“Azərbaycan dünyanın mədəniyyətlərarası
dialoq mərkəzlərindən birinə
çevrilib”
Politoloq Nəzakət Məmmədova: “Azərbaycandakı
mehriban birgəyaşayış ənənələri
dünya sivilizasiyaları arasında
münasibətlərin tənzimlənməsində və
inkişafında nümunə kimi göstərilir”
Bakı daha bir
beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Söhbət
sayca dördüncü
dəfə keçiriləcək Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Mayın
4-6-ı tarixlərində baş tutacaq forumun başlıca
müzakirə mövzuları mədəniyyətlər və
sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması olacaq.
Məlumat üçün qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu Prezident İlham
Əliyevin qlobal miqyaslı təşəbbüsüdür.
Forumun əsas tərəfdaşları
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Dünya Turizm
Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Avropa Şurası,
ISESCO kimi beynəlxalq təşkilatlardır.
Mədəniyyətlərarası dialoq müasir
dünyamızla yanaşı, Azərbaycan üçün
də mühüm əhəmiyyət kəsb
edir və belə bir
mötəbər tədbirin məhz Bakıda keçirilməsi
ölkəmizə birmənalı olaraq
müsbət dividentlər gətirir. Elə beynəlxalq
məsələlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova da bu qənaətdədir.
Nəzakət Məmmədova bildirib ki, bunu təsdiq edən
başlıca amillərdən biri
dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının
forumun tərəfdaşı qismində iştirak etməsidir: “Bildiyimiz
kimi, Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansı, Avropa
Şurası, UNESCO, İSESCO və digər mühüm
beynəlxalq təşkilatlar forumun əsas
tərəfdaşlarıdır. Forumun tərəfdaşı
isə elə Azərbaycanın tərəfdaşı deməkdir.
Eyni zamanda Azərbaycanın
həmin təşkilatlarda olan imici, nüfuzudur. Onsuz da yüksək səviyyədə olan bu münasibətlər
ölkəmizin bu kimi
beynəlxalq tədbirlərə evsahibliyi
etməsindən sonra deyərdim ki, yeni bir
mərhələyə qədəm qoyur və
rəsmi Bakının bu istiqamətdəki
təşəbbüs və təklifləri həmin təşkilatlar tərəfindən birmənalı
olaraq qəbul edilir. Çünki dövlətimiz tərəfindən
irəli sürülən təkliflər, Cənab Prezidentin təşəbbüsləri beynəlxalq
sülhə və təhlükəsizliyə xidmət edir, humanitar fəlakətlərin
qarşısının alınmasına hesablanır. Təsadüfi
deyil ki, məhz bütün bunlar Azərbaycanı
dünyanın mühüm mədəniyyət
və mədəniyyətlərarası dialoq
mərkəzlərindən birinə çevirib”.
Nəzakət Məmmədova qeyd edib ki, bu
kimi forumların məhz Azərbaycanda
keçirilməsini şərtləndirən bir
sıra amillər vardır: “Birincisi, Azərbaycanda
mövcud olan çoxəsrlik
tolerant mühit.
Ölkəmizdə mövcud olan bu şərait
artıq bütün dünyaya
məlumdur. Azərbaycanda təkcə dini
deyil, eyni zamanda milli zəmində də
tolerantlıq mövcuddur. Bütün
dini konfensiyaların nümayəndələri
kimi, digər xalqların təmsilçilərinə
qarşı da tolerantlıq nümayiş etdirilir. Bu gün Azərbaycanda məscidlərlə
yanaşı, kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Həmçinin
günümüzdə Azərbaycanda yaşayan
digər xalqların nümayəndələri azad
və müstəqil şəkildə öz
ana dillərində danışa, mədəniyyət
mərkəzləri, mətbu orqanlar təsis
edə bilirlər. Azərbaycan Prezidentinin
2011-ci il, aprel
ayının 7-9-da keçirilən forumda
çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycanda milli və dini dözümlülüyün,
tolerantlığın yüksək səviyyədə
olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir:
“Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir.
