Azərbaycanlı rəssamın əsərləri Kölndə nümayiş olunub

 

Almaniyanın Köln şəhərindəki Art Kafe Qalereyasında rəsm sərgisi keçirilib. Sərgidə həmyerlimiz Marqarita Kərimova və daha 3 rəssamın əsərləri nümayiş olunub.

Sərginin mövzusu “Mədəniyyətlərin fərqliliyi incəsənəti daha da zənginləşdirir” olub. Bu haqda Almaniyada yaşayan gənc rəssam Leyla Rəsulzadə məlumat verib: “Azərbaycanın ötən əsrin və bu əsrin tanınmış rəssamı Marqarita Kərimova bu yaz fəslində də Köln şəhərinin Art Kafe-sində 22 əsəri ilə yeni mövsümü açaraq 3 dövrü özündə cəmləşdirdi. Əsərləri yağlı boya, akvarelquaşlarla işləmiş rəssam sanki gözün gündəlik gördüyü rənglərə yeni həyat verir, yenidən dünyanın və insan fikrinin metamorfozunu gündəmə gətirərək hər bir izləyicisini özü ilə birlikdə düşüncələr qatarına salırdı. Marqarita xanımın sərgidə “Bir Gülün Metamorfozu” (13 əsərdən ibarət), “Həyatın sirri” (2 əsər), “Qovluq” və “Tenerifa” (4 əsərdən ibarət), “Flora Parkı” (2 quaşla işlənmiş və 2 quru mella işlənmiş) adlı rəsmləri nümayiş olunurdu”.

L.Rəsulzadənin fikrincə, sərgidə müxtəlif xalqların mədəniyyətinin və irsinin nümayiş etdirilməsi yeni gənc nəsillərə artıq dünya arenasında ad qazanmış rəssamlarla bir məkanda, cəmdə iştirakının təmini bir növ yeni inkişafın təkanverici faktorlarından biridir: Belçika, Rusiya, Almaniya, İran kimi ölkələrin rəssamları sırasında Azərbaycan daxilində hələ keçmiş SSRİ vaxtlarından tanınmış və xaricdə- Almaniyada illərcə tanınmış və hörmət qazanmış Marqarita Kərimova bir daha publikanı öz əsərlərinin yeni yaz fəsli tək təravətliliyi ilə yeni ideyalarla valeh etdi”.

Sərgi bu yaxınlarda öz hünəri və talantı ilə fərqlənən, Ferrole yarışmasının iştirakçısı, İspaniyada Azərbaycanın adını bu yaxınlarda ucaldan pianist Toğrul Hüseynlinin ifası ilə başlayıb. Sərgi barədə sensasiyalı və əfsanəvi rəssam Hans Yürqen Kühl rəy verərək qonaqları bir daha təbrik edib. Sərgidə gözlənildiyindən daha çox insan iştirak edib.

Xatırladaq ki, sərginin keçirildiyi Art Kafe Qalereyasının əsası həmyerlimiz Cavid Xanlarov tərəfindən qoyulub. Bura bütün növ rəssamlar buraxılaraq iştirak edirlər.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-11 may.-S.13.