“İslamiada Azərbaycana
Orta Asiya, müsəlman-ərəb
dünyasından çoxsaylı turistlərin gəlməsinə
səbəb olacaq”
Samir Abbasov: “IV İslam Həmrəyliyi Oyunlarının təşkilinin
məhz Azərbaycana həvalə edilməsi
respublikamızın dünyada artan gücünün, eləcə
də müsəlman aləmində ölkəmizin böyük nüfuzunun
göstəricisi idi”
Müsahibimiz Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasovdur.
-lV
İslam Həmrəyliyi Oyunlarının
Azərbaycanda uğurla təşkil
olunması ölkəmiz üçün
tarixi hadisə sayılır. Azərbaycanın
bu tarixi uğurunu necə dəyərləndirərdiniz?
-lV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar bir hadisə idi və bu geniş bir məkana və insan potensialına malik İslam dünyasında Azərbaycanın nüfuzunun necə yüksək səviyyədə olmasının göstəricisi idi. Ümumiyyətlə, keçirilən bu cür möhtəşəm tədbirlərin hər biri ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsinə, dünyada Azərbaycanın tanıdılmasına xidmət edir. Bir vaxtlar xəyal belə edə bilmədiyimiz bu cür mötəbər yarışlara bu gün Odlar yurdu Azərbaycan ev sahibliyi edir. Son illərdə ardıcıl olaraq keçirilən bu mötəbər tədbirlər, genişmiqyaslı beynəlxalq idman yarışları müstəqillik tarixində ilk dəfə olaraq keçirilirdi. Sonuncu yarış isə İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olan Azərbaycanın dünya, eləcə də müsəlman aləminə yeni töhfələr verməsi üçün əla bir fürsət idi və fikrimcə, Azərbaycan bu imkanlardan geniş yararlandı.
Azərbaycan bundan əvvəl də tarix yazmışdı. Ölkəmiz öz adını Avropa Oyunlarının vətəni kimi tarixə düşdü. Avropa Oyunlarına hazırlıq çərçivəsində nəhəng infrastruktur layihələrinin icra edilməsi, cəmi iki il yarım ərzində yarışlara belə yüksək səviyyədə hazırlıq görülməsi, eləcə də İslam Həmrəyliyi Oyunlarının bu cür uğurlu təşkili Azərbaycan dövlətinin qüdrətindən və bacarığından xəbər verirdi.
IV İslam Həmrəyliyi Oyunlarının təşkilinin məhz Azərbaycana həvalə edilməsi respublikamızın dünyada artan gücünün, eləcə də müsəlman aləmində ölkəmizin böyük nüfuzunun göstəricisi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti ilə ölkədə bir vaxtlar nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, Azərbaycanın paytaxtı Bakının, respublikamızın hər bir şəhər və rayonun görkəminin dəyişməsi bu gün öz uğurlu nəticəsini verir. Ölkəmiz nəhəng beynəlxalq yarışlara ev sahibliyi edir, habelə respublikamıza çoxsaylı turistlər cəlb olunur.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları ilə Azərbaycanın müstəqillik tarixində yeni səhifə yaratdı, ölkəmizin imicinin yüksəlməsinə və dünyada tanıdılması istiqamətində əvəzolunmaz işlərə imza atdı. Azərbaycan bu mötəbər tədbirlərlə, yarışlarla bir neçə istiqamətdə uğura imza atdı. Qısa müddət ərzində həm ölkəmizin təbliği, həm də iqtisadiyyatımızın inkişafı üçün yeni imkanlar açıldı.
Təkcə bir faktı qeyd etmək olar ki, bu il ərzində Azərbaycanda neçə mötəbər beynəlxalq tədbir keçirildi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Şopinq Festival, İslam həmrəyliyi oyunları və yaxın günlərdə Formula-1 yarışları. Realist olaraq qeyd etməliyik ki, bu heç də asan məsələ deyil, belə böyük, mötəbər və məsuliyyətli layihələri reallaşdırmaq.
-Yarışlarda
4-cü yeri tutan
Özbəkistanda bu oyunlarla
bağlı təəssürat necədir? Özbəkistan KİV-i bu yarışlara
geniş yer
ayırdımı?
-Əlbəttə, Özbəkistanda lV İslam Həmrəyliyi Oyunlarına maraq ilk gündən böyük oldu. Ölkənin aparıcı kanallar, xüsusi ilə idman kanalı, habelə nüfuzlu KİV-lər hər gün Bakıda keçirilən yarışları geniş işıqlandırırdılar.
Bakıda keçirilən lV İslam Həmrəyliyi Oyunları Özbəkistan üçün də uğurlu oldu desək yanılmarıq. Belə ki, qardaş ölkə yığması 63 medal əldə edərək, iştirakçı ölkələr arasında 4-cü yeri əldə etdi. Bu böyük nəticə və uğur idi. Medalların sayında isə özbək idmançıları 15 qızıl, 17 gümüş, 31 bürünc medalla lV İslam Həmrəyliyi Oyunlarında yaxşı nəticə ilə Vətənə qayıtdılar. Özbəkistanda onların göstərdiyi nəticə dövlət tərəfindən yüksək qiymətləndirildi və aparıcı KİV-lərdə hələ də bu barədə geniş məlumatlar verilir. Təkcə onu qeyd etmək olar ki, aparıcı xəbər agentlikləri, Özbəkistanın ən çox oxunan “kun.uz” Xəbər Agentliyinin saytı ayrıca bir rubrika yaradaraq hər gün Bakıdan Oyunlardan xüsusi reportaj təqdim edirdi.
