Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Torpaqlarımızın işğalı ilə bağlı mövcud vəziyyət barədə həm ölkəmizdə olan beynəlxalq təşkilatların nümayəndələrinə, həm də xaricdə təşkil olunan tədbirlərdə məlumatlar çatdırılır. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılarımız xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağla bağlı münaqişənin əsl səbəbkarları, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində burada yaşayan insanların məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumatlar verirlər.
Belə tədbirlərdən biri kimi bu günlərdə Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadənin və Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin Litva Seymindəki Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və bir sıra üzvləri ilə görüşü olub. Görüşdə Valerius Simulik Seymdə Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinin sayının 66 nəfər təşkil etdiyini və bunun da üzvlərinin sayına görə ən böyük qrup olduğunu vurğulayıb. O, Azərbaycan-Litva əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.
Səfərinin məqsədi barədə məlumat verən Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə bildirib ki, əsas məqsəd deputat seçildiyi Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında sazişin imzalanması ilə bağlıdır. Azərbaycan və Litvanın nisbətən gənc dövlətlər olduğunu vurğulayan deputat ölkələrimiz arasında tarixi baxımdan oxşarlıq və yaxınlığın olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclisin deputatı Kamran Nəbizadə bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi işğal edilib və bir milyondan çox azərbaycanlı doğma yurdlarından zorla çıxarılıb. Bildirilib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Lakin Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur. O, münaqişənin həlli üçün ilk növbədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalı olduğunu bildirib.
Litvanın rəsmi mövqeyini bir daha xatırladan Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini vurğulayıblar, Azərbaycanla ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini Laçının işğalı barədə məlumatlandırır
ABŞ Azərbaycanlılar Şəbəkəsi Azərbaycanın Laçın rayonunun işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hələ də davam edən hərbi təcavüzü barədə Amerika ictimaiyyətini məlumatlandırma kampaniyasına start verib.
ABŞ administrasiyası üzvlərinə, konqresmenlərə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, mayın 18-də Azərbaycanın Laçın rayonunun işğalının 25 ili tamam olur. Laçının işğalı zamanı erməni silahlı birləşmələri yüzlərlə mədəniyyət abidələrini məhv ediblər. İşğal nəticəsində Laçın şəhəri və rayonun 125 kəndi zəbt olunub, 60 min nəfərə yaxın əhali doğma torpağından didərgin salınıb. Rəsmi statistikaya görə, işğal zamanı Laçının 267 sakini öldürülüb.
Laçından sonra erməni silahlı birləşmələri Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl rayonlarını da işğal ediblər. 1994-cü ilin may ayında atəşkəs rejiminə dair razılaşma əldə olunandan sonra erməni tərəf işğal edilmiş ərazilərdə demoqrafik vəziyyəti süni şəkildə dəyişmək məqsədilə Ermənistandan və xarici ölkələrdən erməniləri kütləvi şəkildə Laçına köçürür. ATƏT-in 2011-ci ilin aprel ayına olan məlumatına görə, işğal edilmiş Azərbaycan rayonlarına 14 min erməni köçürülüb. Bu, bütün beynəlxalq qanun və normalara, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının “işğalçı tərəfə” onun nəzarətində olan işğal edilmiş ərazilərə öz vətəndaşlarını köçürməsini qadağan edən 49-cu maddəsinə ziddir.
Müraciətin sonunda ABŞ administrasiyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməsinin, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsi, Azərbaycan ərazisindən qeyri-qanuni silahlı qüvvələrin çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaları üçün şərait yaradılması, beynəlxalq hüquq normalarına müvafiq olaraq hərbi əsirlərin qaytarılması üçün Ermənistana təzyiq göstərilməsinin zəruriliyi bildirilir.
Dağlıq Qarabağ mövzusu dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində
Millət vəkili Qənirə Paşayeva
Yaponiyanın paytaxtı Tokioda dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib, müzakirələr
zamanı təkliflərlə çıxış edib. Q.Paşayeva dünyanın 50-dən artıq ölkəsindən
1000-dən artıq qadının qatıldığı sammitin işində iştirak
etməklə bərabər, müzakirələr zamanı təkliflərlə
çıxış edib və müxtəlif
ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib.
Millət vəkili Sammit
çərçivəsində ABŞ, Fransa,
Almaniya, İslandiya,
Qazaxıstan, Meksika, Hindistan,
Malayziya, Çin, Cənubi
Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan gəlmiş nümayəndə heyətləri
ilə görüşüb və Azərbaycan,
onun tarixi, mədəniyyəti,
bu günü,
inkişafı, iqtisadi imkanları,
qadınların cəmiyyətdə geniş
rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də
bağlı məlumatlar verib. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı
işğalçılıq siyasəti yeridərək, Azərbaycanın
20 faiz torpağını işğal
edib və 1 milyon azərbaycanlı
qaçqın və məcburi köçkün
20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm
aktları və soyqırımlar, əsir və girov götürülmüş
azərbaycanlılar barədə məlumatlar verən millət
vəkili Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik
Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı
qaçqın və məcburi köçkün
qadın, dünyanın harasında yaşamasından
asılı olmayaraq, bu
tədbirdə iştirak edən yüksək
səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv
qadınlarının bu ədalətsizliyə
sərt etiraz etməsini, öz
yurd-yuvalarına dönmələri üçün
onların dəstəyini və bu istiqamətdə
səylərini gücləndirmələrini gözləyirlər.
Millət vəkili Azərbaycanda qaçqın və məcburi
köçkünlərin, qadınların və
uşaqların problemlərinin həlli istiqamətində
görülən işlər barədə də
danışıb.
Nigar Abdullayeva
Palitra.-2017.-19 may.-S.11.