Dünya İdman Oyunlarının Azərbaycan standartı, yaxud XXI əsrin min bir gecəsi

 

İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimi müstəqil Azərbaycan Respublikasında müasir və hərtərəfli inkişafın böyük təntənəsini nümayiş etdirdi. Bundan əvvəl Avropa Oyunlarında qazanılmış zəngin təcrübə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilinin möhkəm bünövrəsini təşkil edir. Azərbaycan böyük uğurla keçmiş, yeniliklər üzərində qurulmuş Avropa Oyunlarını qətiyyən təkrar etmədən IV İslam Həmrəyliyi Oyunları ilə dünyaya tamamilə yeni tipli bir İdman oyunları açılışı mərasimi təqdim etdi. Bu, İslam Həmrəyliyi Oyunlarının möhtəşəm Azərbaycan modeli idi. Bu, İslam Həmrəyliyi Oyunlarında meydana çıxmış Bakı standartıdır. Fikrimizcə, IV İslam Həmrəyliyi Oyunları Dünya Olimpiya Oyunları, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları tarixində yeni bir başlanğıc, fərqli bir hadisədir. Bundan sonra dünyanın müxtəlif ölkələrində keçiriləcək İdman Oyunlarının Açılış Mərasimlərinin səviyyəsi IV İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimi ilə müqayisə olunmalıdır. Azərbaycan dünyanın diqqətini cəlb edən və heyrətinə səbəb olan nəhəng bir idman hadisəsinin müəllifi oldu. Bu, xalqı və dövləti ilə fəxr edən hər bir Azərbaycan vətəndaşı üçün qüruriftixar mənbəyi olan parlaq tarixi hadisədir.

İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimi yeni tarixi epoxadakı Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıran böyük nümayişi idi. Açılış mərasimi hazırkı dövrdə Azərbaycan Respublikasının geniş iqtisadi imkanlara, böyük və zəngin mədəniyyətə, qüdrətli şəxsiyyətlərə, ən yüksək texnologiyaya əsaslanan müasir inkişaf səviyyəsinə malik müstəqil bir dövlət olduğunu əyani surətdə göstərdi.

IV İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İlinin zirvəsidir. İslam Həmrəyliyi ilə və ümumiyyətlə Həmrəyliklə əlaqədar Azərbaycan dövlətinin və xalqımızın siyasi, elmi-mədəni imkanları və intellektual düşüncəsi Bakı İslam Həmrəyliyi Oyunlarında cəm halda bir yerdə və ən yüksək səviyyədə ifadə olunmuşdur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən yüksək xitabət kürsülərindən dünyada sülhünsabitliyin, əməkdaşlığın və inkişafın bərqərar olması, daha da möhkəmləndirilməsi naminə səsləndirdiyi ideyaların, çağırışların, mesajların, tezislərin cazibədar təsvirlərlə, nadir dekorativ tətbiqi sənət nümunələri ilə, xoreoqrafiyanın və musiqinin, habelə idman mərasimlərinin dili ilə ifadə olunmuş parlaq əməli ifadəsi idi. Azərbaycan Prezidentinin illərdən bəri uğrunda ardıcıl olaraq mübarizə apardığı humanizm, ədalət, bərabərlik, multikulturalizm, həmrəylik, tolerantlıq, mədəniyyətlərin və dinlərin dialoqu IV İslam Həmrəyliyi Oyunlarının Açılş Mərasiminin əsas fəlsəfəsinə çevrilmişdir. Müstəqil Azərbaycan bəşəriyyət qarşısında həmin planetar fəlsəfəni islam dünyasının intəhasız zənginlikləri, Azərbaycanın çoxəsrlik tarixi-mədəni ənənələri və müasir dövrdəki yüksək imkanları miqyasında möhtəşəm səviyyədə əks etdirmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komissiyasının sədri Mehriban xanım Əliyevanın Açılış Mərasimindəki parlaq nitqi Azərbaycanın müasir mərhələdəki çağırışlarını dolğun şəkildə mənalandırır və Bakıda keçirilən böyük mərasimdən müasir dünyaya ölkəmizin baxışlarını əks etdirir. Mehriban xanım Əliyevanın çıxışı eyni zamanda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda görülmüş böyük işlərin hesabatından və ölkəmizin bu oyunlarda izlədiyi qayənin bəyanatından ibarət olan mesaj kimimühüm əhəmiyyət kəsb edir.

