Ziraat Bank Azərbaycan”ın baş ofisinin yeni binası istifadəyə verilib

 

Nihat Zeybekçi: “Türkiyəli adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər”

Bakıda Türkiyənin “Ziraat Bank”ının “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinin yeni binası istifadəyə verilib. Mərasimdə çıxış edən “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Azərbaycanda yeni Baş ofisin yaradılmasının ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirdiyini bildirib. “Ziraat Bank”ın Azərbaycanın bank sektorunun inkişafına təkan verəcəyini deyən H.Aydın əmin olduğunu bildirib ki, bankın ölkəmizdəki filialı fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək. Sonra bankın reklam çarxı nümayiş olundu. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov müstəqillik illərində ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, bank sektorunda da uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələri xatırladan Elman Rüstəmov qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirir. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bankın yaranma tarixindən danışıb. O, Türkiyənin iqtisadi inkişafında bankların mühüm rol oynadığını bildirib. Türkiyəli nazir ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin genişlənməsində bankların fəaliyyətini vurğulayıb. Qeyd edib ki, türkiyəli adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Sonra yeni bina ilə tanışlıq oldu. Binada işçilərin çalışması, istirahəti, həmçinin müştərilərə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. 154 illik fəaliyyət tarixi olan bankın 2015-ci ildən ölkəmizdə filialı var. Yeni ofis binasının açılışı ilə Türkiyənin bu maliyyə qurumu ölkəmizdəki fəaliyyətini daha da genişləndirir. “Ziraat Bank”ının 18 ölkədə 88 törəmə bankı, filial və nümayəndəlik ofisi var. Bankın baş ofisi Ankarada yerləşir.

 

Palitra  2017.- 1 noyabr.- S.10.