Grand Thronton” şirkəti: “Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir”

 

Riçard Hoqland:

"Münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqlara başlamağın vaxtıdır"

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı əsas amillərdən biri də məhz beynəlxalq təşkilatların mövcud vəziyyətlə bağlı dəqiq məlumatlandırılması, həmin təşkilatların problemi düzgün qiymətləndirməsidir. 1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzalayıb. ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrilib. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu adlı qurum fəaliyyət göstərir.

 

Hoqland:

"ABŞ və Rusiya arasındakı problemlər Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcək"

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözlənilir”. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O qeyd edib ki, həmsədrlərin səfərindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac olub-olmaması barədə qərar qəbul ediləcək.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində bildirib ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək: “Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq, mən inanıram ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionda sabitliyi poza bilər və Rusiyanın maraqlarına ziddir”.

Diplomatın sözlərinə görə, Rusiya ilə ABŞ-ın milli maraqlarında fərqliliklər və dünyada baş verən hadisələrə fərqli yanaşmaların mövcud olmasına baxmayaraq, hər iki ölkə Dağlıq Qarabağ kimi məsələlərdə birlikdə çalışıb, problemi birlikdə həll edə bilər. Riçard Hoqland onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır: “İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”.

 

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamalıdır"

Riçard Hoqland onu da bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox rol oynamalıdır. Diplomat ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynaması barədə fikirlərə qatıldığını söyləyib: "Hazırda biz ABŞ-ın yeni prezident administrasiyasının ilk mərhələsindəyik. Vaşinqton hələ də xarici siyasətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Bir az səbir etmək lazımdır və gələcək aylarda hansı inkişafa nail ola biləcəyimizi görəcəyik. Sülh quruculuğu prosesində əsas məsələ hər iki tərəfin yüksək səviyyəli insanlarından asılıdır".

R. Hoqland qeyd edib ki, həmsədrlər atəşkəsə tam təminat verə bilməz: "Bu, birbaşa hər iki ölkənin liderləri tərəfindən edilməlidir. Onlar təşəbbüs göstərməli və deməlidirlər ki, artıq daha yaxşı yaşamağın, daha gözəl dünyanın vaxtıdır. Biz diqqətimizi hər iki tərəfin məmnun qalacağı təkliflərə cəmləşdirməliyik. Liderlər danışıqlar masasına əyləşməli və hər kəsin faydalana biləcəyi danışıqlar aparmalıdır. Bu kimi münaqişələrdə sən istədiklərini əldə etməyi yox, hər kəsin, hər xalqın faydalanacağı ortaq bir nəticəyə cəhd göstərməlisən və hər kəs bunun üçün çalışmalıdır“.

 

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən Britaniya şirkətinə xəbərdarlıq olunub

 

Bu gün xarici ölkə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti, eləcə də xarici ölkə nümayəndələrinin oraya səfəri, sənətçilərin orada çıxışları ölkəmiz tərəfindən qəbul edilmir. Bugünlərdə İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton" beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan"ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın "Hayastan" fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb. Nazirlikdən verilən məlumata görə, araşdırmalar zamanı "Grand Thronton Ermənistan" şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın "Hayastan" fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib.

Bununla əlaqədar, "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi nazirliyə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın "Hayastan" Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, "Hayastan" Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb.

Şirkətin mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğubununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda, şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.

 

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkib

Ermənistan tərəfi yalnız Azərbaycan torpaqlarının işğalı ilə kifayətlənmir, vətəndaşlarımızı da girov götürməyə cəhd edirlər. Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, onlara ailələri ilə məlumat mübadiləsi aparmaları üçün şərait yaradılıb və baş çəkmə BQXK-nın standart proseduralarına uyğun aparılıb.

İ. Hüseynova, həmçinin qeyd edib ki, BXQK, mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsinbu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

 

Nigar Abdullayeva

Palitra.-2017.-11 may.-S.13.