Xeyirxahlığından həzz alan insan

 

Elşad QOCA

 

Hər misrasında xalqını tərənnüm edən şair-publisist, polkovnik Ramiz Duyğun haqqında düşüncələr

 

Yaşım az deyil, min şükür Yaradanın böyüklüyünə. Hərdən keçdiyim həyat yolumu vərəqləyərkən rastlaşdığım, gördüyüm, bir kollektivdə iş­lədiyim, bəzən, sadəcə, münasibətim olan insanları xatırlayıram. Yaddaşımda bir-birindən xasiyyəti, xarakteri, savadı, təşkilatçılığı, xeyirxahlığı, bacarığı və sair cəhətləri ilə seçilən fərqli insanlar qalıb. Və Allahıma bir də ona görə minnətdaram ki, yoluma bu insanların içində öz nüfuzu, ağsaqqallığı, dünyagörüşü, savadı, eyni zamanda yaxşılıq etməyi bacaran və bundan qətiyyən peşman olmayan, əksinə, ləzzət alan insanlar rast gəlib. Həm də bu insanların qayğısı, himayəsi sayəsində onlarla gənc öz yolunu müəyyənləşdirib, zamanın məngənəsindən xilas ola bilib. Sadəcə desək, iş tapıblar, maaş alıblar, ailələrini dolandırıblar və həyatın minbir çətinliklərinə sinə gəriblər. Belə insanlar özlərini ona görə xoşbəxt sayıblar ki, tale onların üzünə gülüb, çünki hər adamın qarşısına belə sadə, xeyirxah insanlar çıxmır. Bunun bir adı var, qismət. Tale elə gətirib ki, belə şəxsiyyətlərdən bir neçəsi mənim qismətimə düşüb. Yeri gəldikcə onların bəziləri haqqında, o cümlədən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, “Günəş”, keçmiş “Pioner” jurnalının baş redaktoru, tanınmış uşaq yazıçısı, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Süleymanov haqqında yazmışam. Sırada daha bir gözəl insan var, vətənsevər, hər misrasında xalqını, millətini tərənnüm edən, elini-obasını sevən, qosqoca bir türk, böyük vətəndaş şairimiz, publisist, hərbçi polkovnik RAMİZ DUYĞUN.

Qoy oxuyanlar elə bilməsin ki, yuxarıda qeyd etdiklərim sadəcə, gəlişigözəl sözlərdir. Xeyr, əsla elə deyil. Bu kəlmələr Ramiz müəllimin boyuna biçilib, ona yaraşır. Ramiz müəllimi daha əzəmətli, daha qüdrətli göstərir.

Uzaq 1992-ci il. O dövrü görənlər bilir ölkədə nələr baş verirdi. Cəbhədə gərginlik, şəhər və kəndlərimizdə narahatçılıq. Getsin o günlər bir də gəlməsin. Hərənin ağzından bir avaz gəlirdi. Onda “Səhər” qəzetində müxbir vəzifəsində işləyirdim. Həm də tələbə yoldaşlarım, istedadlı jurnalistlər Rauf Ağayev və rəhmətlik Məmməd Nazimoğlu ilə birlikdə Gənc Publisistlər və Poliqrafçılar Cəmiyyəti yaratmışdıq. Çalışırdıq. Sonra bu işlərimiz bir az səngidi. Dağılışdıq. Yeni iş yeri tapmaq məcburiyyətində qaldım. Bir təsadüfi görüş bu məsələni yoluna qoydu. Tanınmış şair-publisist, istedadlı tərcüməçi, qədim dostum Qardaşxan Əzizxanlı ilə keçmiş “Cənub” mehmanxanasının qarşısında rastlaşdıq. O, yeni fəaliyyətə başlamış Dövlət Sərhədini Mühafizə Komitəsinin “Sərhəd” qəzetinin hərbi müxbiri idi. Xeyli dərdləşdik, işlə bağlı dedi ki, Komitədə hərbi xidmət keçmiş zabitlər axtarırlar. Danışacaq, ya redaksiyaya, ya da Komitəyə lazım olsa, xəbər göndərəcək. Xəbər gəldi. Qardaşxan dedi ki, Ramiz müəllimlə danışmışam, gələndə hazır yazılardan gətirsən yaxşı olar. Onu da deyim ki, Ramiz Duyğunu mətbuatdan və efirdən kifayət qədər yaxşı tanısam da, şəxsi tanışlığımız yox idi. Bilirdim ki, peşəkar hərbçi polkovnik, tanınmış şairdir, uzun illər Azərbaycan dövlət televiziyasında hərbi verilişlər aparıb. Səlis nitq və təhlil qabiliyyəti vardır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin qurucusu və ilk rəisi olub.

