Məlahət Abdullayeva:
“İnnovativ və yaradıcı müəllimlər
dəstəklənməlidir”
Müsahibimiz ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimi, pedaqogika (riyaziyyatın tədrisi metodikası) üzrə fəlsəfə doktoru Məlahət Abdullayevadır. Məlahət xanım əvvəllər Masallı şəhər 3 nömrəli tam orta məktəbdə və Bakı şəhər 21 nömrəli tam orta məktəbdə çalışıb. Hazırda Riyaziyyat və informatika fakültəsində və eyni zamanda ADPU-da fəaliyyət göstərən "SABAH" qruplarında müəllimlik fəaliyyəti göstərir.
-Sizin
fikrinizcə, müəllim kimdir?
- Müəllim o kəslərə deyilir ki, onlar öz peşələrinin vurğunudurlar. İstənilən işdə, peşədə, sənətdə fədakarlıqla çalışan insanlara müəllim deyilir. "Müəllim" adı çox şərəfli və məsuliyyətli addır.
-Ali
məktəblərdə müəllim kadrları
hazırlığının səviyyəsi necədir?
- Fikrimcə, ali məktəblərdə müəllim kadrları hazırlığının vəziyyəti daha çox metodika kafedralarının işinin təşkilindən asılıdır. Qloballaşan dünyanın təhsil standartlarına cavab verən, innovativ metodlarla işləməyi bacaran müəllimlərin hazırlanması pedaqoji məktəblərin metodika kafedralarının əsas vəzifəsi olmalıdır. Bu vəzifənin uğurla həyata keçirilməsi üçün innovativ və yaradıcı müəllimlər dəstəklənməli və onlara şərait yaradılmalıdır. Etiraf edim ki, bizim riyaziyyat və informatika müəllimi hazırlayan Riyaziyyat və onun tədrisi metodikası kafedrası da müasir tələblərə tam cavab verə bilmir. Keyfiyyət baxımından görüləsi işlərimiz çoxdur. ADPU-nun yeni rəhbərliyi qarşıya hədəflər qoyub. İnanıram ki, kafedramız işini yeni hədəflərə uyğun qura biləcək. Ümumiyyətlə isə təhsil sahəsində aparılan innovasiyalar müəllim kadrları hazırlığının istiqamətlərinin dəyişilməsini tələb edir.
-İKT-nin
tətbiqinin müəllim hazırlığında nə kimi faydaları var?
- Yaşadığımız dövr informasiya-kommunikasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyi bir dövrdür. Müasir dövrdə İKT-dən istifadə etmədən, demək olar ki, uğur əldə etmək mümkün deyil. Hər bir müəllim və ya gələcəyin müəllimi olacaq bu günün tələbəsi öz elmi-nəzəri, tətbiqi biliklərini daim artırmalıdır. Bu isə hər birimizdən virtual müzakirələrdə iştirak etmək, informasiya mübadiləsi aparmaq, yerinə yetirdiyi tapşırıqları təqdim etmək və s. kimi bacarıqlar tələb edir. Bütün bunlar isə İKT-dən istifadəni müəllim hazırlığına aid fənlərin tədrisində tələbə çevirmişdir. Müəllim hazırlanmasında çox faydalı olan müəllim-tələbə əməkdaşlığı yalnız dərs zamanı deyil, dərsdən sonrakı dövrdə də informasiya texnologiyaları vasitəsilə reallaşa bilər.
-Tələbələr
əsas fənləri olan metodikanı necə
mənimsəyirlər?
- Riyaziyyat və informatikanın tədrisi metodikası fənnini tədris etdiyim qruplarda həmişə tələbələrin müəllimlik peşəsinə münasibətilə bağlı sorğu keçirirəm. Sorğunun nəticələrindən məlum olur ki, ali məktəblərə qəbul zamanı ixtisas seçimində müəllim ixtisasını birinci və ya ikinci yerdə yazan tələbələrin sayı olduqca azdır. Belə tələbələr metodikanı yalnız qiymət almaq üçün öyrənirlər. Lakin müəllimlik peşəsini sevib-seçib gələn tələbələr də var ki, onlar fənn üzrə metodikanı mükəmməl öyrənməyə çalışırlar.
-O zaman belə tələbələrdə
motivasiyanı necə yaratmaq olar?
