“İtaliyanın münaqişənin ədalətli həllinə səy göstərəcəyinə ümid edirik

 

Elmar Məmmədyarov:

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir”

 

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi ilk zamanlarda beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilir və ölkənin BMT-yə qəbul olunmaq arzusu ifadə edilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Elə həmin ilin martında Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıldı.

Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdibu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi

Artıq ATƏT-in Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə qətnamə qəbul olunub. Eyni zamanda ATƏT-in Parlament Assambleyasının illik sessiyalarında Minsk qrupunun həmsədrlərinin məruzələri dinlənilir. Qeyd edək ki, ATƏT PA-da hazırlanan qətnamədə Qarabağ münaqişəsi tərəfləri danışıqlar masasına qayıtmağa çağırılır. ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Minskdə keçiriləcək illik sessiyasının gündəliyində bu haqda deyilir. Qurumun saytına verilən məlumata görə, iyulun 6-da Siyasi məsələlər və Təhlükəsizlik üzrə baş komitənin iclası keçiriləcək. İclasda İsveçdən olan parlamentar Marqareta Sederfeltin “ATƏT regionunda sülhrifah naminə qarşılıqlı inamın və əməkdaşlığın artırılması” adlı hesabatı və qətnamə layihəsi müzakirə olunacaq. Hesabat və qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət də qeyd edilərək bildirilir ki, ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən toqquşmao zamandan bəri təmas xəttindəki gərginlik ciddi narahatlıq mənbəyidir. Minsk qrupu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə ATƏT regionda vəziyyəti stabilləşdirmək və hərtərəfli sülh sazişi istiqamətində aparmaq üçün Parlament Assambleyası da daxil olmaqla, münaqişənin həll mexanizmlərinin tam potensialından istifadə etməlidir. Biz münaqişənin həlli istiqamətində irəliləyişin olmamasına təəssüf edirik. Növbəti hərbi toqquşmalar və təmas xəttində yeni eskalasiya yaşamamaq üçün tərəflər danışıqlar masasına qayıtmalıdır. İştirakçı ölkələr diplomatik danışıqlara və dialoq təşəbbüsünə mane ola biləcək təktərəfli qərar və zorakılıqlardan çəkinməlidir”,- deyə hesabatda bildirilir. Sessiyada digər komitələrin də iclasları keçiriləcək.

 

Azərbaycan-İtaliya XİN rəhbərləri arasında təbrik məktubu mübadiləsi zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub

 

Qeyd edək ki, Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında təbrik məktubu mübadiləsi zamanı da Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Xarici İşlər Nazirliyindən bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu qeyd edib. 2017-ci ildə İtaliyaya rəsmi səfərini məmnunluqla xatırladan nazir bu cür səfərlərin iki ölkə arasında mövcud olan ikitərəfli və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına, münasibətlərimizin dərinləşməsinə və keyfiyyətcə yeni mərhələyə qalxmasına təkan verəcəyinə əminliyini ifadə edib. Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında uğurlu əməkdaşlıq layihələri, xüsusilə “TAP” layihəsinin dövlətlərimiz və xalqlarımız arasında dostluğun bundan sonra daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Nazir İtaliyanın 2017-ci ildən ATƏT-in Troykasına üzv olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə və ədalətli həlli istiqamətində İtaliyanın səylər göstərəcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb. İtaliyanın xarici işlər naziri Ancelino Alfano Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə ölkələrimizin, xüsusilə iqtisadi sahədə mühüm əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduğunu, İtaliyanın tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrildiyini bildirib. İtaliyanın Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi, habelə şirkətlərimiz və vətəndaş cəmiyyətlərimiz üçün yeni imkanların araşdırılması istiqamətində birgə səy göstərməyə hazır olduğunu qeyd edib. A.Alfano İtaliyanın Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə işlərin başlanmasının İtaliya tərəfindən həmişə müsbət qarşılandığını vurğulayan nazir bunun qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun stimullaşdırılması və bütün sahələrdə əlaqələrimizin daha da gücləndirilməsi üçün əlverişli çərçivə yaradacağına əminliyini ifadə edib.

 

Dağlıq Qarabağ münaqişəsi Koreya mediasının diqqətindədir

Nəzərə çatdıraq ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı dünya mediasının da diqqətindədir. Koreya Respublikasının geniş ingilisdilli oxucu kütləsinə malikThe Korea Times” qəzetində Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının ildönümü ilə əlaqədar məqalə dərc olunub.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı bəyanatı əsasında hazırlanan “Bakı Şuşa şəhərinin işğalının 25-ci ilini qeyd edir” adlı məqalədə Dağlıq-Qarabağ münaqişəsinin qısa tarixçəsindən bəhs edilib, müharibə nəticəsində Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğubir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib. Yazıda Şuşa şəhərinin işğalı zamanı 195 azərbaycanlının öldürülməsi, 165 nəfərin yaralanması, 68 nəfərin girov götürülməsi, habelə erməni vandallığı nəticəsində şəhərdə yerləşən muzeylərin, tarixi-mədəni abidələrin və məscidlərin dağıdılması, minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsi barədə faktlar əksini tapıb.

Sonda bölgədə sülh və təhlükəsizliyin bərpa olunacağına, Azərbaycana qarşı uzun sürən işğalçılıq siyasətinin sona yetəcəyinə ümid ifadə edilib.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-17 may.-S.11.