“Əcnəbi tələbələr çox vaxt Qarabağla bağlı hər şeyi xəritə üzərindən öyrənirlər”

 

Rəhman Əhmədov:

“Ermənistanın qondarma təbliğatlarının qarşısına operativ şəkildə alternativlər qoymalıyıq, əsl həqiqətləri dünyaya KİV vasitəsilə daha çox çatdırmağa çalışmalıyıq”

 

Xaricdə yaşayanali təhsilini davam etdirən azərbaycanlıların Azərbaycan həqiqətlərinin təbliği istiqamətində vacib rol oynadıqlarını dəfələrlə qeyd etmişik. Xaricdə müvəqqəti və daimi yaşayan azərbaycanlılar həm də Qarabağ həqiqətlərinin təbliğində də böyük rol oynayırlar. Türkiyənin Uludağ Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil alan Rəhman Əhmədovla söhbətimizdə bu mövzu ətrafında danışmışıq.

 

-Türkiyədə Qarabağ həqiqətləri ilə bağlı daha geniş təbliğatlara ehtiyac varmı?

- Təbii ki, ehtiyac var. Belə ki, istər diplomatik, istərsə də ticari əlaqələr baxımdan, Qarabağ probleminin, sadəcə, Azərbaycan üçün deyil, eyni zamanda Türkiyə üçünaktual mövzu olduğunu deyə bilərik. Türkiyə, məlum problem üzündən regionla yüksək səviyyədə əlaqələr qura bilmir. Bildiyiniz kimi, ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma soyqırımını dünyanın gündəliyinə gətirərək, bu mövzunu siyasi məqsədlər üçün istifadə edirlər. Xüsusilə sözügedən bu qondarma soyqırımı üçün Türkiyənin adı beynəlxalq toplantılarda, insan haqları tədbiri və mediada mənfi istiqamətdə tez-tez hallanır. Bu baxımdan, məsələyə geniş prizmadan yanaşdıqda Azərbaycan və Türkiyənin ortaq probleminin olduğunu Ermənistanla münasibətlərdə bundan sonra da sıx ortaq siyasət sərgiləmək lazım olduğunu düşünürəm.

-Xarici mətbuatda Qarabağ həqiqətlərinin təbliğinin artırılması hansı effekti verər?

-Mən bu mövzunu, yuxarıda da qeyd etdiyim kimi, çox vacib amil hesab edirəm. Azərbaycan vətəndaşı olan hər kəs- istər xaricdə təhsil alan tələbə, istər, sadəcə, qısa müddətlik başqa ölkəyə gedən özünə borc bilməlidir ki, müxtəlif yollarla bu istiqamətdə düzgün informasiyalar yaysın. Əgər onların mediaya çıxışı varsa, bu lap əla olar. Dövlətimiz bu mövzuda həssas davranır. İstənilən yalan məlumata qarşı dərhal xarici KİV-də cavab məqalələri dərc edilir. Əsasən, bu kimi halları səfirlərin qələmi ilə oxuyuruq. Dövlət hər istiqamətdə lazımi tədbirlər görür. Məsələn, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palaisdes Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramı bizim uğurlu xarici siyasətimiz, müdaxiləmiz nəticəsində ləğv edildi.

Qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin, ümumən bu kimi halların qarşısının alınmasında təkcə XİN deyil, Milli Məclisin də rolu olur. Milli Məclis, bəzi deputatlarımız tərəfindən bu istiqamətdə zəruri önləyici addımların atılması təqdirəlayiqdir və bu cür fəaliyyətin sayını artırmağa çalışmalıyıq. Yəni Ermənistanın qondarma təbliğatlarının qarşısına operativ şəkildə alternativlər qoymalıyıq, əsl həqiqətləri dünyaya KİV vasitəsilə daha çox çatdırmağa çalışmalıyıq. Daha öncəki sualda bu mövzuda məlumat verdim, xaricdə fəaliyyət göstərən azərbaycanlı ziyalılar, adamları və tələbələrin vasitəsilə mətbuata çıxış tapmaqla daha effektiv nəticələr əldə edə bilərik.

