Nağdsız ödənişlərin
genişləndirilməsi üçün əlavə tədbirlər
görüləcək
Ömər Cəfərov:
“2010-cu ilin sonunda ticarət, ictimai iaşə və xidmət
obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə,
2016-cı ilin dekabr ayında bu rəqəm 10 dəfədən
çox artaraq 70.913 ədəd təşkil edib”
2017-ci il yanvarın 1-dən «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, bununla əlaqədar Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilmişdir. Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərovun müsahibəsinin başlıca mövzusu bu barədədir.
- Ömər
müəllim, Qanunun qüvvəyə minməsindən ötən
müddət ərzində onun tətbiqi və əldə
edilən nəticələri barədə vəziyyəti
ümumi şəkildə necə qiymətləndirmək
olar?
- Bu gün nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Əksər ölkələrdə nağd ödənişlərin məhdudlaşdırılmasına dair qanunlar qəbul edilmişdir. Almaniya, İtaliya, Fransa, İspaniya, Çexiya, Slovakiya, Belçika, İsveçrə və digər Avropa dövlətlərinin qanunvericiliyində nağd ödənişlərin məhdudlaşdırılmasına və qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə sərt tədbirlər nəzərdə tutulmuşdur. Bu baxımdan, Azərbaycanda da məhdudlaşdırmaların tətbiqi dünya praktikasına tamamilə uyğundur və «Nağdsız hesablaşmalar haqqında» Qanunun qəbul edilməsi bundan irəli gəlir. Qanunun qəbul olunması və tətbiqində əsas məqsəd Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatlar və hesablaşmalarda şəffaflığı təmin etmək, vergiyə cəlb olunan dövriyyənin vergi hesabatlarında dəqiq əks etdirilməsinə nail olmaq, vergidən yayınma hallarının qarşısını almaqdır. Qanunun icrasının təmin olunması ödənişlərə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
- «Nağdsız
hesablaşmalar haqqında» Qanunun vergi məqsədləri
üçün əhəmiyyəti nədədir?
- Qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 mindən artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minmişdir. Sənədə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan ödəyicilər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə aparılan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
- Qanunun tətbiqi
ilə bağlı qiymətləndirmələrin nəticəsi
necə olmuşdur?
- 2017-ci ilin ötən 9 ayı ərzində apardığımız qiymətləndirmələr onu göstərir ki, «Nağdsız hesablaşmalar haqqında «Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi, eyni zamanda Vergi Məcəlləsində edilmiş müvafiq əlavə və dəyişikliklər nağdsız iqtisadiyyata keçidə öz mühüm töhfəsini göstərir. Qanunun icrası ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunmasına, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına, nəticədə ölkənin beynəlxalq reytinqinin daha da yüksəldilməsinə şərait yaratmışdır.
- Cari ilin ortalarında nağdsız hesablaşmaların daha da genişləndirilməsi məqsədilə bəzi qanun layihələrinə əlavə və dəyişikliklər də qəbul olundu...
- Azərbaycan Respublikası Prezidentinin 17 may 2017-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanuna əsasən Vergi Məcəlləsində də müvafiq dəyişikliklər edilmiş, bəzi anlayışlara aydınlıq gətirilmişdir. Həmin Qanunun tələblərinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi ilə bağlı Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi yeni redaksiyada verilmiş və maliyyə sanksiyaları tətbiq edilən subyektlərin dairəsi konkretləşdirilmişdir. Qanunun 3.4-cü maddəsinə əsasən, vergilərin, gömrük rüsumlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının, faizlərin, sığorta ödənişlərinin, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqqlarının (o cümlədən: işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım və müavinətlərin (o cümlədən birdəfəlik müavinətlər), kompensasiya və təzminatların, stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsinin, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılmasının, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsi), təhsil haqlarının ödənilməsinin, turizm agentlərinə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Göründüyü kimi, qanunun əhatə dairəsi kifayət qədər genişləndirilmişdir. Bu səbəbdən, vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə düzgün əməl etməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən sığorta, lizinq, təhsil müəssisələri və tur-agentlərin siyahısı müəyyən edilərək onlara izahlı bildirişlər göndərilmiş, görüşlər keçirilərək qanunun tələbləri həmin vergi ödəyicilərinə izah edilmişdir. Təbii ki, Vergilər Nazirliyi təkcə maarifləndirmə və məlumatlandırma işi ilə kifayətlənmir, eyni zamanda həmin vergi ödəyicilərində ödənişləri nağdsız qaydada qəbul etmək üçün müvafiq infrastrukturun yaradılması işində zəruri dəstək göstərir, olmadığı təqdirdə bank hesablarının açılması, POS-terminalların və digər ödəniş vasitələrinin quraşdırılması üçün onlara lazımi köməklik göstərir.
