Çiyələk həm ixrac,
həm də turizm məhsuludur
Fındıq istehsalında dünyada 3-cü olan ölkəmiz çiyələk istehsalçısı kimi ilk 5-likdə yer ala bilər
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığı bu sektorda bütün imkanlardan istifadə etməyə imkan verir. İlk növbədə kənd təsərrüfatı məhsulları hesabına ixracı şaxələndirməyin vacib olduğunu deyən ölkə başçısı qeyd edib ki, biz realist olmalıyıq, nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik: “Hazırda qeyri-neft sektorunun ixracı təxminən 10 faiz artıb, amma potensial daha da böyükdür. Ona görə, biz yeni ixrac bazarlarına çıxışı təmin etməliyik. Ənənəvi olan ixrac bazarlarına daha geniş çeşiddə məhsulla çıxmalıyıq. Eyni zamanda, yeni ixrac bazarlarını axtarmalıyıq. Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik”.
Dünyada ən böyük çiyələk istehsalçısı ABŞ, Avropada isə İspaniyadır
Bu gün istehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələyin dünya bazarında xüsusi yeri var. Çiyələkdən əldə edilən gəlir bu sahədə istehsalçı ölkələr arasında rəqabətin daha da artmasına səbəb olur. Dünya ölkələrinin çiyələklə tanışlığına gəldikdə isə hələ XVIII əsrdə Frezier adlı bir fransız əsgər Çiliyə göndərilir və geri döndüyü zaman ilk dəfə bu ölkədə yediyi və dadını çox sevdiyi kiçik qırmızı rəngli bir meyvəni, yəni çiyələyi Fransaya gətirir. Beləliklə, çiyələk oradan bütün dünyaya yayılır. Hazırda çiyələyin təxminən 600 növü mövcuddur.
Çiyələk, yazda heç bir meyvənin
olmadığı bir zamanda
yetişməsi səbəbiylə, istehlakçı tərəfindən
sevilən bir giləmeyvədir. Bu səbəbdən də digər meyvələr
bazarda öz yerini tutana qədər
çiyələk yüksək qiymətlə alıcı tapa bilir. Məhz bunun nəticəsidir ki,
çiyələk ABŞ, Kanada, Yaponiya və Avropa
bazarlarında yüksək qiymətlərlə
satılır. Ləzzətli, vitamin və
minerallarla zəngin, təzə olmaqla yanaşı, dondurulmuş
şəkildə də istifadə edildiyinə görə son illərdə geniş bir istehlakçı kütləsinə malikdir. Nəticədə artan
tələb nəticəsində dünyada
çiyələk istehsal sahələri,
çeşidi və davamlılıq
baxımından alternativsiz bir məhsul kimi
istehsalı artmaqdadır. Birləşmiş
Millətlər Təşkilatının Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) məlumatlarına
görə, 2005-ci ildə 3,8 milyon ton olan dünya
çiyələk istehsalı, 2009-cu ildə 4,6 milyon tona çatıb.
2012-ci ildə 4 milyon 532 min
ton çiyələk istehsal
edilib. Həmin ildə ABŞ 1 milyon 367 min ton istehsalla dünya istehsalının 30 faizini
qarşılayıb. Bu ölkəni 360 min tonla Meksika, 353 min tonla Türkiyə, 290 min tonla İspaniya, 242 min tonla Misir izləyib. Türkiyə 2014-cü ildə
17 milyon dollarlıq 14
min 286 ton çiyələk ixrac edib, ixracatda
Rusiya 13 milyon dollarla ilk sırada olub, Rusiyanı İraq və Rumıniya təqib edib. Türkiyədə çiyələyin müasir
texnikalarla istehsalına
1970-ci illərdə başlanılıb,
bu istehsal 2005-ci ildə 200 min tona, 2007-ci ildə 250 min, 2011-ci ildə
300 min tona çatıb.
Bu gün dünyanın
ən böyük çiyələk istehsalçısı
ABŞ-da illik istehsal təxminən 500
min tondur. Avropanın
ən böyük çiyələk istehsalçısı
olan İspaniyada hər il
400-500 milyon şitil yetişdirilir və bunu əkən fermerlər 250-300 min ton çiyələk
istehsal edirlər. Sadəcə,
çiyələk ixracatından
(təzə və dondurulmuş) İspaniya ildə 200-300 milyon dollar gəlir əldə edir. 1980-ci illərin
əvvəllərində İtaliya
ən böyük çiyələk istehsalçısı
olduğu halda, daha sonra İspaniya
önə keçib.
Bu gün dünyada
ən bahalı 10 meyvənin sırasında
çiyələyin də
adı var. Belə ki, Senbikiya Kraliça
Çiyələyinin 12 dənəsi
83 dollardır. Bu çiyələk
Tokioda bir lüks meyvə salonunda, mükəmməl
şəkildə alıcıya
təqdim edilir. Eyni rəngli və ləkəsiz olan bu çiyələklər,
həqiqətən də
bir rəsm kimi görünür.