-Bəs Qarabağ həqiqətlərinin KİV-dən kənar hansı formada təbliğatının tərəfdarısınız?

- Mənim qənaətimə görə, bu mövzuda KİV-də daha faydalı və effektiv işlər aparıla bilər. Yəni Qarabağı ildə cəmi bir neçə dəfə işğal günlərində yad edərək, qapalı tədbirlər keçirmək kifayət etmir. Daha innovativ yöntəmlərlə bu həqiqətlər təbliğ oluna bilər. Məsələn, əcnəbi ölkələrdə fəaliyyət göstərən Azərbaycan ziyalıları, adamları və diaspor təmsilçilərimizin dəstəyi ilə universitetlərdə tələbələr arasında Dağlıq Qarabağla bağlı ən yaxşı film, yazı və ssenari müsabiqələri keçirə bilərik. Azərbaycan da bu işlərə dövlət səviyyəsində dəstək ola bilər, müsabiqələrin daha sanballı, diqqətçəkən olması üçün bura xarici mütəxəssisləri cəlb edə bilər. Məsələn, xarici alimlərə və universitetlərə də vəsait ayrıla bilər ki, Qarabağ mövzusunda yazılar yazılsın, araşdırmalar aparılsın. Bundan başqa, bu vasitə ilə xarici ölkələrin arxivlərindəki Qarabağ münaqişəsi ilə bağlı sənədlərə, Azərbaycanın işğala məruz qaldığını və ermənilərin uydurduğu qondarma soyqırımın olmadığını göstərən sənədlərə çıxış imkanları əldə edə bilərik. Hətta Ermənistan adlı dövlətin, əslində, heç vaxt olmadığını da çox asan üsullarla sübut etmək olar. Xüsusilə də Qarabağla bağlı kitabların daha çox xarici müəlliflər tərəfindən yazılmasına xüsusi maraq göstərilməlidir. Mən belə fikirləşirəm ki, bu formada təbliğatlar aparsaq, onların niyə indi işğalçılıq siyasəti yürütdüklərini ortaya qoya bilərik.

- Özünüzün qatıldığınız tədbirlərdə bu barədə danışılırmı?

-Demək olar ki, mənim təhsil aldığım universitetdə bu məsələ ilə bağlı tez-tez tədbirlər keçirilir. Məsələn, universitetin nəzdində fəaliyyət göstərən “Türk dünyası və kültürübirliyi bu mövzuda təşkilatçılıq edərək bir sıra tədbirlər keçirir. Mənim də aktiv olduğum bu birlik ilə bərabər, biz tələbələr, tez-tez elm adamları və yazarların iştirakı ilə simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər keçiririk. Hesab edirəm ki, belə tədbirlər də Qarabağ münaqişəsinin düzgün istiqamətdə təbliği baxımından çox faydalı olur.

-Əcnəbi tələbələrə Qarabağ haqqında məlumatlar verirsinizmi?

-Təbii ki, bu bizim vətəndaşlıq borcumuzdur. Türkiyə universitetlərində təhsil alan tələbələrimiz bu mövzuda nəinki söz açmaq, hətta daha öncə qeyd etdiyim kimi, tədbirlər, konfranslar təşkil etməyə çalışırlar. Ancaq bu formada kütləvi məlumat yayaraq məqsədimizə daha effektiv yollar ilə çata bilərik. Əcnəbi tələbələr çox vaxt Qarabağla bağlı hər şeyi xəritə üzərindən öyrənirlər. Biz isə onlara geniş şəkildə məlumatlar ötürürük.

-Azərbaycan, Qarabağ deyəndə əcnəbilər düzgün informasiyaya malik olurlarmı?