- Qanunun tələblərinin
pozulması hallarına daha çox hansı sahələrdə
rast gəlinir?
- Vergilər Nazirliyi tərəfindən aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, bəzi sahibkarlar qanunun tələblərinə riayət etmək istəmir. Bu sahədə qanun pozuntularına daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət obyektlərində rast gəlinir, bəzi sahibkarlar nağdsız hesablaşmalara keçmək istəmirlər. Vergilər Nazirliyinin məqsədi vergi ödəyicilərinə cərimə tətbiq etmək deyil, hər bir ödəyicinin qanuna riayət etməsində, vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsində mövcud qanunvericiliyə uyğun olaraq, bütün tədbirləri həyata keçirməkdir. Amma qanun hamı üçün bərabərdir və onun tələblərinə riayət etməyən hər kəs cəzasını almalıdır.
- Nağdsız
ödəmə avadanlıqları olan POS-terminalların tətbiqinin
genişləndirilməsi ilə bağlı hansı işlər
aparılır?
- «Nağdsız hesablaşmalar
haqqında» Qanuna əsasən, bir sıra dövlət
orqanları, biznes qurumları və təşkilatlar
qarşısında müvafiq tapşırıqların yerinə
yetirilməsinə dair tələblər müəyyən
edilmiş, öz fəaliyyətlərini qanunun tələblərindən
irəli gələn məsələlərə
uyğunlaşdırmaq əsas şərt kimi qarşıya
qoyulmuşdur. Bu istiqamətdə bankların da üzərinə
mühüm vəzifə düşür və onlar öz fəaliyyətlərini
qanunun tətbiqindən irəli gələn məsələlərin
həlli istiqamətində qurmağa
çalışırlar. Nağdsız dövriyyənin
artırılması üçün güclü
infrastrukturun yaradılması əsas şərtlərdəndir.
Vergilər Nazirliyi Mərkəzi Bank və
kommersiya bankları ilə birlikdə ölkənin ticarət
və xidmət sektorunda ödəmələrin nağdsız
qaydada aparılması üçün zəruri infrastrukturun
qurulması istiqamətində 2014-cü ilin fevral ayından
başlayaraq ciddi tədbirlər həyata keçirir. Bu sahədə son illər xeyli mühüm dəyişikliklərə
nail olunmuş, POS-terminalların quraşdırılmasında
əhəmiyyətli nəticələr əldə
olunmuşdur. 2010-cu ilin sonunda Azərbaycanda fəaliyyət
göstərən ticarət, ictimai iaşə və xidmət
obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə,
2016-cı ilin dekabr ayında bu rəqəm 10 dəfədən
çox artaraq 70.913 ədəd təşkil etmişdir. Dövriyyədə olan kartların
sayı da əhəmiyyətli dərəcədə artaraq
5,3 milyonu ötmüşdür. Yəni indi ölkəmizdə
kart bazarında geniş rəqabət üçün hər
cür şərait vardır. Hal-hazırda respublika üzrə
68816 aktiv POS-terminal vardır. Bunlardan 41141-i Bakı
şəhərinin, 27675-i regionların payına
düşür. Hazırda banklar tərəfindən
POS-terminalların infrastrukturunda da müvafiq texniki işlər
aparılır və təmassız kartların qəbulu
üçün yeni imkanlar yaradılır. Bir neçə
bank POS-terminallarla bağlı xüsusi korporativ
kartların emissiyasına start verib. Bu,
ticarət obyektinin sahibinin öz bankına müraciət etmək
ehtiyacını aradan qaldırır, ona POS-terminal vasitəsilə
aparılmış bütün əməliyyatlar üzrə
vəsaiti birbaşa öz kartından əldə etməyə
imkan yaradır, ticarət obyektinin işini daha da
asanlaşdırır.
