“Oyunları fərqli şəkildə təşkil etməklə yeni standartlar tətbiq etdik

 

Niyazı Hüseynov: “Bakıda təşkil olunan İslamiada İslam həmrəyliyini gücləndirəcək”

 

Müsahibimiz Qol Güləşi Federasiyasının Fitnes Mərkəzinin baş məşqçisi Niyazi Hüseynovdur. Niyazi Hüseynovla bu günlərdə başa çatan İslam Həmrəyliyi Oyunları barədə söhbət etmişik. Müsahibəni oxuculara təqdim edirik:

-İslam Həmrəyliyi Oyunlarının təşkilini, idmançıların çıxışını necə dəyərləndirirsiniz?

-Öncə onu deyim ki, Bakıda keçirilən bu Oyunlar ən böyük idman oyunlarından biri oldu. Azərbaycan daha bir sınaqdan alnıaçıq çıxdı. Biz nəinki uğurlu təşkilatçılığa, eyni zamanda yarışda qalib gəlib birinci olmağa da nail olduq. Bu da qürurverici amildir. Oyunlar İslam dünyasına, qardaşlıq və birlik dəyərlərinə xidmət etdi desəm, yanılmaram.

- Azərbaycanın birinci yerə çıxmasını vurğuladınız. Ümumilikdə idmançılarımızın çıxışlarını bəyəndinizmi? İdmançılarımız öz potensiallarını tam şəkildə ortaya qoya bildilərmi?

- Əlbəttə, qaliblər müzakirə olunmur. Qalibsənsə, buna layiqsən, haqq etmisən. Təbii ki, burada saxtakarlıq xaric. Ölkəmiz isə aşkar şəkildə əksər idman növlərində öz üstünlüyünü göstərib qalib gəldi. Amma mən deyərdim ki, biz yüz faizlik potensialımızı ortaya qoymadıq. Yəni xeyli sayda gümüş medallarımız oldu ki, onların sayı az da ola bilərdi, qızıla da çevrilə bilərdi. Həmişə vurğulamışam ki, Azərbaycan gəncləri, idmançıları güclü potensiala malikdirlər. Bizim idmançılarımız yarışlara güclü motivasiya olurlar. Çıxdıqları hər bir yarışda, mübarizədə, ilk növbədə bayrağımızı, himnimizi düşünürlər. Bəlkə də bu amil-vətənpərvərlik olmasaydı, bizim idmançıların daha çox uğur qazanmaq imkanları az olardı. Əlbəttə, burada ölkədə idmançılar üçün yaradılan şəraiti də qeyd etməyə bilmərəm. Ölkə başçısının idmana, gənclərimizə göstərdiyi qayğı ilə bağlı çox danışmaq olar. Bu gün Azərbaycanı artıq neft ölkəsi kimi deyil, idman ölkəsi kimi də tanıyırlar. Azərbaycan multikultural, tolerant ölkə kimi də tanınır. Bütün bunları ona görə qeyd edirəm ki, biz çox gözəl bir ölkədə yaşayırıq və dövlətimiz də bizim gənclər üçün hər mənada yüksək şərait yaradır ki, onlar öz potensiallarını ortaya qoysunlar. Bizdə ayrı-seçkilik olmayıb, olmur da. Bəzi ölkələrdən bir neçə faktları sadalaya bilərəm ki, orada idmançılar dini, milli, irqi ayrı-seçkiliyə məruz qalırlar və öz ölkələrini beynəlxalq yarışlarda təmsil etmək imkanından məhrum olurlar. Bizdə isə əlavə şərhə ehtiyac yoxdur.

-Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunları da idmançılarımız, məşqçilərimiz üçün böyük təcrübə oldu deyə bilərikmi?

-Tam haqlısınız. İdmançılar öz ölkələrində təşkil olunan belə mötəbər yarışlarda daha çox təcrübə qazanırlar, nəinki başqa ölkədə keçirilən yarışlarda. Doğma publika anlayışı, ikiqat məsuliyyət, ikiqat həyəcan, öz torpağında himnini səsləndirib, bayrağını yüksəklərə qaldırmaq istəyinin daha çox olması kimi amillər idmançılarımız üçün böyük təcrübədir. Bu günlərdə yekunlaşan İslam Həmrəyliyi Oyunlarına gəldikdə isə Oyunlar Azərbaycan idmançıları üçün təkcə böyük təcrübə olmadı, Azərbaycan idmanının hansı gücə, potensiala malik olduğu, yarışlara necə hazırlaşdığımızı göstərdi. Bütün dünya gördü ki, ölkə Prezidentinin idmana xüsusi diqqət və qayğısı geniş şəkildə nəticəsini verir. Ölkə başçısının da dediyi kimi, Sovet dövründə ağlımıza belə gəlməzdi ki, nə vaxtsa Azərbaycan bu qədər medala sahib olar, İslam dünyasının birincisi olar. Mən bir məqamı da deyim ki, biz onsuz da İslam dünyasının fəxri, lideri sayılırdıq. Çünki sonuncu Olimpiya Oyunlarında medal sayına görə İslam ölkələri arasında birinci idik. Avropa ölkələri arasında isə yeddinci sırada idik. Yəqin təsəvvür edirsiz bu nələrdən xəbər verir... Yaxın on ildə, heç şübhəsiz ki, biz Avropa ölkələri arasında ilk üçlüyə düşəcəyik. Çünki ölkəmizdə idman inanılmaz səviyyədə inkişaf edir.