Allahın işinə bir bax, elə səhəri gün tanınmış yazıçı Nəriman Əbdürrəhmanlının redaktorluq etdiyi “Sabah” qəzetində silsilə hekayələrim çap olunmuşdu. Qəzeti və digər yazılarımı götürüb getdim. Ramiz müəllim məni gülərüzlə qarşıladı. İş qaldı bir tərəfdə, nədən danışmadıq. Ədəbiyyatdan, incəsənətdən, mədəniyyətdən və sairdən geniş söhbət etdik. Yazılarımı vərəqlədi, sonra “sabah tezdən gəl, söhbətimizi davam edək”, dedi. Düzünü deyəcəyəm, ürəyimdə bir arxayınçılıq vardı. Mənə elə gəldi ki, Ramiz müəllim mənimlə söhbətdən razı qaldı. Söhbətində bir istilik hiss etmişdim. Cəmisi bir gün gözləmək lazımdı. Bir sabahı açmağa nə var ki, özü də nurlu sabah ola.

Səhər tezdən “Sərhəd” qəzetinin dəniz kənarında yerləşən redaksiyasında idim. Redaksiya əməkdaşlarının çoxunu şəxsən tanıdığımdan başımız söhbətə qarışdı. Redaksiya və mətbuat xidməti üçün müvəqqəti olaraq 2 otaq ayırmışdılar. Otağın biri şöbənin rəisi üçün nəzərdə tutulmuşdu. Qəfildən rəisin, polkovnik Ramiz Duyğunun qapısı açıldı.

- Oğlum, gəl, niyə burda dayanmışsan,-dedi:

- Yazıların xoşuma gəldi, xüsusən də hekayələrin. Axarlı dilin var. Kitab çap etdirməmişsən?

- Xeyr,-dedim.

- Sağlıq olsun, olar, inşallah, çalış sənədlərini tez topla, vaxtında rəhbərliyə təqdim edək. Vaxtımız azdır, gərək qəzetin birinci nömrəsini hazırlayaq, ezamiyyətlərə çıxaq. İndi gərgin vaxtdır, bütün sərhəd bölgələrində təhvil-təslim gedir. Zabit heyəti az olduğundan biz həm işimizi görməli, həm də bu tarixi proseslərdə iştirak etməliyik.

Özümü itirdim. Sözün düzü, işin belə tez qaydaya düşəcəyinə inanmırdım. Axı, adətən, bir müddət get-gəl başlayır, sonra xahiş-minnət və s. Ramiz müəllim qərarını tez və qəti vermişdi. Tələsik lazım olan sənədləri toplamağa başladım. 1992-ci ilin isti avqust ayı, bir günə sənədlərin doxsan faizini yığdım. Yalnız bir sənəd qalmışdı, hərbi komissarlıqdan şəxsi işimi götürməli idim. Sorğunu özüm apardım ki, işi sürətləndirim. Sən saydığını say, gör fələk nə sayır, deyiblər. Əvvəl qeydiyyatda olduğum rayonda çıxış var, qeydiyyata düşdüyüm rayonda isə giriş yoxdur, dedilər. İki rayonun arasında gözəl xanımların əlində qaldım. Şokolad-konfet almaqdan yoruldum. Get-gəl, dünyada nifrət elədiyim bir iş. Ancaq nə edəsən, çarəsizsən. Bir həftə ərzində nələr çəkdiyimi bir Allah bilir. Alınmır. Dünyanı dağıdası deyiləm ki? Qaldı Ramiz müəllimi məlumatlandırmaq, bəlkə, başqasını götürəcək. Səhər tezdən onun qapısının ağzını kəsdirdim.

- Gəl görək, igid, noldu? Vaxt gedir, qəzet çıxmalıdır axı! Bir həftədir haralarda itib-batmışsan?

