ərazidə hansı sahə prioritet olmalıdır. Şəkər çuğunduru Azərbaycan üçün stratejidir. Belə ki, biz artıq şəkər məhsullarının gətirilməsindən asılı deyilik. Biz, əksinə, hazırda Gürcüstana, Dağıstana ixrac edirik. Yəni biz özümüzü də təmin edirik, ixrac da edirik. Azərbaycan üçün bu vacibdir, ancaq əkin sahələrinin müəyyən edilməsində maraqların hansısa ərazilərdə toqquşması mümkündür. Yəni- pambıqçılıq, yaxud şəkər çuğunduru. Bunun üçün iqtisadi qiymətləndirmə aparılmalıdır ki, həmin rayon üçün hansının becərilməsi və emaledici müəssisələr üçün daha məqsədəuyğundur. Təbii ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində şəkər çuğunduru istehsalı və emalı həddindən artıq vacibdir. Bu eyni zamanda heyvandarlıq üçün xammal bazasıdır. Düşünürəm ki, burada böyük imkanlar var və şəkər kombinatı özü şoranlaşmış torpaqların bir hissəsini təmizləyib istehsala cəlb edib. Bu çox vacibdir və bu sahədə işlər davam edəcək.
- “Made in Azerbaijan” brendinin ölkəmizin tanınmasında, təbliğində rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan müxtəlif beynəlxalq aqro, turizm sərgilərində təmsil olunur, məhsullarımızı təqdim edirlər. Xüsusilə ərzaq məhsullarının sərgilərində ölkəmizin məhsulları daha geniş təbliğ olunmalıdır. Bu təbliğ zamanı bizim bir üstünlüyümüz ondadır ki, məhsullarımız böyük əksəriyyəti ekoloji təmiz məhsullardır. “Made in Azerbaijan” brendində xüsusi olaraq qabartmalıyıq ki, Azərbaycan məhsulları ekoloji təmiz məhsullardır. Çünki üzüm, əncir, zəfəran, qoz məhsulları Yaxın Şərq, Cənubi Avropa ölkələrinin bir çoxunda istehsal edilir. Ancaq bizim üstünlüyümüz geni modifikasiya olunmamış, ekoloji təmiz məhsullarımızın olmasıdır. Hər bir istehlakçı gələcəkdə bilməlidir ki, “Made in Azerbaijan” brendi o deməkdir ki, ekoloji təmiz məhsullardır. Hansısa üstünlüyümüzü göstərməsək rəqabətdə öz yerimizi tutmaq çətin olacaq. Çünki bu bazarda hamı öz məhsulunu satmaq üçün mübarizə aparır. Biri çox yaxşı qablaşdırır, biri aromat verir və digər üsullardan istifadə edir. Ancaq biz təsdiq etsək ki, Azərbaycanda ekoloji təmiz məhsul istehsal edilir, təbii ki, onu yoxlayacaqlar, müəyyən etdikdən sonra biz imic qazanacağıq. Bu çox vacibdir. Azərbaycan özünəməxsus təbii iqlim şəraitinə malikdir. Ona görə bizdəki məhsuldarlığın yüksək olması üçün böyük miqdarda gübrələr, pestisidlər, kimyəvi tərkibli maddələrə ehtiyac yoxdur. Bizim təbiətimiz zəngin olduğu üçün məhsullarımız özünəməxsus dada malikdir, emal olunmuş məhsullar ekoloji təmizdir. Ona görə də biz sadəcə bazara çıxardığımız ekoloji təmiz məhsulu təbliğ etsək, bizim brendimiz yer tutacaq. İstehsal olunan məhsulun keyfiyyəti ilə biz rəqabətədavamlı, uğurlu nəticələr əldə edəcəyik.
Nigar Abdullayeva
Palitra.-2017.-31
mart.-S.4.