- Bu sahəyə müasir
texnologiyaların tətbiqi nə səviyyədədir?
- Əksər
banklarda müştərilər «Mobile-banking», «SMS-banking»,
«İnternet-banking» kimi onlayn xidmətlərdən rahat
faydalanırlar ki, bu da nağdsız ödənişlərin
inkişafında mühüm amildir. Kommersiya
bankları maqnit zolaqlı kartlardan imtina etməklə öz
müştərilərinə çip tipli və ya daha
müasir təmassız kartlar təklif edirlər. Nağdsız ödənişlər bu prosesdə
iştirak edən bütün tərəflər
üçün əlverişlidir. Kart vasitəsilə
ödənişlərin aparılması, ilk növbədə,
ticarət və iaşə obyektləri üçün əhəmiyyət
kəsb edir. Bu, onların imicini və
nüfuzunu yüksəldir, POS-terminal vasitəsilə
aparılan əməliyyatlar müştərilərin
sayını çoxaldır. Təcrübə
göstərir ki, POS-terminallardan istifadə edən ticarət
obyektinin dövriyyəsi 25-30% artır. Nağdsız
ödənişlər ticarət obyektləri ilə
yanaşı, kart istifadəçiləri üçün də
sərfəlidir. Çünki onlar
nağd vəsaiti özləri ilə gəzdirmirlər və
nəticədə pulun itirilməsi riski aradan qalxmış
olur. Kart itirildikdə isə müvafiq banka
müraciət etməklə kart bloklaşdırılır və
hesabda olan vəsait toxunulmaz qalır.
-
Sahibkarların banklardan müəyyən olunmuş limitdən
artıq nağd pul vəsaitlərinin
çıxarılmasına görə 1 faiz dərəcəsi
ilə tutulan sadələşdirilmiş verginin ləğvi
barədə təkliflərini necə dəyərləndirərdiniz?
- Vergi Məcəlləsində
(VM) qeyd olunan müddəalara əsasən, hüquqi şəxslərə
və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin
nağd qaydada verilməsini həyata keçirən yerli
banklar, xarici bankın Azərbaycan Respublikasındakı
filialı və ya poçt rabitəsinin milli operatoru VM-in
220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş
vergini hesablamağa, vəsaiti alan şəxsin bank
hesabından tutmağa və hesabat ayından sonrakı
ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət
büdcəsinə köçürməyə və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə
borcludurlar. Bank hesablarından pul vəsaitlərinin nağd
qaydada çıxarılması zamanı 1 faiz dərəcə
ilə sadələşdirilmiş verginin tutulması vergi
orqanında uçotda olan hüquqi şəxslərə və
fərdi sahibkarlara, o cümlədən ƏDV qeydiyyatında
olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət
və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin
ödəyicisi olan şəxslərə aid edilir. Fikrimcə, bu, bütün tərəflər
üçün ən məqbul mexanizmdir. Bu sahədə
bir əsas məqama da diqqət yetirmək lazımdır ki,
Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ən
çox vergilərin yığılmasına deyil, ölkədə
daimi hərəkətdə olan pul vəsaitlərinin
uçotunu aparmağa, hesablaşmalar üzrə şəffaflığı
artırmağa və zaman keçdikcə nağd pul
hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz
edilməsinə, bununla da ölkədə bank sisteminin
inkişafına səbəb olacaqdır. Vergi orqanları tərəfindən
həyata keçirilmiş inzibati tədbirlər nəticəsində
571 ödəyici tərəfindən 117,3 milyon manat vəsait
banka bərpa edilmiş, 467 vergi ödəyicisinə 17,9 milyon
manat vergi hesablanmış, 795 vergi ödəyicisi barədə
isə tədbirlər davam etdirilir.