-Yəqin əcnəbi idmançılar da Azərbaycandan xoş xatirələrlə ayrılarlar?

-Əlbəttə. Mənim bəzi idmançılarla təmaslarım da olurdu ki, onlar əcnəbi idmançılarla olan dialoqlardan qürur duyduqlarını deyirdilər. Əcnəbilər heyrətlə bildirirlərmiş ki, Azərbaycanda İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunmaqla yanaşı bizim idmançılar da böyük potensiala malik olduqlarını ortaya qoydular. Bu gün Azərbaycanda stabillik, təhlükəsizlik və inkişaf yüksək səviyyədədir. Yalnız belə ölkələrə bu cür məsuliyyətli beynəlxalq yarışların keçirilməsini etibar edə bilərdilər. Ermənistana hansısa belə genişmiqyaslı yarışları niyə etibar etmirlər? Bu ölkədə, əlbəttə ki, iqtisadiyyat çöküb, stabillik isə zəmanət altında deyil. Üstəgəl erməni cəmiyyəti qonaqpərvər də deyil. Bu xalq öz ölkəsində başqa millətlərə yer saxlamadı, nəinki minlərlə turist qəbul edib, bir neçə günlük dözümlülük göstərib, hansısa beynəlxalq yarış keçirə. Qısası, Avropa Oyunlarının keçirilməsi Qafqazın liderinə çevrilmiş Azərbaycana etibar ediləndə iqtisadi, stabillik və digər mühüm amillər nəzərə alınmışdısa, düşünürəm ki, İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin Bakıya həvalə olunmasında Azərbaycanın İslam dünyasında özünü lider dövlət kimi sübut etməsi amili də nəzərə alındı. Biz tolerant, məzhəblər, dinlər arasında ayrı-seçkilik salmayan bir ölkəyik. Bu gün ölkəmiz qəti şəkildə İslam dünyasında həmrəyliyə yüksək töhfə verir. Bakıda təşkil olunan İslamiada isə İslam həmrəyliyini gücləndirəcək.

-              Bəs yarışlarda bu qədər medal qazanacağımızı, birinci yerə yüksələcəyimizi gözləyirdinizmi?

-              Əlbəttə, bir balaca analiz aparıb yarışlara qatılan idmançılarımızın potensialına, onların son durumu-qatıldıqları son yarışlardakı naliyyətləri və rəqiblərinin sayı, hazırlıq səviyyəsinə nəzər salan hər kəs Azərbaycanın sonda yüksək pillələrdə qərarlaşacağını deyə bilərdi. Düzü, birinci yerə çıxacağımıza tam əmin deyildim. Amma əsas rəqibimiz olan Türkiyə idmançıları ilə bərabər yarışıb, son günədək birincilik uğrunda mücadilə aparmağımız təqdirəlayiq haldır. Hətta bir sıra idman növlərində Türkiyə idmançılarına uduzduq, gümüşlərimiz oldu ki, tam əminliklə deyirəm ki, onlar da qızıla layiq idilər. Çox xırda səhflər ucbatından bu nailiyyətlər qızıl deyil, gümüş əyarına çevrildi. lV İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının parlaq qələbəsini həm də bir neçə gündən sonra qeyd olunacaq Respublika Gününə hədiyyə kimi də dəyərləndirərdim!

-              İslam Həmrəyliyi Oyunlarında idmançılarımız medallardan alınmaz qala qurdularsa, heç şübhəsiz ki, bu qalanın memarları məşqçilərimiz oldular. Bir məşqçi kimi onların əməyini necə dəyərləndirirsiniz?