Senbikiya Çiyələyi olduqca
bahalı qiymətə
olmasına baxmayaraq, lüks meyvə dükanında gündə
ortalama 50 qutu satılır.
Çiyələk turizmi
Bu gün turistləri
cəlb etmək üçün müxtəlif
üsullardan istifadə
edən turizmçilər
artıq çiyələk
turizminə də müraciət ediblər. Belə ki,
Türkiyənin Alanya
bölgəsinə tətilə
gələn turistləri
40 avro müqabilində
Gazipaşaya gətirən
bəzi tur firmaları təşkil etdikləri maraqlı turlarla diqqət çəkir. Gazipaşanın təbii gözəlliklərini
doyana qədər gəzmək imkanı tapan turistlər tarladan çiyələk,
ağacdan tut toplamaq və digər fəaliyyətlərə qatılırlar.
Yığdıqları məhsulların bir yeşiyinə 5 manat pul ödəyən
turistlər, istehsalçıya
da ciddi bir qatqı təmin edirlər. Çiyələk bağçasına gedən turistlər, istədikləri qədər
çiyələk yeyir
və yığırlar.
"Çiyələk çox gözəl" deyən 10 yaşındakı
Gabija Jablouskeiene həyatında ilk dəfə
çiyələk tarlası
gördüyünü və
çiyələk yığdığını
ifadə edərək,
"Bunu əsla unutmayacağam" deyib.
Çiyələk ixracı
Azərbaycanda ildə təxminən, 600
ton çiyələk istehsal
olunur. Ümumilikdə mütəxəssislərin hesablamalarına görə,
"çiyələkçilik"in inkişaf potensialı elədir ki, idxal etməyə ehtiyac yoxdur və tələbatı öz məhsulumuzun istehsalı hesabına ödəmək olar.
Çiyələk, həmçinin Azərbaycanın dağlıq
və meşəlik ərazilərində son dərəcə
geniş yayılıb.
Quba, Xaçmaz, Qusar, Şəki rayonlarında, Zaqatala və Lənkəranda çiyələk plantasiyaları
paylanıb. Bu giləmeyvənin 20 məşhur
növü, eləcə
də yabanı növü bizdə də yayılıb.
Digər
sortlardan fərqli olaraq meşə çiyələyi mayda -
iyunun əvvəli və yayın sonuna qədər çiçəkləməyə başlayır. Hətta 2013-cü ildə Gəncədə çiyələk festivalı
keçirilib.
Son illər çiyələk
istehsalının artırılması
istiqamətində həyata
keçirilən tədbirlərdən
biri kimi çiyələk emalı
müəssələrinin yaradılması
üzrə nümunəvi
investisiya layihələrinin
təqdimatı keçirilib. Bundan başqa,
“AS Group Investment” Şirkətlər qrupu tərəfindən
2016-cı ildə Hövsan
qəsəbəsində kənd
təsərrüfatı məhsullarının
istehsalı, emalı,
saxlanması və ixracını əhatə
edən aqroparkın yaradılmasına start verilib.
İlkin mərhələdə
Aqropark-da pomidor və çiyələk
(o cümlədən Azərbaycanda
ilk dəfə olaraq ağ çiyələk)
istehsal olunacaq. Pilot layihə çərçivəsində
istehsal olunan ilk məhsul artıq yaxın aylarda daxili və xarici bazarlara çıxarılacaq. Azərbaycanın mülayim iqlim şəraiti, o cümlədən
ilin 230-260 gününün
günlü olması,
istixanalarda qazın istifadəsini minimuma endirir. Bu isə
məhsulların qiymətinin
xarici bazarlarda rəqabətədavamlılığını
artırır. Məhz bunu
nəzərə alaraq,
Aqropark-da istehsal olunacaq məhsulların Yaxın Şərq, Avropa İttifaqı, Rusiya və Qazaxıstan bazarlarına ixrac olunması nəzərdə tutulub.
Bu gün bazarda kifayət qədər yerli çiyələk var və bu
öz məhsulumuzun istehlak tələbini ödədiyini göstərir. Qeyd edək
ki, hazırda bazarda təzə çiyələklə yanaşı,
qablaşdırılmış-cem, mürəbbə şəklinə
də rast gəlinir. Bu isə onu göstərir
ki, istehsalın yetərincə olması məhsulun emalına da imkan verir.
Nəticədə bizim çiyələk
ixracından milyon dollarlar əldə edən ölkələr sırasında olmaq potensialımız var. Bu gün
fındıq istehsalında
dünyada 3-cü yerdə
olan ölkəmiz çiyələk istehsalçısı
kimi ilk 5-likdə olmaq
imkanı əldə edə bilər.
Nigar Abdullayeva
Palitra 2017.- 16 may.- S.5.