İslam Həmrəyliyi İdman Federasiyasının Prezidenti Abdullah bin Mosaad bin Abduləzizin bu möhtəşəm idman tədbirinə yüksək standartlarböyük qonaqpərvərlik səviyyəsində ev sahibliyi etdiyinə görə Azərbaycan xalqına, Təşkilat Komitəsinə ünvanladığı təşəkkür əslində ölkəmizin yeni tarixi epoxadakı müasir inkişafına verilmiş böyük qiymətin ifadəsidir.

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycan dövlətinin Həmrəylik siyasətinin möhtəşəm təqdimatıdır. Təntənəli Açılış Mərasimi bəşəriyyətə həm də intibah mədəniyyəti bəxş etmiş İslam dünyasının Humanizmə və Ədalətə əsaslanan mənəvi zənginliklərini, yüksək bəşəri dəyərlərini çatdırmaq üçün XXI əsrin xitabət kürsüsü funksiyasını yerinə yetirmişdir. Bu, dərinməzmunlu möhtəşəm təqdimat bəzi ölkələrdə süni şəkildə yaradılmış islamofobiya təzahürlərinin, əzablı miqrasiya axınlarına ədalətsiz münasibətin, islamı yalnız terrorçuluqla əlaqələndirən dairələrin baxışlarının nə qədər yanlış olduğunu bütün bəşəriyyətə çatdırdı.

İslam Həmrəyliyi Oyunları Azərbaycanda sənətin bir neçə istiqamətinin: xoreoqrafiya, balet, mahnı və rəqslərin, dizayn və rəngkarlığın, ifaçılıq mədəniyyətinin hansı yüksək inkişaf səviyyəsində olduğunu nümayiş etdirdi.

İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycanın bütün regionlarında keçirilmiş su əhvalatı rəmzi mənada ölkəmizin dünyaya aydınlıq, bolluq və bərəkət bəxş etmək niyyətini əks etdirir. İslam Oyunları ərəfəsində Naxçıvandan başlanaraq Xəzər dənizinə qədər yaddaqalan fərqli mərasimlər vasitəsilə davam etdirilmişSu səyahəti”nin Açılış Mərasimində düşündürücü bir kollaj şəklində təqdim olunması beynəlxalq miqyasda Azərbaycanın xoş məramını, işıqlı niyyətlərini diqqət mərkəzinə çəkir.

Azərbaycanda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimi özünün cəlbediciliyinə, rəngarəngliyinə, romantikasına görə XXI əsrin min bir gecəsi kimi yaddaşlara yazıldı. Bu, - həqiqətən müstəqil Azərbaycan dövlətinin dünyaya təqdim etdiyi fərqli bir min bir gecə nağılıdır. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının Açiliş Mərasimi ilə bir gecədə min bir gecənin bütün gözəlliklərini və özəlliklərini, həmçinin müasir dövrün əsas çağırışlarını yüksək səviyyədə göstərib ifadə etməyin mümkünlüyünü isbat etdi. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının qeyri-adi Açılış Mərasimi dünya üzrə idman mərasimlərinin tarixi salnaməsinə parlaq hərflərlə yazılmış Azərbaycan əfsanəsidir. Bu, - sözün böyük mənasında Sülh, Birlik, Həmrəylik və Böyük Mədəniyyət bayramıdır.

Açılış mərasimi İslam Həmrəyliyi Oyunları üçün mükəmməl bir start nöqtəsidir. Ölkəmizdə bu böyük tədbirin yüksək səviyyədə keçməsi üçün yaradılan ideal nümunəvi şərait dünya ölkələrindən gəlmiş idmançıların özlərinin gücünü və bacarıqlarını nümayiş etdirməsi üçün arzu olunan bütün imkanları təqdim edir.

IV İslam Həmrəyliyi Oyunlarının ilk günlərində Azərbaycan idmançılarının qısa müddət ərzində qazandıqları parlaq nailiyyətlər ölkəmizin inkişafını və qüdrətini nümayiş etdirir.

İnanırıq ki, Azərbaycan idmançıları Dünya Olimpiadalarında və Beynəlxalq çempionatlarda olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da ölkəmizin yaxasını çoxsaylı medallarla bəzəyəcəklər.

Uğurlar olsun!

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

 

Palitra.-2017.-16 may.-S.7.