- Təvazökarlıqdan uzaq olsa da deyim ki, metodika fənnini tədris etdiyim qruplarda "Müəllim işləmək istəmirdim, sizin dərsləriniz elə maraqlı keçir ki, mən də artıq müəllim işləməyə qərar verdim" -deyən tələbələrim olur. İstəsəniz, dərs apardığım qruplarda bir sorğu keçirin. Bu mənim üçün də çox maraqlı olardı. Bildiyiniz kimi, bu günlərdə ADPU-da kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə keçirilir. Müsabiqədə mənim üçün ayrılmış qrupda apardığım dərsin sonunda tələbələrin dediyi fikirlərdən aydın olur ki, biz müəllimlər hər bir dərsi müasir dövrün tələblərinə uyğun səviyyədə, interaktiv, əməkdaşlıq şəraitində təşkil edəriksə, tələbələrdə də motivasiya yaratmış olarıq və onlar bundan çox faydalanar.
Digər tərəfdən keyfiyyətli müəllim olmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Tətbiq zamanı problemlər yaranır. Tələbələrin əksəriyyətində müstəqil çalışmaq, öz üzərində işləmək, sərbəst qərar qəbul etmək, dünyagörüşü inkişaf etdirmək, yaradıcı işlərlə məşgul olmaq kimi meyarların səviyyəsi çox zəifdir. Vaxtdan səmərəli istifadə yoxdur. Lakin hazır mətni öyrənməklə kifayətlənən tələbələrlə yanaşı, seçdiyi peşəni yüksək səviyyədə öyrənməkdə daha çox maraqlı olan, metodoloji bilik və bacarıqlarını artıran, yaradıcılıqla məşğul olan, yenilikləri daim izləyən tələbələrimiz də az deyil. Nəzərə almalıyıq ki, yüksək keyfiyyət yalnız çalışmaqla, zəhmətlə əldə olunur.
-Yeni
təlim metodlarının müəllimlər üçün
nə kimi faydaları var?
- Məlumdur ki, müasir dərslər fəal (interaktiv) təlim metodu ilə tədris olunur. Müəllim-tələbə, tələbə-tələbə əməkdaşlığı şəraitində, müasir təlim texnologiyalarından, o cümlədən İKT-dən istifadənin köməyilə yaradılan işgüzar mühitdə öyrənilənlər həm müəllimlər, həm də tələbələr üçün çox əhəmiyyətli və faydalıdir.
-Azərbaycan
universitetləri kadr-müəllim hazırlığı üçün yetərincə imkanlara malikdirlərmi?
- Bu sualınıza daha doğru cavabı rəhbərlik və ya idarəetmə ilə məşğul olan mütəxəssislər verə bilər. Buna baxmayaraq, demək olar ki, müşahidələrimiz və aldığımız informasiyalar göstərir ki, hər bir universitet yetərincə daxili və xarici imkana malikdir. 2016-2017-ci tədris ilində ADPU-da görülən işlərdən aydın olur ki, ümumiyyətlə, hər bir sahədə potensial imkanların aşkara çıxarılmasında rektorun rolu böyükdür.
-Təhsilin
inkişafı, savadlı kadr yetişdirmək
üçün daha
hansı tədbirləri vacib hesab edirsiniz?
- Öyrənmənin yeri universitetdir. Bunun üçün tələbələrə kampus şəraiti yaradılmalıdır. Təhsilin inkişafı üçün normal maddi-texniki baza, tədris-texniki baza, yaradıcı və asudə vaxtlarını keçirmək üçün mühit olmalıdır. Bir sözlə, hər bir tələbə özünü kampusda xoşbəxt hiss etməlidir.
İnsan psixologiyasına təsir edən amillərdən biri də ən yaxşıları görmək, onlarla ünsiyyətdə olmaqdır. Bu baxımdan, ustad dərsləri, elmi seminarlar, yaradıcı insanlarla görüşlərin təşkil edilməsi çox əhəmiyyətlidir. Məlumdur ki, artıq ADPU-da arzuladığımız mühit yaradılıb və bu sahədə dinamik fəaliyyət davam edir.
Mühazirə mətnini öyrənib ən
yüksək balı toplamaqla, keyfiyyətli
müəllim olmaq mümkün
deyil. Tələbələrin özlərini
ənənəvi yaradıcı işlərdən daha çox müasir, günümüz
üçün aktual
olan yaradıcı işlərə cəlb
etmək lazımdır. Tələbə elmi
cəmiyyətinə təqdim olunan məqalələrin
ənənəvi forması, məzmunu dəyişməlidir. Məqalələrin məzmununu tələbələrin
praktik işlərinin, tədqiqatlarının,
elmi araşdırmalarının nəticəsi
təşkil etməli və bu işlər
isə təhsil müəssisələrində, elmi mərkəzlərdə emal
olunmalıdır.
Aytən Əlisgəndərova
Palitra.-2017.-16 may.-S.13.