-              Çox düzgün bənzətmə etdiniz. Öncə onu deyim ki, idman əzmi, çalışqanlığı, əmək və səbri sevir. Əzmkarlıq bizim idmançılarımızda var. Səbirli olmağı isə onlara məşqçiləri aşılamalıdırlar. Təsadüfi deyil ki, bu gün uğur əldə edən və Azərbaycanın adını ucaldan idmançılar müstəqillik dövründə yetişiblər. Sevindirici haldır ki, iyirmi il əvvəl özləri beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edən insanlar da bu gün məşqçi kimi gənc idmançıları yarışlara hazırlayırlar. İslam Həmrəyliyi Oyunlarında da bir neçə belə halın şahidi olduq. Bu, müsbət amildir. Düzdür, bəzən əcnəbi məşqçilərə də güclü ehtiyac yaranır. Bizim üçün ənənəvi idman sahəsi sayılmayan növlər var ki, onlarla bağlı güclü mütəxəssislər xaricdə formalaşır. Misal üçün, bir məqamı deyim ki, Belarus güləşinə böyük töhfələr verən iki azərbaycanlı məşqçi uzun müddət bu ölkənin güləş yığmalarını çalışdırdılar. Niyə? Çünki Qafqaz güləş regionudur, Azərbaycanda güləşin ənənələri var. Onlar bu amilə böyük önəm verib, bizim mütəxəssislərə öz yığmalarını etibar etdilər. Eləcə də Azərbaycan olsun. Xaricdən bəzi güclü məşqçiləri dəvət edib bizim uşaqlar, gənclərə onların bilik və bacarıqlarının aşılanmasına bundan sonra da çalışmalıyıq. Heç şübhəsiz ki, İslam Həmrəyliyi Oyunlarında idmançılar qədər onların məşqçiləri də əziyyət çəkdilər, yuxusuz gecələr, məşq prosesləri, stresss. məsələlərə görə onlara da böyük təşəkkür düşür. Özüm də məşqçi olduğum üçün onların hansı hislər keçirdiyini çox gözəl anlayıram.

-              Azərbaycan son bir neçə ildə artıq iki mötəbər idman yarışına ev sahibliyi etdi. Sizcə, bu təcrübə Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün tutarlı əsas ola bilərmi?

-              Mən deyərdim ki, Azərbaycan son illərdə iki deyil, bir neçə beynəlxalq idman yarışına uğurlu şəkildə ev sahibliyi edib. Sadəcə, miqyasına görə Avropa Oyunları ilə İslam Həmrəyliyi Oyunları daha geniş tədbir idi. Biz artıq Avropa Oyunları ilə Azərbaycan standartları deyilən bir standartı ortaya qoymuş olduq. Zənnimcə, İslam Həmrəyliyi Oyunlarını da fərqli şəkildə təşkil etməklə yeni standartlar tətbiq etdik. Olimpiya Oyunlarına gəldikdə isə bu bir nömrəli yarışın keçirilməsi üçün hər ölkəyə etimad göstərilmir. Azərbaycan iddiasını ortaya qoyaraq Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçüm namizədliyini də irəli sürmüşdü. Mən düşünmürəm ki, İngiltərənin təşkil etdiyi səviyyədə Olimpiya Oyunlarını Azərbaycan təşkil edə bilməz. Əksinə. Bizim bəzi məsələlər üzrə potensialımız daha çoxdur. Artıq bizim təcrübəmiz var. Azərbaycanda könüllülər ordusu, könüllülük fəlsəfəsi formalaşıb. İnanın ki, bəlkə də bir çox ölkələrdə belə yarışlar təşkil olunsa, əksər gənclər könüllü olmaqdan imtina edər, bu işdə öz ölkələrinə dəstək verməyə meyilli olmazlar. Yəni bizim güclü kadr, könüllü potensialımız da var. İqtisadi potensialımız da Olimpiya Oyunlarının keçirilməsinə imkan verir. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada yarışların keçirilməsi dünyanın dörd bir yanından gələn əcnəbilər üçün də maraqlıdır. Güclü turizm potensialı, tarixi abidələrlə zəngin məkanlar, zəngin mətbəx, kənd təsərrüfatının inkişaf etməsi və s. kimi detallar bura təşrif buyuracaq on minlərlə əcnəbinin həyatını maraqlı edərdi. Mingəçevirdən tutmuş Bakı, Naxçıvan, cənub, şimal bölgələrimizə qədər hər cürə idman infrastrukturu yaradılıb. Qısası, düşünürəm ki, iki-üç cəhddən sonra bizə bu mötəbər yarışı etibar edəcəklər.

-              Sonda qol güləşi haqqında da söz açardınız.

-              Qol güləşi bu gün ölkəmizdə yüksək templə inkişaf edir. Təkcə bir misalı deyim ki, Polşanın Katovitsa şəhərində keçirilən Qol güləşi üzrə XXVII Avropa çempionatı artıq başa çatıb və çempionatda uğurla çıxış edən Azərbaycan milli yığmasının üzvləri 5 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar. Biz də uğurlarımızla daim Azərbaycanın adını zirvələrə daşıyacağıq.

 

Tural Tağıyev

Palitra.-2017.-25 may.-S.6.