Qara sazın mahir
ifaçısı
Ötəcək əsrlər, keçəcək illər,
Bu sənət sönməyən şan-şöhrətindir.
Bir zaman deyəcək gələn nəsillər
Gördüyün qara saz – Ədalətindir!
Ədalət Məhəmmədəli oğlu Nəsibov (Dədə Ədalət) 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Azərbaycan aşıq sənətinin görkəmli simalarından biridir. Gənc yaşlarından saz ifası üzrə fitri istedada malik olub. İlk dərsini atası Məhəmmədəli kişidən alıb. Daha sonra Aşıq Ədalət Nəsibov Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsi Aşıq Əlinin yanında şagirdlik edib. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır. Aşığa 24 iyul 1990-cı ildə “Əməkdar incəsənət xadimi” adı və 10 oktyabr 1997-ci ildə isə “Prezident” təqaüdü verilib. Beş uşaq – iki oğul, üç qız atasıdır.
Sazın danışan dili, deyən sözü, görən gözü olan əfsanəvi ozanımız Dədə Ədalət vəfatı ilə qara sazın simlərində dondu. Aşığın cismi torpaqda olsa da, ruhu bizlədi. Bundan sonra onun ruhu qara saza köçdü. Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər və digər ustad aşıqlarla Aşıq Ədalətin adı qoşa çəkiləcək. Dədə Ədalət aşıq ifalarının mahir ifaçısı və bilicisi idi. Bu ifalarla ümumxalq məhəbbəti qazandı. Aşığın yaşam mənbəyi saz və xalq məhəbbəti olub. Bu iki amil ona hər zaman ilham verirdi. Məhz bu vəhdət Dədə Ədaləti sağlığında klassikləşdirdi.
Ədalət yaradıcı bir insan idi. Aşıq sənətində
bir sıra yeniliyə imza atdı. Bu yeniliklər
ona ölməzlik qazandırdı. Hər ifası
bir-birindən daha gözəl idi. Pərdələrdə gəzən barmaqlarla
ifa etdiyi havalar dinləyicidə xoş təəssürat
yaradırdı. Bu, Dədə Ədalətin
əsl möcüzəsi
idi. Sanki həmin ifalarla sazın özü dilə gəlirdi. İfalarından göründüyü kimi, aşığın barmaqları sirli bir dünya idi. Bu sirri
özü ilə apardı. Həmin barmaqlar aşığı
sənətin uca zirvələrinə qaldırdı.
Mahir ifaları ilə sənətin keşməkeşli
yollarını ustalıqla
qət etdi.
Dədə Ədalət zəngin mütaliə sahibi olub. Ürəyinə illərlə qiymətli
poeziya incilərini toplamışdı. Hər gün
oxuyur və öyrənirdi. Hər zaman
axtarışda idi.
Yazılı ədəbiyyatla yanaşı, ağız
(dil) ədəbiyyatının
da dərin bilicisi idi.
Aşıq Ədalət hər zaman xalq ilə
ünsiyyət qurub. Əvəzsiz ifaları ilə könüllərdən-könüllərə
köçüb. Bu könüllərdə yaşayan
ifaçı əbədillik
qazanıb. Aşıq xalq
sevgisi ilə yaşayıb, xalq məhəbbəti görüb
və məhəbbətsiz
dünyanı heç
sayıb. Həmçinin onda bir qədimlik
vardı. Keçmişə çox bağlı idi. Bu bağlılıq
onu xalqa daha da sevdirdi.
Soy-kökə olan rəğbət onda hər zaman hiss olunurdu. Ömrünün çoxunu səfərlərdə
keçirirdi. Bölgələrimizi və dünyanı gəzirdi. Qədim aşıqlar kimi
sənətini təbliğ
edərək yaşadı.
Əsl xalq aşığı idi.
Teleməkanda, radioda Aşıq Ədalətin sazı meydana səs salanda hər kəs öz işini dayandırıb onu dinləyirdi. Xalq onun
izləyicisi olub.
Onu dövrünün aşıqlarından
fərqləndirən xüsusiyyət
də vardı. Bu, aşığın kino tarixinə düşməsidir. “Yeddi
oğul istərəm”
(1970), “Ədalət” (1971), “Aşıq Ələsgər”
(1972), “Prima” (1992), “Tanrı payım, telli sazım” (2007) kimi filmlər onun şöhrətini artırıb.
Sağlığında aşıq haqqında dövrün qələm sahibləri çoxlu yazılar yazaraq dəyərli fikirlər söyləyiblər. Xalq şairi Nəriman Həsənzadə: “Ədalət
dünyaya gələcək.