- Növbəti ildə nağdsız
hesablaşmaların genişləndirilməsi ilə
bağlı hansı tədbirlərin görülməsi nəzərdə
tutulur?
-
Nağdsız əməliyyatların dövriyyəsinin artırılması
dövlətin qarşıya qoyduğu əsas hədəflərdəndir
və qarşıdakı illərdə bu istiqamətdə
işlərin daha da genişləndirilməsi nəzərdə
tutulur. Cəmiyyətdə kartla ödəniş
vərdişlərinin artırılması vacibdir. İnkişaf etmiş ölkələrdə plastik
kartlarla həyata keçirilən ödənişlərin
payı 50-60% arasında, bəzi ölkələrdə 80%-dən
çox olsa da, Azərbaycanda bu rəqəm 10-11% həddindədir.
Amma ölkəmizdə nağdsız ödənişlərin
inkişafı üçün böyük imkanlar
mövcuddur. «Nağdsız ödənişlər
haqqında» Qanuna uyğun olaraq, bu prosesdə iştirak edən
bütün tərəflər, o cümlədən banklar tərəfindən
sağlam rəqabətlilik şəraitində müştərilərə
daha əlverişli və rahat ödəniş
üsullarının təqdim olunması davam etdiriləcəkdir.
Yaxın gələcəkdə ölkəmizdə «NFC» (Near
Field Communication), «Apple Pay» və «Samsung Pay» kimi ödəniş
platformalarının yaradılması üzrə müzakirələr
aparılacağı gözlənilir. Nağdsız ödəniş
və elektron xidmətlər sahəsində çoxsaylı tədbirlər
həyata keçirən Mərkəzi Bank, Maliyyə
Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi və
digər dövlət qurumlarının fəaliyyəti bir
daha təsdiqləyir ki, qarşıya qoyulmuş strateji vəzifələrin
öhdəsindən uğurla gəlinəcək.
- Vergilər
Nazirliyi tərəfindən müvafiq dövlət
orqanları, təşkilatlar və sahibkarlarla birgə
nağdsız ödənişlərin
stimullaşdırılması məqsədilə davamlı
müzakirələr aparılır, çoxlu rəylər və
təkliflər irəli sürülür...
- Beynəlxalq
təcrübəni nəzərə alaraq nağd
hesablaşmaların məhdudlaşdırılması və
nağdsız əməliyyatların
stimullaşdırılması üzrə bəzi təkliflərin
nəzərdən keçirilməsi məqsədəuyğundur.
Məsələn, belə hesab edirik ki, fiziki
şəxslər və hüquqi şəxslər arasında
aparılan əməliyyatların müəyyən məbləğdən
artıq olan hissəsi (qeyri-rezidentlər üçün fərqli
məbləğlər müəyyən edilə bilər)
yalnız nağdsız şəkildə
reallaşdırıla bilər, əks halda, aparılan əməliyyatın
müəyyən faizi məbləğində maliyyə
sanksiyası tətbiq edilməlidir. Bu
qaydaların pozulmasına görə həm ödəyənin,
həm də ödəməni qəbul edənin birgə məsuliyyət
daşımasını nəzərdə tutan qanunvericilik
aktının qəbul olunması məqsədəuyğundur.