-Sosial media bu mövzuda, təəssüflər olsun ki, mənfi rol oynayır. Kirli informasiya, yalan məlumatlarla çox qarşılaşırıq. Xüsusilə, xaricdə təhsil alan tələbələrin siyasət, tarix kimi mövzularda daha aktiv olduğunu deyə bilərəm. Onlar daha çox universitetdə qrup yoldaşları və universitet müəllimləri ilə bu mövzularda söhbət edirlər, nəinki sosial media vasitəsilə... Eynilə mənim kimi burada ərəb, fransız, ingilis, hətta Amerika qitəsindən olan bir çox tələbə var. Biz öz aramızda siyasitarixi müzakirələr aparırıq. O zaman fərq edirəm ki, Azərbaycan və Qarabağ haqqında yalan informasiyalar nəticəsində səhv məlumatlara sahibdirlər. Bu halda həqiqəti, doğru olanı onlara rəsmi qaynaqlar, kitablar ilə göstərməyə çalışırıq. Bəzən bu bizim saatlarla vaxtımızı alsa da, əcnəbi tələbələr həqiqətləri öyrənsinlər deyə, əlimizdən gələni etməyə çalışırıq.

- Məsələn, onlar ölkəmiz və Qarabağ haqqında nə deyirlər?

-Türkiyə vətəndaşı olan tələbələr ölkəmizi sevir və hörmət bəsləyirlər. “İki dövlət, bir millət” şüarı, demək olar ki, burada hər kəsin dilində öz əksini tapır. Ölkəmizi çox sevdiklərini, hətta yay tətilində Azərbaycan torpaqlarında-özlərinə doğma bildikləri yerlərdə istirahət üçün gəzmək istədiklərini, Qarabağ haqqında isə məsələ həll yolunu tapana qədər dəstəklərini əsirgəməyəcəklərini deyirlər.

Bu təəssüratlar isə, təbii ki, bizi də qürurlandıraraq dostluq, qardaşlıq münasibətlərimizi daha çox möhkəmləndirir.

-Yəqin ki, bundan sonra da bu istiqamətdə aktivlik göstərəcəksiniz?

-Əlbəttə. Universitet, təhsil vacibdir. Amma Vətən hər şeydən önəmlidir. Qarabağ həqiqətləri bizim həssas nöqtəmiz olduğu üçün bu istiqamətdə aktivlik göstərməyi vətəndaşlıq borcumuz hesab edirəm. Xüsusilə erməni lobbi təşkilatlarının Azərbaycan əleyhinə mütəmadi qaydada fəaliyyət göstərməsini əngəlləmək üçün, birinci növbədə xaricdəki gənclərimiz fəal surətdə işlər görməlidirlər. Yəni Qarabağ məsələsində qarşı tərəfin iddialarını yalanlamaqda biz xaricdəki tələbələrin üzərinə böyük yük düşür. Məsələn, bir söhbət əsnasında bir afrikalı və ya asiyalı tələbəyə Azərbaycan, Qarabağ haqqında düzgün məlumat vermək özübir təbliğat sayılır. Konkret təklifim budur ki, qəbul etməsələr belə, ingilis dilində və ya digər xarici bir dildə məqalə hazırlayıb, xarici ölkələrin redaksiyalarına göndərmək olar. Subyektiv olaraq mən də bu mövzuda yazılar yazmağa və sözügedən mövzu ilə bağlı layihələrdə rol almağa çalışıram. Son olaraq mən belə hesab edirəm ki, informasiya müharibəsi ən əsas təbliğat vasitəmiz olmalıdır. Bunun üçünbiz gənclər öz tariximizi, qaynaqlarımızı və Qarabağla bağlı bütün məlumatları yaxşı öyrənməliyik ki, faktlarla qarşı tərəfə nə isə sübut edə bilək.

 

Tural Tağıyev

Palitra 2017.- 31 may.- S.11.