“Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”

 

Nurlana Bəhramlı: “Bir insan özünü qardaşının evində necə hiss edərsə, mən də Türkiyədə özümü o cür hiss edirəm”

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Türkiyədə ali təhsilini davam etdirən Nurlana Bəhramlıdır. Bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Bəhramlı Nurlana Zakir qızı 1991-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşam. Əslimiz Qərbi Azərbaycandandır. Ailədə 3 qız övladıyıq, mən ailəmizin sonuncusuyam. Orta təhsilimi elə Sumqayıt şəhərində, 39 nömrəli məktəbdə almışam. Eyni zamanda Sumqayıt şəhər Fikrət Əmirov adına orta musiqi məktəbinin piano sinfini də bitirmişəm. Tələbəlik həyatım isə Bakıda keçib. Bakı Slavyan Universitetinin Filologiya fakültəsini bitirmişəm. Təhsilə, elmə önəm verən bir ailədə böyüdüyüm üçün orta məktəbdə də, universitetdə də əlaçı şagird, əlaçı tələbə olmuşam, elə bakalavr təhsilimi də fərqlənmə diplomu ilə bitirmişəm. Çalışqan şagird, tələbə olduğumu müəllimlərim də daim valideynlərimə söyləyiblər, görünür, elə bu səbəbdəndir ki, onlar da ruhlanaraq təhsilimlə bağlı mənə daha çox dəstək olublar. Təbii ki, əldə etdiyim bütün uğurlarıma görə ailəmə və müəllimlərimə borcluyam. Hazırda isə təhsilimi Türkiyədə, Hacettəpə Universitetində magistratura pilləsinin Sosyal (Sosyal Hizmət)ixtisasında davam etdirirəm.

-Yəqin Türkiyə bizə daha yaxın ölkə olduğu üçün buranı seçdiniz?

-Əslində, xaricdə təhsil almaq çoxdankı arzum olub. Hələ orta məktəbdə oxuyarkən xaricdə təhsil almağı düşünürdüm. Hər zaman olduğu kimi, bu qərarımda da ailəm mənim yanımda oldu, mənə dəstək oldu. Xüsusilə də bacım bu işdə mənə daha çox dəstəyini göstərdi.Təhsil almaq üçün məhz ölkə olaraq Türkiyəni seçmə səbəbim isə çox sadədir. Türkiyədəki türklər kimi, biztürkük. Sadəcə, biz Azərbaycan türkləriyik. Toplum olaraq adət-ənənələrimizdə, mədəniyyətimizdə çox bənzərliklər var. Burada yaşadıqca, oxuyub fəaliyyət göstərdikcə daim rahatlıq hiss edirəm, özümü Türkiyədə yad bir ölkədəki kimi hiss etmirəm. Yəqin ki, başqa bir ölkəni seçmiş olsaydım tamam fərqli düşünərdim. Boş yerə “bir millət, iki dövlət” misalı yaranmayıb.

- Hacettəpə Universitetindəki təhsil və tədrisin səviyyəsindən razısınızmı?

-Sizbilirsiniz ki, Hacettəpə Universiteti Türkiyədə ön sıralarda gələn universitetlərdən biridir. Hacettəpəlilər bunu daha yaxşı bilirdaim bu fikri səsləndirirlər-"hacettəpəli olmaq bir ayrıcalıqdır". Sözün həqiqi mənasında Hacettəpə həmişə istər təhsil, istərsə də digər fəaliyyətləri ilə fərqli bir təhsil mərkəzi olub.

- Təhsil üçün Türkiyənin gözəl bir ölkə olduğunu vurğuladınız. Bəs ümumilikdə necə, Türkiyə son illərin məlum problemlərinə rəğmən öz cazibədarlığını qoruyub saxlaya bilibmi?

- Doğru vurğuladınız. Son illər yaşanan hadisələri nəzərə almasaq Türkiyə ölkə olaraq həm siyasi, həm iqtisadi, həm də digər məqamlara görə yaxşı bir yerdir. Bildiyiniz kimi, burada bəzi arzuolunmaz siyasi proseslər cərəyan etdi ki, bu da iqtisadiyyata, turizm sektoruna, ümumilikdə ölkənin inkişaf tempinə təsirsiz ötüşmədi. Amma yenə də Türkiyə çox cazibədar ölkə olaraq qalır, Avropanın cənub qapısı heç vaxt əhəmiyyətini itirməz. Bu ölkənin insanları da çox fərqlidirlər, temperamentlilikləri, xoşniyyətlilikləri və qonaqpərvərlikləri ilə seçilirlər. Təbii ki, bəzən xoş niyyətli olmayan insanları ilə də qarşılaşıram. Amma bir-iki nəfərlə bütün toplumu dəyərləndirmək düzgün olmaz. Türkiyəyə hər zaman qardaş ölkə demişik. Bir insan özünü qardaşının evində necə hiss edərsə, mən də Türkiyədə özümü o cür hiss edirəm. Təbii ki, ana evinin-Azərbaycanın yerini heç nə verə bilməz. Mən deyərdim ki, insanın özündən də çox şey asılıdır. Əgər insan məkanından asılı olmayaraq özünə rahat bir yaşam qurarsa, əslində, hər yer gözəldir. Sadəcə, gözəlliyi görmək və xoşniyyətli olub fəaliyyətində düzgün istiqamət seçmək lazımdır. Yaşadığın ölkədə lazımsız fəaliyyətlə məşğul olub təzyiqlər görəcəksənsə, o ölkə cənnət olsa belə, pisləyəcəksən!

-İctimai işlərdə necə, aktivsinizmi?

-Bəli, ictimai işlərdə, demək olar ki, çox aktivəm. Azərbaycanla əlaqəsi olan bir çox tədbirlərə qatılıram. Daha çox akademik konfranslara zaman ayırıram. Bu günə qədər çox sayda konfranslara qatılmışam və bütün bunların mənim öz məsləyimlə bağlı biliklərimin inkişafında çox böyük təsiri olduğunu düşünürəm.

 

-Bu ölkədə təhsil almaqya elmi fəaliyyətlə məşğul olmaq istəyən gənclərimizə hansı məsləhətlər verərdiniz?

 

-İstər Türkiyədə, istər başqa bir ölkədə təhsil almaq istəyən gənclərimizə hansı sahədə təhsil alacaqlarına baxmayaraq, hədəfli, məqsədli, onlar üçün uğurlu olacaq bir addım atmalarını məsləhət görərdim. Sadəcə, universitet dərsləri, imtahan hazırlıqları ilə kifayətlənməsinlər. Onların faydalana biləcəyi bütün sosial-ictimai işlərdə fəal olmalarını məsləhət görərdim. Nəticədə hər birimiz Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq, necə bir ölkədən olduğumuzu nümayiş etdirmiş olacayıq. Vətənimiz adına gözəl işlər görək, bizdən sonra gələcək tələbələrə örnək olmağa çalışaq. Özümlə bərabər, bütün gənclərimizə təhsil həyatlarında uğurlar arzu edirəm. Mənim bitib-tükənməyən arzularım yoxdur, yalnız və yalnız hədəflərim var. Allahın izni ilə də hədəflərimi həyata keçirməyi düşünürəm.

 

Tural Tağıyev

Palitra.-2017.-24 may.-S.6.