«İstehlakçıların
hüquqlarının müdafiəsi» haqqında Qanunun I fəslində
əsas anlayışlar hissəsinə «malların (işlərin,
xidmətlərin) ödəniş forması»
anlayışının, II fəslində
istehlakçıların hüquqları hissəsinə isə
«malların (işlərin, xidmətlərin) ödəniş
formasını sərbəst seçmək hüququ»nun əlavə
edilməsi də vacibdir. Bütün dövlət
rüsumlarının və kommunal rüsumların yalnız
nağdsız qaydada qəbul edilməsi və ya nağdsız
ödənişlər üçün məbləğin
müəyyən hissəsi həcmində endirimlərin tətbiqi,
fiziki şəxslər tərəfindən kommersiya
banklarına yerləşdirilən depozitlər üzrə
faizlərin onlara nağdsız şəkildə verilməsi də
məqsədəuyğundur. Bundan başqa, banklar tərəfindən
verilən istehlak kreditlərinin əhali tərəfindən
nağdsız ödənişlər üçün istifadə
edilməsi halında kreditlərə güzəştlərin
olunması, əhaliyə mal (xidmət) təqdim edən ticarət
obyektlərinin aylıq dövriyyələrinin əksər
hissəsini (məsələn, 80%-dən yuxarı)
nağdsız əməliyyatlar təşkil edən
sahibkarların gəlir (mənfəət) vergisinə güzəştli
dərəcə ilə (məsələn 17%) cəlb edilməsi
də məqsədəmüvafiq hesab edilə bilər.
- Elektron ödəmələrin
stimullaşdırılması məqsədilə kredit-debet
kart şirkətləri (banklar) ilə razılığa əsasən
kart vasitəsilə ödəmələrdə bonus
proqramlarının tətbiq edilməsinə necə
baxırsınız?
- Bu, işin xeyrinə olardı. Məsələn, əməkhaqqı və təqaüd kartlarında olan pul vəsaiti ilə bir ay ərzində edilən nağdsız ödənişlərə görə (müəyyən bir məbləğədək, məsələn, 500 manat) aparılan nağdsız ödənişlərin 3%-i məbləğində mükafatın verilməsi yaxşı nəticə verə bilər. Kredit-debet kartı vasitəsilə ödənişin qəbul olunmasından imtina edilməsinə görə sahibkarlara inzibati cəza tədbirlərini nəzərdə tutan qanunvericilik aktının qəbul olunması da bu qəbildəndir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində, taksilərdə, özünəxidmət tipli kafelərdə, köşklərdə və digər ticarət obyektlərində nağdsız ödənişlərin aparılması üçün «Paypass» funksiyalı ödənişlərin və mobil telefonlar vasitəsilə aparılan ödənişlərin genişləndirilməsi məqsədilə NFC (Near Field Communication) sisteminin tətbiqi məqsədəuyğun olardı. Yanacaqdoldurma məntəqələrində kredit-debet kartı vasitəsilə ödəmə edən şəxslərə endirim kartının təqdim edilməsi və ödənilən məbləğin kiçik bir faizinin həmin karta yüklənməsi, nağdsız ödəmələr edən istehlakçılar üçün uduşlu lotereyaların keçirilməsi də səmərəli ola bilər. Hesab edirəm ki, müəyyən məbləğdən yuxarı vergilərin yalnız nağdsız şəkildə ödənilməsinin tələb olunması, vergilərin bankomatlar vasitəsilə ödənilməsi imkanının yaradılması, vergilərin elektron ödənilməsinə görə əlavə bank xərclərinin ləğvi və gəlirdən çıxılmasına yol verilən bir sıra xərclərin yalnız nağdsız şəkildə ödənildiyi halda, gəlirdən çıxılmasının mümkünlüyü nəzərə alınarsa, bu, nağdsız ödənişlərin genişlənməsinə öz töhfəsini verə bilər.
Tural
Tağıyev
Palitra.-2017.-9 noyabr.-S.13.