“Oyunların bu səviyyədə
keçirilməsi ölkəmizin gücünü
göstərir”
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Prezident İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Dövlət başçısı görüşdə nitq söyləyib. Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında parlaq qələbə qazanıb: “Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yəni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir”. Prezident deyib ki, Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir: “Bu 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər”.
“Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm”
Prezident bildirib ki, Oyunların keçirilməsi ölkəmiz üçün tarixi hadisə idi: “Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir - 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm”.
“Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik”
Dövlət başçısı Əməliyyat Komitəsinin çox fəal işlədiyini, açılış və bağlanış mərasimlərinin möhtəşəm olduğunu bildirib: “Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadiqdir, onları qoruyur. Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq”. Prezident deyib ki, bizi birləşdirən bizim əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır: “Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir”. Prezident deyib ki, Oyunların Azərbaycanda keçirilməsi, bizə olan böyük hörmətin və inamın təzahürüdür: “Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevinirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq hissi ilə təşkilati məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq. Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik”.
“Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq”
Dövlət başçısı qeyd edib ki,
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir:
“Azərbaycana gələn
turistlərin sayı milyonlarla ölçülür.
Bu Oyunlardan sonra
ölkəmizə daha
çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi,
güclü dövlət
kimi tanıyırlar və idmançılarımızın
qələbələri bizim
gücümüzü daha
da artırır.
Yəni,
bu, daha əyani şəkildə
göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır.
İdman yarışları,
Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir
ki, bu tədbirlərdə
həm idmançılar,
həm ölkələr
rəqabət aparırlar.
İqtisadi, siyasi sahələrdə,
beynəlxalq münasibətlər
sahəsində bəzən
birinciliyi müəyyən
etmək üçün
bəzi qurumlar, təşkilatlar çətinlik
çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə
hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir. Əlbəttə, bu Oyunlar, eyni zamanda, İslam
həmrəyliyini gücləndirəcək.
Mən Oyunlar ərəfəsində demişdim,
bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini
təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq
güclənsin. Belə də
oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri
olmayan ölkələrin
nümayəndələri bir-birini
təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.
Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı
siyasətə idman vasitəsilə əlavə
töhfə verdi”.
Prezident deyib ki, eyni zamanda,
Azərbaycan müsəlman
aləmini Qərb aləmi ilə birləşdirən ölkədir:
“Ölkəmiz həm
Qərb dünyasında,
həm müsəlman
aləmində etibarlı
tərəfdaş, dost və
qüdrətli dövlət
kimi tanınır”.
“Bu qələbə bir daha onu göstərir
ki, ancaq müstəqillik dövründə
xalqımız uğurla
inkişaf edə bilər”
Prezident deyib
ki, bizim
uğurlarımızı əldə edən
idmançılar müstəqillik dövründə
yetişiblər: “Bir çoxları
müstəqillik dövründə doğulublar,
müstəqillik illərində bu nailiyyətlərə
gəlib çıxıblar. Bu, bir daha onu
göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir.
Bizim xalqımızın çox
böyük tarixi var. Ancaq müstəqillik tariximiz müasir dövrdə
o qədər də böyük
deyil. Biz cəmi 25 ildir ki,
müstəqil ölkə kimi
yaşayarıq və idman sahəsində,
iqtisadi, sosial və
digər sahələrdə görün,
nə qədər böyük uğurlar əldə etmişik.
İdman isə ölkələrin gücünü, siyasətini göstərir,
xalqların gücünü göstərir.
Sovet
dövründə heç vaxt bizim ağlımıza
gələ bilməzdi ki, Azərbaycan
idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər
qələbələr qazanacaqlar, müsəlman
aləmində birinci, Avropa
ölkələri arasında ikinci olacaqlar. Bütün
bunlar ancaq müstəqillik
dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir
və göstərir ki, ancaq
müstəqillik dövründə xalqımız uğurla inkişaf edə
bilər. Ancaq taleyimiz
öz əlimizdə olduğu
təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər. Biz
müstəqillik gününün ərəfəsindəyik.
Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik.
Bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin
möhkəmlənməsinə verilən növbəti
töhfədir. Eyni zamanda, biz
mübarək Ramazan ayının
başlaması ərəfəsindəyik. İslam
Həmrəyliyi Oyunlarının Ramazan
bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük
qələbə ilə sonuclanması hesab
edirəm ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir”. Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o
cümlədən Azərbaycan idmançılarının
çıxışlarını əks etdirən videoçarx nümayiş
olunub.
Palitra.-2017.-24 may.-S.3.