“Xaricdə yaşayan
peşəkar idmançılarımız üçün
yarışlar təşkil etmək fikrimiz
var”
Hafiz Baxşəliyev: “İnanıram ki, idmançılarımız bir-birləri
ilə ünsiyyət qurarlarsa, daha böyük arenalarda iştirak etmək
şansı olacaq”
Xaricdəki eyni peşə sahibləri olan soydaşlarımızın bir araya gəlməsi və ictimai təşkilat səviyyəsində birləşməsi milli diasporun fəaliyyətində yeni istiqamətdir. Belə olan halda, soydaşlarımız həmrəylik və Azərbaycanın təbliği işində daha çevik işlər görə bilərlər. Hələlik bu istiqamətdə ilk addımı kikboks üzrə dünya çempionu Hafiz Baxşəliyev atıb. Belə ki, həmvətənimiz bu yaxınlarda İngiltərədə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaradıb. Qeyd edək ki, Hafiz Baxşəliyev 1980-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Kikboks yığma komandasının üzvü olan soydaşımız beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. 7 dəfə Azərbaycan, 3 dəfə Dünya və Avropa çempionu olub. 2009-cu ildən Böyük Britaniyada yaşayır. Londonda “Qafqaz” idman klubunu rəhbəridir.
-Necə oldu ki, belə bir təşkilat yaratmaq qərarına
gəldiniz?
-Bu yaxınlarda belə bir ideya irəli sürüldü. Biz də bu gözəl təklifi dəyərləndirib Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaratdıq. Məsləhət gördülər ki, birliyin sədri mən olum.
-Təşkilatın
məqsəd və vəzifələri nədən ibarətdir?
-Məqsədimiz Azərbaycandan kənarda idman sahəsində fəaliyyət göstərən soydaşlarımızla sıx əlaqə qurmaq və bir-birimizə dəstək olmaqdır. Əsas məqsədlərimizdən biri də xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda Azərbaycan idmançılarını yaxından dəstəkləməkdir.
- İdarə heyətində
kimlər təmsil olunur?
-Biz daha yaranma ərəfəsində olduğumuz üçün idarə heyətini tam təyin etməmişik, amma, hələ ki, üç nəfər təmsil olunuruq. Mən, jurnalist Elnur Eltürk və boksçu Zaur Teymurov.
-İngiltərədə azərbaycanlı idmançıların bir araya gəlməsində bu təşkilatın nə kimi rolu olacaq?
-Yəqin ki, quruma xeyli həmvətənimiz üzv olacaq. Dəqiq sayını deyə bilmərəm, amma hazırda yarışlarda iştirak edənlərlə yanaşı, veteran və yeniyetmə idmançılarımız da var. Təşkilatımıza həm aktiv, həm də yeniyetmə, gənc, veteran idmançılarla yanaşı, idmandan uzaqlaşmış məşqçi, hakim, idmançı və idmanda fəaliyyəti olan hər kəsi cəlb edirik. Sıralarımız gündən-günə genişlənir. Xaricdə olan idmançılar yarışlara çıxarkən bizi də məlumatlandırırlar. İnanıram ki, idmançılarımız bir-birləri ilə ünsiyyət qurarlarsa, daha böyük arenalarda iştirak etmək şansı olacaq.
-İngiltərədə
yeni nəsil idmançılar yetişdirə
bilirsizmi?
-Hal-hazırda İngiltərədə bir neçə perspektivli yeniyetmə və gənc azərbaycanlı idmançı yetişir. Misal üçün, boks, cüdo, kung-fu, hətta şahmatçımız da var.
-Təşkilat olaraq perspektiv
planlarınız nədən ibarətdir?
-Gələcəkdə imkanlarımız genişləndikdən sonra xaricdə yaşayan peşəkar idmançılarımız üçün yarışlar da təşkil etmək fikrimiz var.
Təşkilat olaraq çalışacağıq ki, azərbaycanlı idmançılar bizi dünyanın ən böyük arenalarında təmsil etsinlər.
Fuad Hüseynzadə
Palitra.-2017.-9 noyabr.-S.6.