Düzü, bilmədim necə başlayım, necə cavab verim. Komissarlıqda şəxsi işimin iki qurum arasında itdiyini, axtarışın heç bir nəticə vermədiyini bildirdim. Ramiz müəllim diqqətlə üzümə baxdı:

- Onda bəs neyniyək!

Mən çiyinlərimi çəkdim. O, stolun üstündən telefon kitabçasını götürüb baxdı, xeyli vərəqlədi və harasa zəng etdi. Danışığından anladım ki, respublika hərbi komissarını soruşur. Bir neçə dəqiqədən sonra yaranmış vəziyyəti komissarla müzakirə etdi. Sonda “əvvəlcədən təşəkkür edirəm”, dedi.

- Dayanma, təcili komissarlığa get, səni gözləyirlər. Maşallah, pəhləvan kimi oğlansan, hərəkət elə. Bu ştat sənindir, söz vermişəm, fikrimdə də qalıram.

Sürətlə otaqdan çıxdım. Ramiz müəllimin xeyirxahlığının beynimdə müzakirəsini bir anlığa unutdum. Və özüm-özümə təsəlli verdim, bu barədə bir qədər sonra, hələlik sənəd işini başa çatdırmaq lazımdır. Az qala, 2-3 dəqiqə çəkdi respublika Hərbi Komissarlığına gəlişim. Girişdə növbətçi zabit məni qabaqladı, soyadımı soruşdu, “İsayev” deyən kimi “sizi gözləyirlər”, dedi. Katibə də məndən heç nə soruşmamış komissarın yanına apardı. Vəziyyəti olduğu kimi danışdım. - İndi neyləyək, QUK (yəni keçmiş SSRİ Müdafiə Nazirliyinin kadrlar baş idarəsi nəzərdə tutulur) artıq bizə cavab vermir. Əlində nə sənədlərin vardır?

Nə vardısa hamısını göstərdim. - Bunlar əla dokumentlərdir ki (açıq-aydın hiss olunurdu ki, Azərbaycan dilində çətinliklə danışır).

Sonra bir anlıq susdu və qəfildən telefonu götürüb mənə problem yaradan rayonların hərbi komissarlarını növbə ilə yıxıb-sürüdü, (arada rus zabitlərinə məxsus çoxmərtəbəli söyüşlərdən geninə-boluna istifadə etdi, düzünə qalsa, söhbətin bu hissəsi mənə yamanca ləzzət elədi) məsələnin müəyyən vaxt ərzində həllini qəti şəkildə tapşırdı.

Deyəsən, Ramiz müəllimin zəngi komissarlıq işçilərini əməlli-başlı silkələmişdi. Rayon Hərbi Komissarlığında da münasibət yüksək səviyyədə oldu. Hətta indi yüksək vəzifə tutan birisi “qardaş, bizi niyə söydürürsən, axı nə günahımız var, şəxsi işiniz iki rayonun arasında itib, düzəldəcəyik”, deyə mızıldandı. Məndə olan sənədlər əsasında şəxsi işim hazırlandı. İşi Dövlət Sərhədini Mühafizə Komitəsinə təqdim etməyi elə özümə tapşırdılar. Komitənin Kadrlar şöbəsində işlər sürətlə getdi və hərbi müxbir kimi öz vəzifəmi yerinə yetirməyə başladım.

Mənim Ramiz Duyğunsevərləri, oxucuları yormaq fikrim yoxdur. Qoy kimsə elə düşünməsin ki, Elşad Qoca Ramiz Duyğun barədə, sadəcə, söz demək, səhifələri doldurmaq xətrinə olub-keçənləri kağıza köçürür. Xeyr, bu heç də belə deyil. Təqdim elədiyim bu parçada Ramiz Duyğunun verdiyi sözü necə tutduğunu, sözü bütöv və qayğıkeş insan olduğunu göstərmək istəyirəm. Məncə, yazıda hər şey aydındır. Görünən dağa nə bələdçi. Ancaq qoy oxucular tələsməsin, qarşıda hələ deyiləsi, haqlı xatırlanası anlar olacaq. Onlar Ramiz Duyğun ağsaqqallığını, mehribançılığını, sadəliyini, tabeçiliyində olanlara və bütövlükdə ətrafında olanlara münasibətini daha çox yaxından hiss edəcəklər.

