Kiyevdə “Nizami Gəncəvi” yaradıcılıq gecəsi keçirilib

 

Ukraynada Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Gənclik Mərkəzində “UAGB-də əfsanələr canlanır” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, UAGB-nin rəhbəri İlhamə Allahverdiyeva qonaqları salamlayaraq Nizami Gəncəvinin dünya ədəbiyyatına böyük töhfə verməsini qeyd edib.

Bu layihə Azərbaycanın mədəni irsinə və Ukrayna ictimaiyyətini bu irslə tanış etməyə həsr olunmuş silsilə yaradıcılıq gecələri ilə davam edəcək.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin rəhbəri Rövşən Tağıyev bu təşəbbüsü və UAGB-nin Ukraynada Azərbaycan mədəniyyətinin populyarlaşdırılması üzrə ardıcıl aparmasını alqışlayıb və Ukraynada Nizami Gəncəviyə abidə qoyulmasının zəruri olduğunu qeyd edib.

Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev şəhər təşkilatının rəhbəri Vladimir Danilenko da tədbir iştirakçılarını salamlayaraq Ukrayna ilə Azərbaycan arasında mədəni mübadilənin zəruriliyini və əhəmiyyətini vurğulayıb. Ukraynanın Xalq artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov Nizami Gəncəvinin sözlərinə bəstələnmiş “Sənsiz” romansını ifa edib.

Poeziya gecəsi Nizami Gəncəvinin həyat və yaradıcılıq motivləri əsasında hazırlanmış, tədbir iştirakçılarını xəyalən Gəncənin orta əsrlər mühitinə aparan səhnələşdirilmiş tamaşa ilə davam edib.

 

Mahmud

 

Palitra  2017.- 8 noyabr.- S.15.