Azərbaycan-Türkiyə münasibətlərini
şərtləndirən amillər
Azərbaycan Türkiyə əlaqələrinin böyük tarixi var. Ortaq dil, din birliyi, oxşar mədəniyyət, vahid kök, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında əsas yer alır. XX əsrin 90-cı illərin əvvəllərinə qədər türk dünyasını beynəlxalq aləmdə yalnız Türkiyə Respublikası təmsil edirdi. 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması, “dəmir pərdə”nin aradan qaldırılması nəticəsində daha beş türk dövlətinin müstəqillik qazanması ilə türk dünyasında gözəçarpacaq bir canlanma başlandı. Yenicə müstəqillik əldə etmiş beş müstəqil türk dövləti dünyanın siyasi xəritəsində öz yerlərini taparaq, Avropa və Asiya qitələri arasında Türk dünyasının yerləşdiyi məkanı-geopolitik türk qovşağını formalaşdırmış oldular. Gücünü tarixdən alan ortaq dini mənəvi dəyərlərə malik Türk Dünyası siyasi-iqtisadi müstəvidə ortaq maraqlar göstərməklə dünyanın diqqət mərkəzindədir.
Sovetlər Birliyinin dağılması, kommunizmin çökməsi və müstəqil türk dövlətlərinin meydana çıxması ilə Türkiyə yenidən Türk Dünyasında məsuliyyətli missiyanı öz üzərinə götürmüş oldu. Yeni yaranmış türk dövlətləri Türkiyəni öz inkişafları üçün bir nümunə götürdülər.
30 avqust 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Bu qərar 1991-ci il oktyabrın 18-də hüquqi qüvvəyə mindi. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət məhz qardaş Türkiyə Cümhuriyyəti olmuşdur. Yenicə müstəqillik əldə edən Azərbaycan Respublikası öz inkişafında “türk modeli”nə üstünlük vermişdir. “Türk modeli”nin seçilməsi dünyəvi dövlət quruculuğunun seçilməsi deməkdir. 1991-ci ildən sonra Türkiyənin rəsmi dairələri yeni müstəqillik əldə etmiş Azərbaycan Respublikası ilə bütün sahələri əhatə edən əlaqələrin qurulub inkişaf etdirilməsi kursunu götürmüşdür. Əslində 1991-ci ildən sonrakı dövrdə dövlətlərarası əlaqələrin konkret aspektləri və ortaq məqamları məhz tarixdən mövcud olan münasibətlərin yeni mərhələdə davamı idi. Azərbaycan və eləcə də bütün türk xalqları hər zaman istər Osmanlı imperiyasının, istərsə də Türkiyə Cümhuriyyətinin diqqət mərkəzində olmuşdur.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Azərbaycan da öz növbəsində Türkiyə tarixinin çətin dövründə-Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadilə zamanı qardaş xalqa maddi və mənəvi yardım göstərmişlər.
Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş bu məqalədə əsasən siyasi və iqtisadi münasibətlər araşdırılmışdır. Tarixi kökləri olan və indiyə qədərki dövrdə müxtəlif mərhələlərdən keçən münasibətlər, XX əsrin sonlarında Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasıyla birlikdə yüksəlməyə başlamışdır. Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.
İki ölkə arasındakı münasibətlərə rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan biri də ölkə rəhbərlərinin seçkilərdən sonra etdikləri səfərlərdir. Türkiyə rəhbərliyi seçkilərdən sonra ilk rəsmi səfərlərini Azərbaycana, Azərbaycan Prezidenti isə Türkiyəyə edir. Dövlət başçılarının ilk rəsmi səfərlərini məhz qardaş ölkəyə etməsi bir daha təsdiqləyir ki, bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir. Məhz buradan qaynaqlanaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Türkiyə xalqlarını “Bir millət, iki dövlət” adlandırmışdır. Müstəqil Azərbaycanın xarici siyasətinin ən prioritet məsələsi Azərbaycan Türkiyə münasibətləridir. 1994-cü ildə ümummilli lider H.Əliyevin Türkiyəyə ilk rəsmi səfəri Azərbaycan üçün uğurlu olmuşdur. O öz nitqində qeyd etmişdir:“ Apardığımız danışıqlar Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edir. Bu da bizim üçün-gənc Azərbaycan dövləti üçün çox faydalıdır. Hər hansı bir məsələ meydana çıxanda biz Türkiyə ilə məsləhətləşməyi vacib hesab edirik.“
Azərbaycanla Türkiyə arasında 14 yanvar 1992-ci ildə imzalanan protokolla diplomatik əlaqələr yaradılmış və Baş konsolluq olaraq Nümayəndəliyimiz Səfirlik səviyyəsinə yüksəldilmişdir. Hal-hazırda, Türkiyənin Azərbaycanda Bakı Səfirliyi ilə yanaşı, Naxçıvan və Gəncədə Baş konsolluqları da fəaliyyət göstərir. Azərbaycanın isə Ankarada Səfirliyi ilə bərabər 1993-cü ildən İstanbulda, 2004-cü ildən isə Qarsda Baş konsolluğu mövcuddur.
Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat iki dövlət arasında strateji əməkdaşlığın təməl daşını qoydu. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər və Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivlərini müəyyən etdi. Türkiyənin Qafqazda siyasi və iqtisadi mövqeyi əsasən Azərbaycanın hesabına təmin olunur. Türkiyənin Qafqaz mənafeləri Rusiya, İran və Ermənistanın maraqları ilə hər zaman toqquşub. Rusiya və İranın Qafqazda maraqlarını və bu sahədə konkret addımlarını nəzərə alsaq, onda Türkiyə-Azərbaycan, Türkiyə-Qafqaz əlaqələrinin nə qədər çətin və mürəkkəb olduğunu müşahidə etmək olar.
İki ölkənin ortaq maraqlardan çıxış etdiyi əsas mövzulardan biri Dağlıq Qarabağ problemidir. Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” fikri Türkiyənin Azərbaycanın yaralı nöqtəsi olan Qarabağ probleminə münasibətində hər zaman öz təsdiqini tapmışdır. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı. 1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını da xahiş etmişdi. O zaman Türkiyə dövləti Azərbaycanı dəstəkləyərək Ermənistandan işğalçılıq siyasətinə son qoymasını tələb etdi və bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhədini bağladı. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. Türkiyə Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in MİNSK qrupunun üzvü kimi təmsil olunduğu bütün regional və beynəlxalq qrumlarda MİNSK qrupunun fəaliyyətsizliyini qeyd edərək münaqişənin həlli üçün alternativ variantlar təklif etmişdir. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin və işğal edilən Azərbaycan torpaqlarının qaytarılmasının Qafqaz¬da əhatəli barış və sabitliyin ən əhəmiyyətli ünsürü olduğunu dəfələrlə bildirmişdi.
İki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir. Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və daşımaçılıq layihələri təşkil edir. Bütün bu qeyd olunanlarla yanaşı, həmçinin iqtisadiyyatların strukturu baxımından Türkiyə və Azərbaycan bir-birini tamamlayan xüsusiyyətlərə də malikdir. Belə ki, Türkiyə iqtisadiyyatı əsasən ixrac meylli və emaledici sənayeyə əsaslanan bir struktura sahibdir. Azərbaycan iqtisadiyyatı isə əsasən xammala əsaslanır. Azərbaycanın Türkiyə ilə müstəqillikdən sonrakı iqtisadi əməkdaşlığını bir neçə şərti mərhələyə bölmək olar. Əgər müstəqilliyin ilk illərində sərhədlərin qəfil açılması ilə demək olar tanışlıq münasibətləri formalaşmış və bu münasibətlərin iqtisadiyyata yansıması ancaq kiçik ticarətlə məhdudlaşırdısa sonrakı dövrdə bu əlaqələr miqyas baxımından daha geniş sahəni əhatə etməyə başladı. Qafqaz bölgəsinin stratejik əhəmiyyəti, Türkiyənin Türk dünyasına tərəf istiqamət almasında Azərbaycanın ilk çıxış nöqtəsi və körpü vəzifəsində olmasını, mədəniyyət və dil baxımından Azərbaycanın Türkiyəyə xüsusi yaxınlığını nəzərə alsaq Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələr daha mühüm əhəmiyyət kəsb edir.
İqtisadi münasibətlərin hüquqi bazasının təməlini 2 noyabr 1992-ci il tarixli “Azərbaycan höküməti ilə Türkiyə höküməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş“ təşkil etmişdir.
Iki ölkə arasındakı iqtisadi münasibətlərdə əsas diqqəti enerji sahəsindəki əməkdaşlıq cəlb edir.
Ötən illərdə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə enerji daşıyıcılarının nəqli istiqamətində əməkdaşlıq əlaqələri dərinləşib. Xüsusən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi dəmir tellər bu iki türk dövləti arasındakı strateji münasibətlərə yeni məzmun gətirib. Bunlardan başqa, ideya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmiryol xətti də Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhtəşəm olduğunu göstərməklə yanaşı, bu iki türk dövləti arasındakı əməkdaşlığın nəinki regional, həm də qlobal miqyasda iqtisadi yüksəlişə və beynəlxalq həmrəyliyə töhfə vermək iqtidarında olmasından xəbər verir. Bir neçə gün əvvəl, oktyabrın 30-da Bakıda Türkiyə və Azərbaycan prezidentlərinin iştirakilə bu dəmir yolunun açılışı oldu.Dünən isə Bakıdan yola salınan ilk qatar Qarsa çatdı. TANAP layihəsi də Azərbaycanla Türkiyə arasındakı iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.
Azərbaycanın müstqillik əldə etməsindən sonra yenidən çiçəklənən Azərbyacan Türkiyə münasibətləri bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Türkiyə münasibətlərində xalqların qardaşlığı nə qədər böyük rol oynayırsa, hər iki dövlət başçısının şəxsi səmimi münasibətləri də bir o qədər böyük rol oynayır. Hər iki dövlət Ulu öndər Heydər Əliyevin “Bir millər, iki dövlət” şüarını rəhbər tutaraq bütün sahələri əhatə edən qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək yolunda uğurla irəliləyir.
Aysel Arzu
qızı İbrahimova
ADPU-nun İnsan
Resursları şöbəsinin kadrlar
üzrə mütəxəssisi
Palitra.-2017.-4 noyabr.-S.10.