Şöbənin bir-birindən bacarıqlı kollektivi vardı. Təsadüfi deyil ki, bu kollektivin əksər üzvlərinin müstəqil Azərbaycan sərhəd qoşunlarının tarixində əməkləri az olmayıb. Çünki, Komitədə ilk vaxtlar kadr qıtlığı olduğundan mətbuat və informasiya şöbəsinin, eləcə də “Sərhəd” qəzetinin əməkdaşları da ölkənin cənub sərhədlərində həyata keçirilən təhvil-təslim proseslərində iştirak edirdilər. Bu da bir tarixdir. Sağlıq olsun, bu barədə qismət olsa gələcəkdə daha geniş danışacağıq.

“Sərhəd” qəzetinin ilk nömrəsinin hazırlanmasını yaxşı xatırlayıram. Materiallar o qədər də çox deyildi. Bu səbəbdən Ramiz müəllim tələsir, redaksiyanın əməkdaşlarını sərhəd və cəbhə bölgələrinə ezamiyyətə göndərirdi. Mənim də payıma Göytəpə Sərhəd Dəstəsinin zastava və komendantlıqları düşdü. Özü də həmin illər bu bölgə ən çox narahatçılıq yaradan bölgələrdən sayılırdı. Ramiz müəllim ezamiyyətə yola düşənləri təlimatlandırır, müstəqil Azərbaycanımızın ilk sərhədçilərinin gündəlik işlərindən, qayğılarından, daha çox xidmətə mane olan problemlərdən geniş materiallar yazılmasını, foto şəkillər çəkilməsini istəyirdi. Dövlət sərhədinə birinci ezamiyyət, bu da yadda qalan tarixdir. Özü də şərəfli tarix. Həyatımda ilk dəfə idi ki, sərhəd zolağına daxil olan ərazilərə gedəcəkdim. Ramiz müəllimin bir sözü hələ də qulağımdadır, “çalışın ezamiyyətdən əli dolu gəlin, o yerlərə hər gün getmirik”. Yalan olmasın, Sərhəd Dəstəsinin mühafizə etdiyi bütün əraziləri gəzdim. İnsafən, Dəstənin komandiri polkovnik Nizami Qədirov redaksiyadan verilən tap­şırıqların icrası üçün bütün imkan və vasitələri mə­nim sərəncamıma vermişdi. Xüsusi avtomobil və məni müşayiət etmək üçün bir nəfər zabit ayrılmışdı. Düz bir həftə zastavalarda oldum, sərhədçilərlə, Cəlilabadın, Yar­dım­lının, Biləsuvarın sərhədyanı ərazilərdə yerləşən kəndlərinin sakinləri ilə görüşdüm, problemlərlə maraqlandım. Bir neçə kənddə sakinlərlə görüşdük, yaranmış vəziyyəti müzakirə etdik, yerli icra orqanlarının nümayəndələri ilə sərhədçilərin görüşündə çıxış etdik, müzakirələrdə iştirak etdik. Tərif­lə­mək olmasın, o qədər ma­te­rial toplamışdım ki. Bəlkə də beş-altı nömrəlik materiallarım vardı. Vaxtın az olması ucbatından hələ Cəlilabadda ikən yazıları işləməyə başlayıb Bakıda bitirdim. Makinaçı xanım yazını bitirincə makina bir neçə dəfə dayandı. Birtəhər yoluna qoyduq. Ramiz müəllim yazını bir neçə dəfə soruşmuşdu. Növbəti nömrənin materiallarını mətbəəyə göndərmək istəyirdi. Bu səbəbdən ezamiyyətdən qayıdanları tələsdirirdi. Əslinə qalanda mən özüm də tələsirdim, istəyirdim ki, yazının operativliyi itməsin. Birinci yazım düz 16 səhifə çıxdı. Materialı Ramiz müəllimə təqdim etdim. O, materialı vərəqlədi və diqqətlə üzümə baxdı:

- Maşallah, qoy oxuyum, fikrimi deyəcəyəm.

Başım ikinci yazıya qarışmışdı. Ramiz müəllim qəfildən otağından çıxıb düz üstümə gəldi:

- İgid (bu onun çox sevdiyi ifadələrdən biri idi), təb­rik edirəm, xoşuma gəldi. Yazının ruhunu tutmuşam, adını dəyişəcəyəm, “Vətən sərhəddən başlayır”, hə necədir? Özü də 3-4 nömrə dalbadal verəcəyəm. Davam elə, növbəti yazılarını gözləyirəm.