-Oyunlara
görə Bakıya gələn özbəklər ölkəmiz
haqqında nələri düşünürlər?
-Qardaş ölkədə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə apardığı böyük islahatlardan çox həvəslə danışırlar. Onlar Bakıda olarkən gözlərinə inanmadıqlarını və Azərbaycanın qısa müddətdə necə inkişaf etdiyini və tamamilə dəyişdiyini qeyd edirlər. Özbəkistanda Azərbaycanın turizm sahəsində aparılan islahatları yüksək qiymətləndirirlər. Onlar görüşlərdə mənə bildirirlər ki, biz nəinki Bakıda, Azərbaycanın bir neçə turizm rayonlarında, xüsusi ilə Qusarda və Qəbələ yaradılmış nəhəng turizm komplekslərindən heyran qaldıq. Artıq elə bir özbək yoxdur ki, o, Azərbaycana maraq göstərməsin. Tanınmış ekspertlər isə Azərbaycan təcrübəsinin diqqət göstərdiklərini söyləyirlər. Onlar Azərbaycanın turizmin inkişafı sahəsində həyata keçirdiyi islahatlarda kompleks və sistemli yanaşdığını, digər sahələrdə də paralel işlərin aparılması və onların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını müsbət dəyərləndirirlər.
lV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri qardaş ölkədə maraqla qarşılandı.
Bakıdakı Olimpiya stadionundan möhtəşəm açılış və bağlanış mərasimi Özbəkistan tamaşaçısını təbii ki, heyrətləndirdi. Hər kəs Azərbaycanın necə müasir və gözəl ölkə olmasından, möhtəşəm arenalarından heyranlıqla danışırdılar.
-lV
İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana daha çox turist axını
olacağını demək olarmı? Elə Orta
Asiya ölkələrindən də turist artımı gözlənilirmi?
-Artıq sevinc hissi ilə deyə bilərik ki, ölkəmizdə turistlərin sayında artım baş verir. Ölkə rəhbərliyinin uğurlu siyasəti, ölkədə infrastrukturun dünya standartlarına uyğun qurulması, turizm sahəsində çoxsaylı layihələrin reallaşdırılması turistlərin ölkəmizə cəlb olunmasına öz təsirini göstərir. Nəinki Bakı, indi Azərbaycanın regionlarına da xarici turistlər böyük maraq göstərirlər. Özbəkistandan və Qazaxıstandan Bakıya, xüsusi ilə Naftalan, müalicə-istirahət mərkəzlərinə çox sayda turistlər gedirlər. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Bakıda Şopinq Festivalının keçirilməsi barədə məlumatı Özbəkistan mətbuatı geniş işıqlandırdı. Onlar bu təcrübənin maraqlı olduğunu, ölkənin turistlər üçün cəlbedici edə biləcəyini və öz ölkələrində də bu təcrübədən istifadə etməyin vacib olduğunu yazdılar.
Mədəniyyət Mərkəzimizin Özbəkistanda keçirilən beynəlxalq turizm sərgi və yarmarkalarda apardığı monitorinqlərin nəticələrinə görə Özbəklər əsasən Azərbaycanın Bakı şəhərinə, Xəzər dənizinin çimərliklərinə və Naftalan sanatoriyalarına daha çox maraq göstərirlər. Onlar Azərbaycanda turistlər üçün bütün şəraitin yaradıldığını, xidmətin səviyyəsini isə yüksək qiymətləndirirlər. Mən dəfələrlə təmaslarda onların Azərbaycandan heyranlıqla danışdıqlarının şahidi olmuşam. Qeyd edirlər ki, Azərbaycan düzgün yol tutaraq turizmin inkişaf etdirilməsi üçün təkcə hotelləri, hotelçilik xidmətini deyil, bütün sahələrdə kompleks iş aparıb. Ölkədə bütün aparıcı mədəniyyət və xidmət obyektləri yenidən qurulub, onların fəaliyyətləri təkmilləşdirilib. Tarixi abidələr restavrasiya edilib, onlar müasir səviyyədə xidmət göstərir, ölkədə yol infrastrukturu, nəqliyyat, hətta taksi xidməti ən müasir səviyyəyə çatdırılıb.
Bu il Azərbaycandakı Novruz şənliklərinə marağın böyük olduğunu hamımız müşahidə etdik. Çox sayda xarici turistlər, xüsusi ilə İran, ərəb ölkələri və Orta Asiyadan turistlər bu bayram şənliklərində iştirak etdilər. Bilirsiniz ki, turistlər yalnız gəzmək, alış veriş etmək deyil, əyləncəyə də xüsusi üstünlük verirlər. Bakıda bayram günlərində olan özbək turistlər şəhərdə bir neçə mərkəzi parklarda meydanlarda təşkil olunan mədəni proqramları, bayram yarmarkalarını xüsusi qeyd edirdilər. Onlar şəhərimizdə alış-verişin maraqlı, rahat və sərfəli olduqlarını söyləyirdilər. Ümumiyyətlə, dil, din, mədəniyyət və tarixi yaxınlıq Azərbaycanı Özbək turistlərə daha da yaxın və maraqlı edir.
lV İslam Həmrəyliyi Oyunları düşünürəm ki, öz uğurlu nəticələrini gələcəkdə də verməkdə davam edəcək, ölkəmizi tanıtmaq, müsbət imicini möhkəmləndirməklə yanaşı, Azərbaycana həm Orta Asiyadan, həm də müsəlman, ərəb dünyasından çoxsaylı turistlərin gəlməsinə səbəb olacaqdır.
Tural Tağıyev
Palitra.-2017.-27 may.-S.5.