Xocalı soyqırımı yenidən Türkiyə gündəminə gətirilib

 

Uzun illərdir ki, Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistan daim münaqişənin həllində maraqlı olmadığını göstərir. İşğalçı ölkənin rəhbərliyi danışıqlar prosesindən yayınır, cəbhədə daim atəşkəsi pozaraq tez-tez təxribatlara əl atır. Təkcə ötən ay üçün Ermənistanın atəşkəsi pozması ilə bağlı statistikaya nəzər salsaq bu ölkənin nə dərəcədə münaqişənin həllində maraqlı olmadığını görmək olar. Belə ki, təkcə aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3592 dəfə pozub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, GöygölAğstafa rayonlarında yerləşən mövqeləri ay ərzində erməni silahlı bölmələrinin atəşinə məruz qalıb. Ötən ay Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirib. Bu günlərdə isə Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən istifadə edilib. Buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Bundan əlavə, aprel ayında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 mm-lik minaatanlardan istifadə etməklə, Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Aprel ayının son günündə isə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (9 mərmi), həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Ayqeovit, Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Cəvahirli, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən əsgərləri və Xocavənddəki erməni əhalisi böyük qorxu və təşviş içərisindədir

Mütəxəssislər isə ermənilərin “OSA”-dan istifadə etməsini təəccüb doğuran hal kimi dəyərləndirmirlər. Ehtiyatda olan polkovnik İlqar Əliyev mətbuata verdiyi açıqlamada deyib ki, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır: “Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə, Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz. İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. “Quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla öz PUA-larını məhv ediblər". Ekspert qeyd edib ki, öz PUA-sını məhv edən, eləcə də boşa çıxan üçüncü raketöz səngərləri üzərində partladığından, mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisi böyük qorxu və təşviş içərisindədir. Ehtiyatda olan polkovnik Kamal Hüseynov da Trend-ə açıqlamasında bildirib ki, ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar. Düşmən tərəfinin “OSA” zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsi ilə bağlı K.Hüseynov deyib ki, Ermənistanda olan bu tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.O qeyd edib ki, erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi: "Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə, maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər. Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".

Qarabağ problemi təkcə Azərbaycan üçün deyil ümumilikdə region ölkələri üçün də narahatlıq doğurur. İran münaqişənin həllinin vacibliyini tez-tez önə çəkir. Son belə açıqlama isə İran XİN-in sözçüsü Bəhram Qasimidən gəlib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır: “Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil. Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Ona görə, düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür”.

B. Qasimi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən önəmli amillərdən biri xalqdır: “Bu məsələyə ciddi yanaşmaq lazımdır. Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

 

ABŞ və Türkiyədə Ermənistan əleyhinə tədbirlər keçirilib

 

Ermənistanın işğalçılıq və soyqırımı siyasəti isə daim başqa ölkələrdə diaspor və təşkilatların keçirdikləri aksiyalarla ifşa olunur. Buna misal olaraq AZƏRTAC-ın Türkiyə nümayəndəliyi və İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) birgə təşkilatçılığı ilə qondarma “erməni soyqırımı”na dair konfrans keçirilməsini göstərmək olar.

İSTAD-ın qərargahında təşkilatın katibi Tuna Güvənçin aparıcılığı ilə keçirilən konfransda tədqiqatçı-yazıçı Mətin Yıldırım və AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının məruzələri dinlənilib. Məruzəçilər “erməni məsələsi”nin siyasi gündəmə gətirilməsinin məqsədi, qondarma “erməni soyqırımı” iddialarının əsassızlığı, erməni terror təşkilatlarının törətdikləri ağır cinayətlər, onların yaranması və inkişafına təkan verən amillər və s. barədə ətraflı məlumat veriblər.

Sonra səkkiz yaşında olarkən erməni cəlladları tərəfindən atasının gözü qarşısında yandırılan Xocalı sakini Xəzəngül Əmirova yaşadığı müsibətin dəhşətlərindən danışıb.İSTAD-ın sədri Səfər Qaraqoyunlu qondarma “erməni soyqırımı” iddialarının 102-ci ildönümü ərəfəsində bu konfransın təşkilinin məqsədindən danışıb. Diqqətə çatdırıb ki, ermənilərin əsassız iddialarını dəstəkləyənlər Xocalı soyqırımının dəhşətləri qarşısında susurlar.

TürkBirDev Vəqfinin sədr müavini Hüseyn Ali Yücel çıxışında ermənilərin törətdikləri cinayətlərin, əsassız iddialarının qarşısının alınması və gələcəkdə belə faciələrin yaşanmaması üçün türk dünyasının birlik və həmrəyliyinin vacibliyindən bəhs edib.Çıxışlarda qeyd olunub ki, qondarma “erməni soyqırımı” məsələsində əsl gerçək Xocalı soyqırımına dair faktlar və sübutlardır. Heç kim unutmamalıdır ki, düşmən hər zaman yeni-yeni soyqırımıları törətməyə fürsət axtarır. Bunun qarşısını almaq üçün tarixin müxtəlif dövrlərində ermənilərin xalqlarımıza qarşı törətdikləri cinayətləri dərindən öyrənmək, əhalini, xüsusən gəncləri, eləcə də dünya ictimaiyyətini bu barədə geniş məlumatlandırmaqdır.

Sonra erməni vəhşiliyinin acı nəticələrini əks etdirən film nümayiş olunub. Filmdə XIX əsrin sonlarından başlayaraq ermənilərin törətdikləri cinayətlərdən, o cümlədən Azərbaycan torpaqlarının 20 faizinin işğal olması, bir milyondan çox azərbaycanlının atababa yurdundan qaçqın düşməsi, Xocalı soyqırımı və digər cinayətlərdən ətraflı söhbət açılıb.

Türkiyənin Anadolu Agentliyinin konfransdan yaydığı informasiya əsasında qardaş ölkə KİV-ləri Xocalı soyqırımını yenidən gündəmə gətiriblər.

Həmçinin ABŞ-da da Ermənistan əleyhinə tədbir keçirilib. Belə ki, Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq təşkil olunub.Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib. “Anadoluagentliyinin verdiyi məlumata görə, mitinq Türk Amerikan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunub.

Etiraz tədbirinə türk dərnəkləri ilə yanaşı digər ölkələrin icmaları da dəstək verib. Mitinqdə ermənilərin 1915-ci il hadisələrinə dair iddiaları rədd edilib, problemin dialoq yolu ilə həll olunmasının vacibliyi qeyd olunub.Platformanın ətrafına şəhid diplomatların fotoları və məlumatlarının yer aldığı plakatlar asılıb. Bəzi plakatlarda dialoq çağırışı edilib.

 

Tural Tağıyev

Palitra.-2017.-2 may.-S.11.