Hiss etdim ki, Ramiz müəllim ilk işimdən razı qalıb. Açıqcası, yeni iş yerində ilk yazıma münasibət mənə də xoş gəldi. Sonralar mənim müxtəlif bölgələrə, o cümlədən Qusar-Balakən, Gəncə-Qazax, Astara-Masallı, BərdəTərtər, BiləsuvarZəngilana ezamiyyətlərim oldu. Onlarla yazılar yazdıq. Naxçıvan Sərhəd Dəstəsinə ezamiyyətim nəticəsində muxtar respublikanı başdan-ayağa gəzdim. Həm ziyarət oldu, həm ticarət. Sərhəd zolağında yerləşən tarixi abi­dələr barədə də materiallar toplayıb qəzetdə dərc et­dir­dim. Ramiz müəllim bu tipli məqalələrə xüsusi diqqət yetirirdi. Muxtar res­pub­likadan hazırladığım “O Naxçıvandır, nəqşi cahandır ” adlı yazım ona əməlli-başlı təsir eləmişdi. Ramiz müəllimin ən böyük keyfiyyətlərindən biri də yaşından, peşəsindən asılı olmayaraq uğurlu yaradıcılığı olanlara hör­mət­lə yanaşması və fikrini açıq deməsi idi.

Yeri gəldikcə bir məqama to­xunmaq istəyirəm. Müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə işləmişəm. Yaxşı, qayğıkeş və tələbkar rəislə, müdirlə, yaxud nazirlə işləmək böyük xoşbəxtlikdir. Bu sarıdan mə­n özümü şanslı sayıram. Və belə mühitdə işləmək ol­duqca rahatdır. Ramiz müəllim şöbənin əməkdaşlarına belə bir şərait, əsil yaradıcı mühit yaratmışdı. Halbuki şöbə böyük bir hərbi qurumun tərkibində fəaliyyət göstərirdi. Hamımız hərbçi idik, hərbçi maaşı alırdıq. Polkovnik Ramiz Məlikovla, şair Ramiz Duyğun arasında heç bir fərq yox idi. Biz sözün həqiqi mənasında böyük, qayğıkeş bir İNSANIN himayəsində işləyirdik. Öz payıma söyləyirəm, mən indi Ramiz mü­əllimi daha yaxşı başa düşürəm. Bəzən hadisələri öz yaşımıza uyğun yozurduq. İndi o dövrdə mənimlə birlikdə işləyən Qardaşxan, Mahir, İlqar, Azər, Füzuli, Elxan, Mirniyaz və digərləri mənim fikrimi dəstəkləyirlər. Əməkdaşlara “oğul” və yaxud “igid” deyə müraciət edər, bəzən də fikrini yeritmək is­təyəndə “qardaş canı, gəl mənə qulaq as”, de­yərdi. Naharda ye­mək süfrəsi açanda hamını dəvət edirdi. Sadə, təmkinli və rahat xasiyyəti var­dı. Həm də qətiyyətli. Yaxşı yadıma düşdü. 1993-cü ilin qış ayı idi. Cəbhədə ağır döyüşlər gedirdi. Ağdərə, Füzuli istiqamətlərində sərhəd qoşunlarını təmsil edən taborun döyüşçüləri işğalçılarla döyüşürdü. Əsgərlərimizin durumu və vəziyyət barədə materiallar hazırlamağa ehtiyac vardı. Səhər tezdən cəbhə bölgəsinə yola düşməyə hazırlaşırdıq. Əməliyyat növbətçisinə yaxınlaşıb tabel silahımızı götürmək istəyirdik. Yoxdur. İşə düşdük. Cəbhəyə gedirik, silahsız. Müxtəlif vəzifə sahibləri ilə danışıqlarımız heç bir nəticə vermədi. Onda mən Ramiz müəllimin qətiyyətini gördüm.

- Mənim əmək­daşım cəbhə bölgəsinə silahsız gedə bilməz, deyə Ramiz müəllim Komitənin yüksək çinli zabitinə sərt şəkildə iradını bil­dir­di. Məsələ həllini tapdı. Ağdərə, Kasapet ətrafında gedən döyüşlərdən maraqlı materiallar topladıq, eyni zamanda dövlət televiziyası üçün veriliş hazırladıq. “Sərhəd” qəzetində döyüş bölgəsindən dərc etdirdiyim silsilə yazılara görə Respublika Həmkarlar İttifaqının keçirdiyi müsabiqədə 3-cü mükafata layiq görüldüm. Bizim sevincimiz Ramiz müəllimin sevinci idi. Etiraf etmək lazımdır ki, qazandığımız hər bir uğurda Ramiz Duyğunun zəhməti vardı.

