Bakı Metrosunda 51 yeni stansiya inşa
ediləcək
Metronun “İçərişəhər”
stansiyasında Bakı
Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə
istismar edilmiş retro
vaqonların bərpadan
sonra təqdimatı olub.
Prezident
İlham Əliyev
retro vaqonlarla tanış olub. Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən
bir qədər az olan xətt
üzrə hərəkətə
başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları
həmin xəttin üzərində yerləşirdi.
Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə
də müstəqillik
illərində Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın
digər sahələrində
olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların
sayı 14-ə, xətlərin
ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Zaur Hüseynov dövlət başçısına
retro vaqonlar barədə
məlumat verib. Qeyd edək ki, Mıtişşi
maşınqayırma zavodunda
istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb.
Həmin
vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan
biri 1968-ci ildə yol ölçmək üçün Bakıya
göndərilib. Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə
tutulduğuna görə
“Q” tipli adlandırılırdı.
Bu vaqonların istismar müddəti
1983-cü ildə başa
çatıb. Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə
1956-cı ildə başlanılıb.
“E” tipli ilk iki
sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin
- Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi.
Bakıya “E” tipli 47 ədəd
vaqon çatdırılmışdı.
Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman
Nərimanov” stansiyasına
gedib. Qeyd edək ki,
2003-cü ildə Bakı
Metropoliteni yeni inkişaf mərhələsinə
qədəm qoyub.
50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası,
1 elektrik deposu və 36,6 kilometr
uzunluğunda 3 xətti
var. “Bakı Metropoliteni
Xətlərinin Konseptual
İnkişaf Sxemi”nə
əsasən gələcəkdə
metropolitenin ümumi şəbəkəsi 3 mövcud
- Yaşıl, Qırmızı
və Bənövşəyi,
həmçinin 2 əlavə
yeni xətt - Mavi və Sarı
xətlər olmaqla 5 xətdən, 76 stansiyadan,
6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr
uzunluğunda metro xəttinin
çəkilməsi nəzərdə
tutulub. Azərbaycan Prezidentinin müvafiq
sərəncamı əsasında
2014-cü ildə Bakı
Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar
Cəmiyyətinin yenidən
təşkili yolu ilə səhmləri dövlətə məxsus
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan
sonra silsilə yeniliklər biri-birini əvəzləyib. Retro vaqonlarla
tanış olan Prezident 50 illik yubileyi münasibətilə Bakı
Metropoliteninin kollektivini
təbrik edib, yeni-yeni uğurlar arzulayıb.
****
Metro işçiləri təltif
edilib
Prezident Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun
tikintisində və istismarında səmərəli
fəaliyyətinə görə
bir qrup metropolitençinin təltif
edilməsi ilə bağlı sərəncamlar
imzalayıb.
Sərəncamlara əsasən bir
nəfər “Şöhrət”
ordeni, 27 nəfər
“Tərəqqi” medalı
ilə təltif olunub, 3 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
verilib. Həmçinin Bakı Metropoliteninin
50 illik yubileyi münasibətilə metronun
tikintisində və istismarında səmərəli
fəaliyyətinə görə
3 nəfərə “Əməkdar
mühəndis” fəxri
adı verilib.
Palitra 2017.- 7 noyabr.- S.3.