Dünya Ədalətsiz
qala bilməz”, Xalq şairi Bəxtiyar Vahabzadə: “Ədalət kimi sənətkarlar – məktəbdir”,
Türk yazıçısı
Əziz Nesin: “Ədalətin ifası təkrarsız həyat kimidir”, Xalq yazıçısı İsmayıl
Şıxlı: “Ədalət
bizim saz sənətimizin yeni bir epoxası, yeni bir dövrüdür”,
AAB-ın sədri,
professor Məhərrəm Qasımlı:
“Ə.Nəsibov ifaçılıq
məktəbi öz arxasınca böyük bir saz ordusu
çəkib aparıb”
və digər tanınmış söz sahiblərinin Dədə Ədalətlə bağlı
hikmətli sözləri
və dövri mətbuatda yazılan yazılar gələcək
tədqiqatçıların əlində bir mənbə olacaq.
Tanınmış şairlərdən Xalq
şairi Zəlimxan Yaqub, Bəhmən Vətənoğlu, Barat Vüsal,
Səadət Buta, Cığatel İsaqqızı
və digər söz sərrafları Dədə Ədalətə
şeirlər həsr
edərək onu bir daha əbədiləşdiriblər.
Ədalət bölgə ədəbiyyatına
həmişə maraq
göstərib. Bölgədə yaşayan şair və aşıqlarla sıx ünsiyyət qurub. Hər zaman onların
yaradıcılığını xalqa çatdırardı.
Burada xüsusilə Bəhmən
Vətənoğlunun yaradıcılığını
qeyd etmək olar. Aşıq Ədalət Bəhmən
Vətənoğlunun yaradıcılığını
təbliğ edib.
Vətənoğlunun “Haylı-haraylı
dünyam” kitabının
“Öz söz”ündə
Məmməd Aslan yazır: “Sən Bəhmən Vətənoğlu
olmaqla bərabər, həm də bir az Aşıq Ədalətsən.
Səni sən eləyən Allahın köməyinə göndərdiyi
bu ulu saz
və söz sənətkarı var. Səni
o qədər təbliğ
etməsəydi, oxumasaydı,
yəqin ki, bu ucalıqda olmağı çətin
bacarardın... O səni
ucaltdı, sən onu”. Vətənoğlu isə öz
növbəsində bu
borcu qüdrətli kəlamları ilə qaytarıb. O “Ədalətin
sazında...” şerində
yazır:
Əsli
nalə çəkər
zülfü pərişan,
Fəqan
eylər Ədalətin
sazında!
Kərəm çıxar alovların
içindən,
Üsyan
eylər Ədalətin
sazında!
Ədalət Nəsibov hər zaman bölgə şair və aşıqların qonağı
olub. Şair Vaqif Əlioğlu
Ustad Ədalətlə
bağlı bir çox xatirəni danışmaqdan yorulmur.
Vaqif Əlioğlu: “Dədə Ədalət beş dəfə
qonağım olub. O günləri heç unutmaq olarmı? Sazlı-sözlü günlər idi.
Çox
istedadlı və bacarıqlı bir insandı. Hər zaman əlləri
qızıl, sinəsi
sözlə dolu olurdu. Onun ölüm xəbərini
eşidəndə çox
sarsıldım. Özüm də
xəstəyəm deyə,
dəfnində iştirak
edə bilmədim”.
Tanınmış şair-pedaqoq, AYB-in üzvü İsa Cavadoğunun “Azərbaycanam”
şerini Aşıq Ədalət Nəsibov hər zaman əzbər deyər və bir neçə
şerini saz ifalarında səsləndirərək
təbliğ edərdi.
Bir sözlə, Aşıq Ədalət xalq sənətinin yaşadanı
və təbliğ edəni idi.
Aşığın 40 mərasimində “Qazax” Xeyriyyə Cəmiyyətinin
orqanı olan “Dəli Kür” qəzetinin ustada həsr olunan xüsusi buraxılışı
oldu. Buraxılışda bir sıra tanınmış şəxslərin
yazıları çap
olunub. Ustadın vəfatından sonra
isə qəzet və jurnallar Dədə Ədalət haqqında yazılarla səhifələndi. Məti
Osmanoğlu, Çiçək
Mahmudqızı və
digər qələm insanları Aşıq Ədalətin sənəti
və onunla olan xatirələri qələmə aldılar.
Aşıq Ədalət 14 sentyabr
2017-ci ildə 78 yaşında
uzun sürən xəstəlikdən sonra Bakı şəhərində
vəfat edib. Vəsiyyətinə uyğun olaraq 15 sentyabrda Qazax rayonunun Ağköynək
qəbiristanlığında dəfn olunub. Beləcə,
əfsanəvi ozan illərlə sinəsinə
basaraq ifa etdiyi sazının sinəsi ilə birgə qara torpaqda əbədi olaraq birgə yatdı.
AAB-in üzvü,
Mahmud Əyyub
Palitra 2017.- 17 noybar.- S.15.