Biz tam əminik ki, dini və milli amildən
asılı olmayaraq, istənilən cəmiyyətdə
normal münasibətlər qurmaq mümkündür.
Əlbəttə, bunun üçün
ənənələr lazımdır, eyni
zamanda, dövlət siyasəti də
lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda
hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü
şəraiti bizim üçün
yaradır, həm də bu sahədə
dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm
ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs
bizim dəyərli vətəndaşımızdır.
Mən şübhə etmirəm ki, Azərbaycanda
milli və dini dözümlülük məsələləri
bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan
vətəndaşları bundan sonra da bir
ailə kimi yaşayacaqlar”.
Bütün bunları bu
kimi beynəlxalq tədbirlərə gələn
xarici qonaqlar da öz gözləri ilə
görür, onun əyani
şahidinə çevrilirlər. Eyni zamanda onlar forum
və toplantılarda çıxışları, həmçinin
ölkəmizdən qayıtdıqdan sonra
Azərbaycanla bağlı təəssüratlarını
bölüşərkən həmin müsbət məqamları
xüsusi olaraq
vurğulayırlar. Bir sözlə Azərbaycandakı
mehriban birgəyaşayış ənənələri
dünya sivilizasiyaları arasında
münasibətlərin tənzimlənməsində və
inkişafında nümunə kimi göstərilir.
Ona görə də bu
kimi amillər Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlərin Azərbaycanda
keçirilməsini şərtləndirir”. Nəzakət Məmmədova
deyib ki, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun ölkəmizdə
keçirilməsini şərtləndirən digər amil Azərbaycanın bu
sahədə zəngin təcrübəyə malik
olmasıdır: “Məlumdur ki,
Azərbaycan Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu ilə
yanaşı artıq bir neçə dəfə
keçirilən Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal
Forumları və digər tədbirlərə ev
sahibliyi edərək onları yüksək
səviyyədə həyata keçirir.
Məhz əldə edilən təcrübə və
qazanılan uğurlar, irəli
sürülən təşəbbüslər qeyd
etdiyim kimi müasir dünyamızı narahat
edən mühüm məsələlərin
Bakıda müzakirə edilməsini şərtləndirir”. Politoloq deyib ki, bu kimi
mötəbər tədbirlərə ev sahibliyi etməklə Azərbaycan həm də
beynəlxalq əhəmiyyətli humanitar
məsələlərin müzakirə edildiyi
məkan rolunu oynayır: “Elə
forumun Bakıda keçirilməsi də onu bir daha
təsdiq edir”. Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin haqq səsinin,
xüsusilə Dağlıq Qarabağ problemi, Ermənistanın
işğalçılıq siyasətinin bir
daha dünya ictimaiyyətinə
çatdırılması baxımından da
mühüm əhəmiyyət kəsb
edir. Politoloq hesab edir ki,
hər belə tədbir Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmə çatdırılması
baxımından xüsusi önəm
daşıyır: “Həmin tədbirlərdə
çıxışı zamanı Azərbaycan Prezidenti Ermənistanın
işğalçılıq siyasəti barədə
iştirakçıları ətraflı şəkildə məlumatlandırır,
münaqişə ilə bağlı Azərbaycanın mövqeyini onlara
çatdırır. Eyni zamanda
dövlət başçısı bu kimi beynəlxalq təbdirlər vasitəsilə
beynəlxalq aləmə, dünya birliyinə
münaqişəni həll etmək istiqamətində ciddi addımlar atmaq barədə
mesaj vermiş olur. Hesab edirəm ki, keçirilən həmin forumların ən
əhəmiyyətli tərəfi məhz budur”.
Nəzakət Məmmədova qeyd
edib ki, Azərbaycanın
düşünülmüş xarici siyasəti və beynəlxalq sülhə
töhfə verən addımları ilə bundan
sonra da bütün dünyada mədəniyyətlərarası
dialoqun əhatə dairəsini
artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və
qarşılıqlı anlaşmanın dəstəklənməsını
öz töhfəsini verəcək.
Cavidan
Palitra.-2017.-4 may.-S.6.