Naxçıvan muzeylərində 115 mindən artıq eksponat mühafizə olunur

 

Görkəmli pedaqoqelm xadimi Əziz Şərif nahaq yerə Naxçıvanı ərazicə kiçik, mənəviyyatca böyük diyar adlandırmayıb. Naxçıvan dünya elm, siyasət, hərb, ədəbiyyat və incəsənətinə bəxş etdiyi töhfələri, yetişdirdiyi görkəmli şəxsiyyətləri və memarlıq abidələri ilə zəngindir. İlk görənlər tarixi abidələrlə zəngin bu diyarı açıq səma altında muzey də adlandırırlar. Sərhədləri aşaraq şöhrəti dünyanın dörd bir yanına yayılıb. Sovetlər dönəmində gözdən uzaq, könüldən iraq düşmüş Naxçıvanın qapıları indi bütün dünyaya açıqdır. Son 20 ildə keçdiyi sürətli inkişaf yolu bu bölgəni qısa zaman kəsiyində dünyanın ən müasir şəhərləri sırasına çıxarmışdır. İndi Naxçıvan mötəbər tədbirlərin, beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu qədim diyar 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” seçilib.

Naxçıvanın necə bir yüksək inkişaf dövrü yaşadığı buraya gələn turistlərin say artımı ilə də təsdiqini tapır. Çünki turizm, dinc, təhlükəsiz, müasir və zəngin tarixə malik ölkə və regionlarda inkişaf edir. Bu mənada Naxçıvan turistlərin diqqətini cəlb edən bir regiona çevrilib. Görülən işlərin nəticəsidir ki, 2017-ci ilin birinci rübündə muxtar respublikaya 98,8 min turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.

Bəs ilbəil turistlərin bu diyara marağını artıran səbəblər nədir? Əvvəla Naxçıvan müasirliyi inkişafı ilə göz oxşayır. Lakin müasir infrastruktur, otellər, kafelər, nümunəvi xidmət bunlar inkişaf etmiş digər ölkələrdə var. Lakin dünya əhəmiyyətli abidə Mömünə xatun türbəsi, bəşəriyyətin ikinci atası sayılan həzrəti Nuh peyğəmbərin məzarı ümumdünya tufanı”, Nuhla əlaqədar rəvayətlərin daha çox Naxçıvanla bağlılığı, möcüzəli şəfa ocağı Duzdağ, “Qurani-kərim”də adı çəkilən Əshabü-Kəhf, 14 il Əmir Teymur kimi bir fatehin məğlub edə bilmədiyi Əlincəqala, dünyanın ən qədim insan məskənlərindən biri, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi bu torpaqdadır, bu qədim ulu torpaqda. Daha sadalamadığımız neçə-neçə belə detallar Naxçıvanı fərqləndirən xüsusiləşdirən cəhətlərdir.

Əgər bir ölkənin tarixi, mədəniyyəti, yetişdirdiyi şəxsiyyətləri ilə qısa müddətdə tanış olmaq istəyirsinizsə, yolunuzu muzeylərdən salacaqsınız. Bəli, Naxçıvanı kəşf etmək istəyirsinizsə, ilk tanışlığa da elə muzeylərdən başlamaq məsləhətdir. Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixi mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər muxtar respublikamızda zəngin mədəni irsin qorunması təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub muxtar respublikanın bütün bölgələrini əhatə edir. Ölkəmizdə ilk muzeylərdən biri Cəlil Məmmədquluzadə tərəfindən yaradılıb. Naxçıvanda ilk rəsmi muzey isə Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 ok¬tyabr tarixli qərarı ilə Tarix-Etnoqrafiya Muzeyi olmuşdur.

Ölkəmizdə muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızda muzeylərin, xüsusilə tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin digər profilli muzeylərin yaradılması, onların fondlarının zənginləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Məhz ulu öndərin respublikaya rəhbərliyinin ilk ilində onun təşəbbüsü iləRespublikada muzey işinin yaxşılaşdırılması haqqındaqəbul edilən qərar Azərbaycanın bütün muzeyləri kimi, Naxçıvandakı tarix ədəbiyyat muzeylərinin gələcək inkişafında böyük rol oynamışdır. 1970-ci ilin yanvarında qəbul edilən muzey işinə dair qərardan sonra Azərbaycanın bir çox yerlərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının şəhər rayonlarında da müxtəlif profilli muzeylər yaradılmışdır.

Muzey yaradılması sahəsində ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra da davam etdirilmişdir. Əgər 1997-ci ildə muxtar respublikada 13 muzey fəaliyyət göstərirdisə, hazırda muzey sayı 29-a çatıb.

