Məcburi köçkünlər Cocuq Mərcanlıya qayıdır

 

Sergey Markedonov: “Əgər gürcü-osetin, gürcü-abxaz münaqişəsində Rusiya və Qərbin mövqeləri bir-birinə qarşı ziddiyyət təşkil edirsə, biz bu halı Qarabağ münaqişəsində müşahidə etmirik

 

Müasir Rusiya Tarixi Muzeyində Cənubi Qafqazdakı münaqişələrə həsr olunanZaqafqaziya: münaqişələr arxada qalıb, yoxsa irəlidədir?” mövzusunda tədbir keçirilib. Tədbirdə rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tarix elmləri namizədi Sergey Markedonov mühazirə deyib. S. Markedonov bildirib ki, son illər Cənubi Qafqazdakı münaqişələr ikinci plana keçib və kölgədə qalıb: “Bunun səbəbi Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət, xüsusilə də Suriya münaqişəsidir. Bununla belə, Cənubi Qafqaz olduqca problemli region olaraq qalmaqda davam edir. Əgər biz bu regionun son 25 illik tarixinə baxsaq, görərik ki, Sovet İttifaqının süqutu 9 münaqişə ilə müşayiət olunub. Bu münaqişələr fərqli idi, etno-siyasi, vətəndaş, konfessiyalararası s. Bu münaqişələrdən altısı məhz Böyük Qafqazın payına düşür. Çeçen-inquş, gürcü-abxaz, gürcü-osetin müharibələrinin özü məhz Cənubi Qafqazda baş verən müharibələrlə birbaşa əlaqəli idi. Bu münaqişələrin geridə qalmasına, öz aktuallığını itirməsinə baxmayaraq, onların tamamilə həll olunduğunu söyləmək olmaz”.

S. Markedonovun sözlərinə görə, Cənubi Qafqazda bir münaqişə var ki, aktuallığını bu gün qoruyub saxlayır: “Bu Dağlıq Qarabağ münaqişəsidir. Ötən ilin aprelində bu münaqişənin eskalasiyasını müşahidə etdik. Mətbuatda buna dörd günlük müharibə deyirlər. Bu, 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanmasından sonra baş verən ən böyük eskalasiya idi. Həmin eskalasiyadan sonra Azərbaycan Ermənistanın Baş Qərargah rəisləri Moskvada atəşkəs haqqında razılığa gəldilər. Lakin bu, atəşkəs demək deyil. Çünki təmas xəttində atəşkəs tez-tez pozulur. Atəşkəs təkcə Dağlıq Qarabağdakı 193 kilometrlik təmas xəttində deyil, həm Azərbaycan Ermənistanın dövlət sərhədində pozulur”.

S. Markedonov münaqişənin həllində region ölkələrinin - Rusiya, İran və Türkiyənin oynadığı roldan da danışıb: “İran bu gün yeganə ölkədir ki, Qarabağ münaqişəsinin həllində nizamlayıcı sənəd olan yenilənmiş Madrid prinsiplərini tanımadığını bəyan edir. Tehran münaqişənin xarici oyunçu olmadan məhz region ölkələrinin iştirakı ilə həllinin tərəfdarıdır. Tehran yenilənmiş Madrid prinsiplərindəki bəndlərdən biri ilə razı deyil. Həmin bənd münaqişə bölgəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsini özündə ehtiva edir ki, İran bunu özünün milli təhlükəsizliyinə hədə kimi görür. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə yeganə region ölkəsidir ki, dörd günlük müharibə vaxtı Azərbaycanı açıq-aydın dəstəklədi. Türkiyədən başqa, məlum səbəblərə görə Ukrayna da həmin vaxt Azərbaycanı dəstəkləmişdi. Digər ölkələr, Rusiya, ABŞ, Avropa İttifaqı çox balanslı mövqe tutdular. Deyə bilərik ki, Cənubi Qafqaz regionu Rusiya və Qərbin rəqabət meydançasıdır. Lakin bu, o demək deyil ki, regiondakı bütün münaqişələrdə Rusiya və Qərbin maraqları toqquşur. Əgər gürcü-osetin, gürcü-abxaz münaqişəsində Rusiya və Qərbin mövqeləri bir-birinə qarşı ziddiyyət təşkil edirsə, biz bu halı Qarabağ münaqişəsində müşahidə etmirik. Əksinə, Rusiya və Qərbin maraqları bu münaqişənin həllində güclü toqquşmur. Buna əyani sübut kimi aprelin 28-də Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünü göstərmək olar. Həmin görüşdə ATƏT -in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi köməkçisi də iştirak edirdilər. Bu münaqişə postsovet məkanında yeganə münaqişədir ki, Rusiya və Qərb arasındakı qarşılıqlı əməkdaşlıq hələ də kəsilməyib. MoskvaVaşinqton bu gün Azərbaycan və Ermənistan arasında kompromis tapa bilməz. Bu kompromisi Bakı və Yerevan özü tapmalıdır. Status-kvonun Moskvaya Vaşinqton tərəfindən pozulmasını gözləmək də yersizdir”.

