“Özbəkistanda Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük maraq var

 

“Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlük-lüğət” yaradılacaqdır

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinovla görüşüb.

Görüş zamanı xalqlarımız, iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr müzakirə edilib.

Samir Abbasov Azərbaycan – Özbəkistan arasında hər bir sahədə olduğu kimi mədəni-ədəbi sahədə də yüksək əməkdaşlığın olduğunu, dövlət rəhbərlərinin səyləri nəticəsində bu gün bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. O, iki ölkə arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələr barədə danışaraq, son zamanlar ölkəmizdə aparılan islahatlar, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal nəticəsində mədəniyyətimizə, ədəbiyyatımıza dəyən ziyan barədə məlumat verib.

S.Abbasov Azərbaycan və Özbəkistan universitetləri, elm, təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə rəhbərlik etdiyi Özbəkistandakı

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın nüfuzlu Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanmasını təklif edib.

Rektor Ş. Siracədddinov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Tarixi İpək yolunun üzərində yerləşən hər iki xalqın bir-birinə çox yaxın olduğunu, eyni mədəniyyətə, adət və ənənələrə malik olduğunu qeyd edib.

O, iki ölkə arasında mədəni-ədəbi əlaqələr sahəsində Özbəkistandakı

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər, layihələri qeyd edərək, Özbəkistanın ali məktəblərində Azərbaycan otaqlarının yaradılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixinə dair Özbəkistanda Özbək dilində nəşrlərin işıq üzü görməsi, bədii filmlərin özbək dilinə dublyaj olunması, bu sahədə çoxsaylı tədbirlərin, konfransların, görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

Görüş zamanı rektor Ş.Siracəddinov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanacaq memoranduma bir sıra tədbirlərin daxil edilməsini təklif edib. Azərbaycanın ali təhsil ocaqları, elmi araşdırma institutları ilə əlaqələrin yaradılması, onlarla birgə əməkdaşlığa dair memorandumların imzalanması istiqamətində işlərin aparılması, müvafiq razılıq əsasında Azərbaycanda mövcud olan Əlişir Nəvai və b. Özbək sənətkarlarının əlyazmalarının surətlərinin Özbəkistana gətirilməsi, iki ölkə universitetləri, elmi müəssisələri arasında tələbə, doktorant mübadiləsi, ədəbiyyatımıza dair birgə nəşr layihələrinin reallaşdırılması və s. məsələlər müzakirə olunub.

Samir Abbasov səsləndirilən təkliflərin maraqlı və hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək, Daşkənddə Əlişir Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin təşkili, yaradılacaq mərkəzin bazasında Azərbaycan dili kafedrasının yaradılması, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması və s. təkliflər irəli sürüb.

Görüş zamanı irəli sürülər təkliflər, onların konkret icrası müzakirə edildi və təkliflərin Memoranduma daxil edilməsi razılaşdırılıb.

Yaxın günlərdə tərəflər arasında memorandumun imzalanması planlaşdırılır.

Sonda Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin kitabxanası üçün Özbəkistanda son zamanlar Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində çap olunmuş kitabları rektor Ş.Siracəddinova hədiyyə edib.

 

Tural

Palitra  2017.- 21 noybar.- S.15.