İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısı başa çatıb
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XX Avrasiya İqtisadi Zirvə toplantısı aprelin 6-da başa çatıb. Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub.
Toplantı ikinci iş gününü “İslamla həmrəylik ruhu
çərçivəsində təcavüzə və terrora qarşı dinlərin təsiri” və
“İnsanlıq bir yol
ayrıcında” mövzularında panellərlə davam etdirib. Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin moderatorluğu
ilə keçirilən birinci paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin
müavini Hacı Salman
Musayev, İstanbuldakı Fənər Rum Patriarxı birinci Varfolomey, İstanbul Küçükkuyu
bələdiyyəsinin sədri Çingiz
Balkan və başqaları
çıxış ediblər. Azərbaycanda həyata
keçirilən dini siyasətin bütün istiqamətlərinin ədalət
prinsipləri üzərində kökləndiyini diqqətə
çatdıran Mübariz Qurbanlı son illər ayrı-ayrı ölkələrdə
artan münaqişələrin və terror aktlarının acı nəticələrinə
toxunub. O, təəssüflə qeyd edib ki,
silahlı qarşıdurmalardan və insanlıq əleyhinə
törədilən digər cinayətlərdən daha çox zərər
çəkən İslam ölkələri
və müsəlman xalqlarıdır. Erməni
terrorizmindən ağır zərbələr alan
Azərbaycan terrorizmin bütün
formalarını kəskin şəkildə pisləyir və onunla mübarizədə qətiyyətli
addımlar atılmasının tərəfdarıdır.
Ölkəmizdə təşkil olunan beynəlxalq
forum və konfranslarda
dünya birliyinə edilən
çağırışların təsir
imkanlarından danışan komitə sədri
vurğulayıb ki, bütün
bu proseslərin nəticəsi olaraq son illər Azərbaycan
dünyanın fikir və
düşüncə mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin 2017-ci ili
Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin əhəmiyyətindən
bəhs edən Mübariz Qurbanlı
ölkəmizdə bütün dinləri
təmsil edən insanların azad və rahat şəkildə ibadət etmələrinə,
birgə yaşamasına və bərabərhüquqlu fəaliyyətinə
göstərilən dövlət qayğısı barədə
də danışıb. Hacı Salman Musayev Azərbaycandakı dini
bərabərlik, dinlər arasındakı mövcud
nümunəvi münasibət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dostluq və
qardaşlıq siyasətinin real nəticələrindən
bəhs edib. O, İslam dini adı
altında törədilən qeyri-insani hərəkətlərin
yolverilməz olduğunu diqqətə
çatdıraraq bildirib ki,
bu hallardan istifadə
edərək müsəlman aləminə qarşı
qarayaxmaların, böhtan və şər
xarakterli təhlükəli təbliğat
kampaniyalarının qarşısı alınmalıdır.
Bu proses dinlər və
təriqətlər arasında düşmənçilik yaratmağa xidmət edən insanlığa
qarşı davranışdır. O deyib ki, təcavüzkar Ermənistan Azərbaycan
torpaqlarının 20 faizini işğal altında saxlayır. Erməni
terrorçuları uzun zaman
kəsiyində xalqımıza qarşı ağır cinayətlər
törədib. Buna baxmayaraq
Azərbaycan bu bəşəri cinayətləri
heç bir dinlə əlaqələndirmir.
Hər iki çıxışda diqqətə
çatdırılıb ki, 2017-ci ilin Azərbaycanda “İslam
Həmrəyliyi İli” elan
edilməsi zamanın tələbidir. Azərbaycan
Prezidentinin məhz zamanında qəbul etdiyi bu qərar sülhsevər
dünya ictimaiyyəti, eləcə də
müsəlman aləmi tərəfindən rəğbətlə
qarşılandı. “İnsanlıq bir yol ayrıcında” mövzusunda
keçirilmiş paneldə Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Bosniya və Herseqovinanın
Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Şimali Kiprin başçısı Mustafa
Akıncı, Türkiyənin 9-cu Prezidenti
Abdullah Gül,
Xorvatiyanın keçmiş Prezidenti İvo Josipoviç, Latviyanın sabiq
Prezidenti Valdis Zatlers və digərləri
çıxış ediblər. Çıxışlarda
vurğulanıb ki, dünyada
sülhə, əmin-amanlığa, inkişafa
və tərəqqiyə nail olmaq üçün mövcud münaqişələrə son qoyulmalı, terror aktlarının
qarşısı alınmalı, qaçqın və məcburi
köçkünlərin öz
yurdlarına dönməsi üçün
münbit şərait
yaradılmalıdır. Bunun üçün mövcud
problemlərə, münaqişə və qarşıdurmalara
səbəb olan məsələlər dialoqlar, danışıqlar və müzakirələr
əsasında həll edilməlidir. Problemlərə beynəlxalq
hüququn normalarından və gerçəkliklərdən
kənar prizmadan yanaşmaq
daha ciddi problemlərin
ortaya çıxmasına gətirib
çıxarır. Belə davam edərsə,
bu məqam sülh və
sabitliyin əngəllənməsinə təsir
edən amil kimi bundan sonra da
öz təhlükəsini saxlayacaq.
Cavidan
Palitra.-2017.-7 aprel.-S.4.