Rusiyalı politoloq Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həllinin mümkün olduğunu da söyləyib: “Çox vaxt fikirlər səslənir ki, Cənubi Qafqazdakı münaqişələrin ancaq sülh yolu ilə həlli mövcuddur. Xeyr, bu belə deyil. Bütün münaqişələrin güc yolu ilə həlli olduğu kimi, Cənubi Qafqazdakı münaqişələrin də güc yolu ilə həlli mövcuddur. Ərazi bütövlüyü məsələsi ancaq güc yolu ilə həll edilir. Biz bunu Balkanlarda da gördük. Xorvatiya öz ərazi bütövlüyünü müharibə yolu ilə həll elədi. Lakin münaqişənin güc yolu ilə həlli üçün müharibə ssenarisinin təminatçısı və siyasi şərt lazımdır. Əgər bunlar yoxdursa, o zaman müharibə yolu ilə həll mümkün deyil. Bu zaman da münaqişənin həlli uzanacaq”.

 

Sülh Səfirləri” institutu təsis olunub

Onu da deyək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Azərbaycan Sülh Platforması yaradılıb. Artıq Sülh Platformasının nəzdində “Sülh Səfirləri” institutu təsis olunub. “Sülh Səfirləri” Sülh Platformasına üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir.

İnstitutun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq tərəfindən tanınmış prinsip və normaları çərçivəsində Platformanın ideyalarının sürətli yayılması və sülh naminə insan resurslarının fəal və mobil istifadəsində Sülh Platformasına dəstəkdir. “Sülh Səfirləri”nin aşağıdakı hüquq və vəzifələri var:

- Yaşadıqları ölkələrdə Ermənistan-Azərbaycan Sülh Platformasını təmsil etmək, Sülh Platformasının adından danışmaq və təqdimatlar keçirtmək:

- Sülh Platforması adından tədbir keçirtmək

- Beynəlxalq ictimaiyyətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini çatdırmaq

- Öz fəaliyyətlərini Sülh Platformasının katibliyi ilə koordinasiya etmək və məsləhətləşmələr aparmaq.

Sülh Səfirləri adına Sülh Platformasının katibliyi tərəfindən hər ölkədən bir nümayəndə seçilir. Sülh Səfirləri Ermənistan-Azərbaycan Sülh Platformasının aktiv üzvləri arasında seçilir. Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub. Aureliya Qriqoriu Moldova, Tatyana Krupa Ukrayna, Mişel İvor Belçika, Vitold Oleynik Polşa, Aleksey Averyaninkov Latviya, Yelena Stankoviç Serbiya, Domeniko Letiziya isə İtaliya üzrə sülh səfiri təyin edilib. “Sülh Səfiri” olmaq istəyən Sülh Platformasının üzvləri “arm.azpeace@gmail.com” ünvanına müraciət edə bilərlər.

 

Cocuq Mərcanlı kəndinin 200-dən çox ailəsi müraciət edərək öz evlərinə qayıtmaq arzusunda olduqlarını bildiriblər”

Bir xoş xəbəri də qeyd edək ki, Cəbrayıl rayonun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinin respublikanın 17 şəhər və rayonunda müvəqqəti məskunlaşmış ailələrindən 200-dən çoxu müraciət edərək geriyə -öz evlərinə qayıtmaq arzusunda olduqlarını bildiriblər. Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Ə.Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin tam həlli onların öz əzəli ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bilavasitə bağlıdır.

Onun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həlli uzanır: Lakin məcburi köçkünlər gələcəyə inamla baxır, ümidlə yaşayırlar. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına layiqli cavab verməsi, mühüm Lələtəpə yüksəkliyini qaytarması, torpaqlarımızı azad etməyə qadir olması bu inamı daha da artırıb”.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-5 may.-S.11.