Bir məsələni də daim xatırlayıram. Cəbrayıl Sərhəd Dəstəsində bir zabit gənc əsgəri təhqir etmişdi. Hadisəni təsadüfən öyrənmişdim. Tərəfləri dinlədim və hadisə barədə geniş material yazdım. Ramiz müəllimin qətiyyətli təkidindən sonra redaksiyaya cavab gəldi, həmin zabit cəzalandırıldı.

Xatirələr bitmir, tükənmir, çünki söhbət böyük şairimiz Ramiz Duyğundan gedir. Onunla iki ilə yaxın müddətdə sıx ünsiyyətdə olduq. Sonra Ramiz müəllim yolunu hərbi kafedrada müəllim kimi davam etdirdi. Mən isə uzun illər təhlükəsizlik orqanlarında çalışmalı oldum. Arada xəstələnmişdi. Hərbi hospitalda müalicə olunurdu. Yanına getdim. Həmişəki kimi nikbin, xoş əhval ruhiyyədə idi. Çoxdandır görüşmürük, ancaq bayram günlərində zəngləşirik. Bu ənənə indi də davam edir. Və hər də­fə də Ramiz müəllim məndən şəxsi yaradıcılığımı soruşur.

- Oğlum sənin gözəl, incə, dürr kimi qələmin var, yaz, tənbəllik eləmə, yazılan qalır.

Şöbənin və “Sərhəd” qəzetinin keçmiş əməkdaşlarından tanınmış şairtərcüməçi, publisist Qardaşxan Əzizxanlı, yazıçı-jurnalist, naşir İlqar Əhmədoğlu, şair-jurnalist Mahir Cavadlı, Zərif, Rəbiyyə, Azər, Füzuli, Elxan və digərləri ilə imkan daxilində görüşdükcə Ramiz müəllimi xatırlayır, onun bizə göstərdiyi qayğılardan, diqqətdən söhbət açırıq. Dünyalarını dəyişmiş Mirsaleh Axundlu, Xatirə Sarıbalaqızı da daim Ramiz müəllimdən ürəkdolusu danışardılar. Çünki Ramiz Duyğun hamıya eyni, təmənnasız münasibət bəsləyirdi. Daha çox birləşdirici funksiyası daşıyır, kollektivi qoruya bilirdi. Təəssüflər olsun ki, indi belə rəhbərlər azdır. Çoxları özünü düşünür, digərlərinin problemi onu maraqlandırmır. Sadaladığım bu xüsusiyyətlərinə görə hamımız onu çox istəyirdik. Çünki o, həyatda da, dosta, tanışa və ətrafına münasibətində də səmimidir. Səmimiyyət və xeyirxahlıq, bunlar Ramiz Duyğunun ən böyük qazancıdır. Və o, bu qazancdan sağına-soluna yetərincə xərcləyir. Yəqin ki, dəyərli oxucular mənimlə razılaşar, hər kəs belə olmur.

Vətəndaş şairimiz, tərcüməçi-ssenarist, müstəqil Azər­baycan Respublikasının Müdafiə Nazirliyinin və Sərhəd qoşunlarının mətbuat xidmətlərinin qurucusu və ilk rəisi, hərbi jurnalist, ehtiyatda olan polkovnik Ramiz Duyğunun 80 yaşı ərəfəsindəyik. Çox arzu edirəm, hörmətli şairin növbəti yubileylərini Şuşada, Cıdır düzündə, İsa bulağında qeyd edək. Onunla bağlı nə qədər isti xatirələrim, söhbətim vardır. Allahın verdiyi ömrü sağlam və gümrah yaşamasını arzulayıram. Əminəm ki, Ramiz müəllim dostlarını, oxucularını, onu se­vənləri hələ öz gözəl əsərləri ilə çox sevindirəcək. Çünki onun SÖZÜNƏ hamımızın ehtiyacımız var.

 

Palitra  2017.- 23 noyabr.- S.13.