Bəs muzey şəbəkəsinin genişləndirilməsi, ekspozisiyalarının zənginləşdirilməsi istiqamətində görülən işlər nəyə hesablanıb? Muzeylər əslində nəyə xidmət edir? Bugünkü gəncliyi əgər milli ənənələr dəyərlər üzərində tərbiyə etmək istəyiriksə, muzeylər əsas vasitə ola bilər. Muzeylərə sadəcə olaraq, qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muxtar respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi bir-biri ilə sıx bağlı iki amillə bağlıdır. Burada tarixi vərəqləmək, sovet hakimiyyəti dövrünə nəzər salmaq yerinə düşər. Gəlin görək, həmin dövrdə tariximiz olduğu kimi bizə təqdim olundumu? Xalqın maariflənməsi, ölkəmizin azadlığı, firavan gələcəyi naminə əmək sərf etmiş şəxsiyyətlərimizi yetəri qədər tanıdıqmı? Təbii olaraq xeyir. Çünki sovet ideologiyası milli ideologiyanı buxovlamaq, məhv etmək üzərinə qurulmuşdu. Xalqımızın tarixi hər cür təhriflərə məruz qalmış, Azərbaycan tarixinin bir hissəsini təşkil edən Naxçıvan tarixi lazımi səviyyədə öyrənilməmiş, qədim tariximizə qərəzli münasibətlər göstərilmişdir. Ən qiymətli sərvət olan müstəqilliyimizi əldə etdikdən sonra tarixin dərin qatları açıldı öyrəndik ki, Naxçıvan 5 minillik şəhər mədəniyyətinə malikdir. Milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının dirçəldilməsi sahəsində görülən işlərlə yanaşı, Azərbaycan tarixinin keçmiş Sovetlər Birliyinə xas olan ideoloji baxışlardan təmizlənməsi, xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya etnoqrafiyasının, folklorunun adət-ənənələrinin, milli dəyərlər sisteminin, geniş mənada xalq yaradıcılığının elmi dəlil konkret faktlar əsasında yenidən araşdırılması sahəsində əsaslı tədbirlər görüldü. Qısa zaman ərzində mühüm elmi nailiyyətlər qazanıldı. Azərbaycançılıq məfkurəsi formalaşdı. beləliklə mövcud muzeylərin yenidən qurulması yeni muzeylərin yaradılması zərurəti ortaya çıxdı.

Müstəqillik illərində Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Açıq Səma Altında Muzey, Xatirə Muzeyi fəaliyyətə başladı.

Sonrakı illərdə də muzeylərin yaradılması işi davamlı xarakter almış, 2010-cu ildə muxtar respublikada 2 muzey yaradılmışdır. Ali Məclis Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Şahtaxtinski¬lər Muzeyi, 23 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi qədim yurdun görkəmli şəxsiy¬yətlərinə ehtiramın ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmışdır. 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğumuzey üçün bina tikilmiş və istifadəyə verilmişdir. Muxtar respublikamızda dəniz səviyyəsindən 3700 metr yüksəklikdə Gəmiqaya muzeyinin yaradılması tariximizin öyrənilməsi və təbliğ edilməsi istiqamətində görülən işlərin əhatə dairəsinin nə qədər geniş olduğunu və önəm verildiyini bir daha üzə çıxarmışdır. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respulikası Ali Məclisi Sədrinin 4 yeni muzeyin - "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Xalq şairi Məmməd Arazın ev muzeyiOrdubad şəhərində M.T.Sidqinin Ev-Muzeyinin yaradılması haqqında müvafiq sərəncamları imzalanmışdır. Ümumilikdə bu gün muxtar respublikanın muzeylərində 115 mindən çox maddi-mədəniyyət nümunəsi qorunub mühafizə olunur.

Muzeylər bu gün həm də azərbaycançılıq ideologiyasının, milli dəyərlərimizin, nümunəvi şəxsiyyətlərin ömür yollarının daşıyıcısı və təbliğatçısıdır. Bu baxımdan muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin qurulması sahəsində görülən işlər özündə böyük məna və məzmun daşıyır. Son bir ildə demək olar ki, 200-ə yaxın məktəb və muzeylər arasında belə əlaqə yaradılmışdır.Muzeylərdə açıq dərslərin keçirilməsi də artıq ənənəyə çevrilib. Burada məqsəd böyüməkdə olan gənc nəsildə milli-mədəni irsimizə məhəbbət oyatmaq və onları zəngin tarixi keçmişimizlə tanış etməkdir.Muxtar respublikanın muzeylərində mühafizə olunan maddi-mədəniyyət nümunələrinin geniş ictimaiyyətə nümayiş etdirilməsi məqsədilə mühüm tədbirlərin həyata keçirilməsi də olduqca təqdirəlayiqdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada idarə, müəssisə və təşkilat işçilərinin hər həftənin şənbə günü müəyyən olunmuş qrafikə əsasən muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.

Muzeylərin ixtisaslı kadrlara olan tələbatını ödəmək məqsədilə 2012-ci ildən Naxçıvan Dövlət Universitetində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası yaradılıb. 2016-ildə ilk buraxılışı olub. Məzunlar mədəniyyət müəssisələrində, muzeylərdə müvafiq işlə təmin olunublar.

Muzeylərin fəaliyyətinin canlanması işinə muxtar respublika sakinləri də öz töhfəsini verir. maddi-mədəni irsimizin qorunması və təbliği işinə dəstək olaraq əldə olunan maddi-mədəniyyət nümunələrini muzeylərimizə təqdim edirlər. 2016-cı il ərzində muzeylərə 1500-dən çox yeni eksponat, bu ilin son dörd ayı ərzində isə 400-dən çox eksponat daxil olub ki, bu eksponatlar da könüllü halda muzeylərə və nazirliyə hədiyyə edilib.

Muxtar respublikada 1200-dən artıq tarixi abidənin mövcud olması, 29 muzeyin fəaliyyət göstərməsi tarixi-mədəni turizmin inkişafını da şərtləndirir. Bu gün muzeylərimiz öz zəngin və dəyərli eksponatları ilə xalqın keçmişini, tarix və mədəniyyətini, adət-ənənələrini, milli mənsubiyyətini müasir dövrə daşıyan ən gözəl vasitədir. Bu vasitədən hər birimiz yararlanaq və muzeylərə ziyarəti gənc nəslə mənəvi tələbat kimi aşılayaq. Aşılayaq ki, gənc nəsil tariximizə daha dərindən bələd olsun, milli dəyərlərimizin daşıyıcısına, qoruyucusuna və təbliğatçısına çevrilsin.

 

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Palitra.-2017.-18 may.-S.13.