Müdriklik zirvəsi - 70 yaş
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış cərrah-onkoloq, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanovun anadan olmasının 70-ci ildönümü tamam olur.
Böyük alimin uzunmüddətli müşahidələri və
tədqiqatları nəticəsində
ölkədə onkologiya
sahəsində mühüm
elmi nailiyyətlər
əldə edilib, Azərbaycan tibbi daha da yüksəklərə
qalxıb. Onun müvafiq sahədə
qələmə aldığı
elmi əsərləri
ölkənin tanınmış
jurnalları ilə yanaşı, dünyanın
nüfuzlu, yüksək
istinad indeksli nəşrlərində də
işıq üzü
görüb.
Ə.Əmiraslanov 17 noyabr 1947-ci ildə Qərbi Azərbaycanın
Göyçə mahalının
Basarkeçər rayonunun
Zod kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil
olub. 1971-ci ildə institutu fərqlənmə
diplomu ilə bitirdikdən sonra Bakı
şəhər Kliniki
Onkologiya Xəstəxanasının
Cərrahiyyə şöbəsində
həkim-ordinator və
şöbənin müdiri
vəzifələrində çalışıb.
Alim 1974-cü ildə
Moskva şəhərində
SSRİ Tibb Elmləri
Akademiyası Ümumittifaq
Onkoloji Elmi Mərkəzinin nəzdində
aspiranturaya daxil olub. 1977-ci ildə “Bədxassəli şişlərlə
əlaqədar aşağı
ətrafların amputasiyasından
sonra xəstələrin
reabilitasiyası” mövzusunda
namizədlik dissertasiyası
müdafiə edərək,
tibb elmləri namizədi alimlik dərəcəsinə layiq
görülüb. 1984-cü
ildə isə “Osteogen sarkomalı xəstələrin kompleks
müalicə üsulları”
mövzusunda doktorluq dissertasiyasını müdafiə
edib.
Əhliman Əmiraslanovun elmi nailiyyətlərinin əsasını
sümük, yumşaq
toxuma, süd vəzisi və bir sıra orqanların
şişlərinin öyrənilməsi,
eləcə də onların effektiv diaqnostika və müalicə metodlarının
işlənib hazırlanması,
kliniki praktikaya tətbiq edilməsi təşkil edir.
Ölkənin məşhur cərrahlarından
olan akademik Ə.Əmiraslanov onkologiya
sahəsində çoxsaylı
tibbi-bioloji texnologiyaların
müəllifidir. Alim bu gün də mürəkkəb cərrahi əməliyyatları
yüksək peşəkarlıqla
yerinə yetirir.
O, AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri
Bölməsinin akademik-katibi
kimi ölkədə tibb və biologiya
elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində,
tədqiqatların ən
müasir metodlarla aparılmasında, elmi işlərin yüksək
səviyyədə təşkili
və modernləşdirilməsində
böyük rol oynayır.
Tibb elminin inkişafında böyük
xidmətləri olan Əhliman Əmiraslanov onkologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Alim ölkəmizin
beynəlxalq miqyasda yüksək səviyyədə
təmsil olunması üçün əlindən
gələni əsirgəməyib,
mühüm nailiyyətləri
ilə dünya elminə töhfələr
verib.
Akademik 1992-2015-ci illərdə
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışıb. Rektor təyin
olunduğu gündən
bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm
qoyub. O, universitetin
müsbət imicini formalaşdırmaq və onu daha da
inkişaf etdirmək istiqamətində kompleks innovativ tədbirlər həyata keçirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi,
tədris keyfiyyətinin
yüksəldilməsi və
tibb sahəsində təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində
mühüm addımlar
atıb.
Ə.Əmiraslanov hazırda ATU-nun Onkologiya kafedrasının müdiri, Onkoloji klinikasının direktorudur. Akademik Ə.Əmiraslanovun müəllim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun çox zəngin və əhatəli pedaqoji fəaliyyəti nəticəsində dəyərli elmi-tədqiqat işləri, kitab və dərsliklər işıq üzü görüb.
Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli cərrah-onkoloqların, peşəkar elmi kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmiş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, ölkəmizdən xaricdə də görkəmli alim kimi tanınan Ə.Əmiraslanov tibb elminin inkişafında göstərdiyi saysız-hesabsız xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1986-cı ildə isə Ə.Əmiraslanov elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatı alıb. 2000-ci ildə ulu öndər Heydər Əliyev alimə “Şöhrət” ordenini təqdim edib.
Ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Əmiraslanov Prezident İlham Əliyevin 16 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.
Ə.Əmiraslanov zəngin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənən alimlərimizdəndir. Bu keyfiyyətləri nəticəsində, o, həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Ə.Əmiraslanov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik şəxsiyyətdir.
Görkəmli elm xadimi, bacarıqlı təhsil təşkilatçısı olan Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.
Nərgiz
QƏHRƏMANOVA
AMEA Rəyasət
Heyəti aparatının İctimaiyyətlə əlaqələr
və elmin
populyarlaşdırılması idarəsinin Elektron
informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Palitra 2017.- 17 noybar.-
S.5.