“Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”

 

Gülayə Səfərova: “Milli-mənəvi dəyərlər üzərində formalaşan ailə modelimizin qorunub saxlanılması istiqamətində maarifləndirmə işlərini gücləndirməliyik”

Gənc ailələr arasında maarifləndirmə işlərinin aparılması, eləcə də onlara hüquqi yardımın göstərilməsi hər zaman aktualdır. Qabaqlayıcı tədbir olaraq bunun effekti daha çoxdur. Hazırda bu istiqamətdə vətəndaş cəmiyyəti də aktiv görür. Elə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi da sırf bu istiqamət profilləşmiş QHT-lərdəndir. İctimai birliyin sədri Gülayə Səfərova qəzetimizə müsahibəsində ailə məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.

-“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyizaman yaradılıb və əsas fəaliyyət istiqaməti nədən ibarətdir?

-“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi” 2005-ci ildən fəaliyyət göstərsə də, 31yanvar 2007-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatından keçib. Təşkilatın əsas fəaliyyəti - münaqişəli ailələrlə , qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yardım etmək, qadın və uşaqların hüquqlarının müdafiəsidir. Təşkilatın məqsədi ailədaxili zorakılıq aktlarına qarşı mübarizə aparmaq, ailələrin hüquqlarının qorunması sahəsində fəaliyyətin inkişafıdır.

Təşkilat təsis olunduğu gündən bu günə qədər Birliyin məqsəd və vəzifələrinə uyğun olaraq ailədaxili münasibətlərə təsir edən amillərin öyrənilməsi və ailələrin dağılmasının qarşısının alınması istiqamətində tədqiqatlar aparıb, ailə hüququ sahəsində qanunvericilik, beynəlxalq sənədlər, elmi araşdırmalar, yerli və əcnəbi müəlliflərin əsərlərini və s. özündə əks etdirən informasiya bankı yaratmışdır ki, təcrübədə də ondan istifadə edir. Eyni zamanda ailələrin hüquqlarının vəziyyəti ilə bağlı əhalinin müxtəlif təbəqələri arasında rəy sorğuları keçirir və onların nəticələrini ümumiləşdirərək dövlət orqanlarının və ictimayyətin nəzərinə çatdırılması istiqamətində işlər görür. Ailədaxili münaqişələrin aradan qaldırılması, ailələrin qorunub saxlanması, sağlam inkişafı ilə bağlı polis bölmələri, dövlət qurumları, yerli QHT-lərlə əməkdaşlıq edərək bu istiqamətdə bir çox işlər görüb.

-Ailələrə nə kimi hüquqi yardım göstərə bilirsiz?

-Təşkilatın hüquqşünası tərəfindən ailələrə boşanma, aliment tələbi, atalıq faktının müəyyən olunması, əmlak bölgüsüs. bu kimi mülki məsələlərlə, əmək hüququnun pozulması ilə bağlı hüquqi yardımlar göstərilir və zərurət yarandıqda məhkəmə proseslərində nümayəndə qismində iştirak edərək insanların hüquqlarının müdafiəsi ilə, eyni zamanda təşkilat 2005-ci ildən bu günə qədər insan alveri qurbanlarının hüquqlarının məhkəmələrdə müdafiəsi ilə məşğul olur.

-Əsasən, hansı mövzuda layihələr keçirirsiz?

-Məişət zorakılığına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı layihələrimiz olur. Həmçinin ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım göstərilir. HİV/AİDS-lə bağlı məktəblərdə, universitetlərdə, parklarda, çimərliklərdə, əhalinin sıx olduğu yerlərdə geniş məlumatlandırma kampaniyaları aparılır. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi mövzusunda da layihələr keçirmişik.

Bütün bunlarla yanaşı, insan alveri ilə mübarizə istiqamətində də bir neçə layihə icra etmişik. Bu mövzuda son layihəmiz olaraq “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasandevizi ilə maarifləndirmə kampaniyasını təşkil etmişik. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihə çərçivəsində elə bu günlərdə Xaçmaz rayonunda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirdik. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz Rayon Polis Şöbəsi və digər qurumların rəsmiləri iştirak edirdilər.

-Bugünkü Azərbaycan ailələrində hüquqi baxımdan nə dərəcədə maarifləndirməyə ehtiyac var?

-Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə, insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, böyüyə hörmət, kiçiyə məhəbbət, torpağına, el-obasına və milli mentalitetə bağlı olması ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında qurulur. Milli-mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Təbii ki, dəyişən zaman, müasir inkişaf, erkən nikahların sayının artması, boşanmaların, ailə münaqişələrinin çoxalması ailə institutunun inkişafında problemlər yaradır. Milli-mənəvi dəyərlər üzərində formalaşan ailə modelimizin qorunub saxlanılması, onların gələcək nəsillərə ötürülməsi istiqamətində proflaktik tədbirlər aparmalıyıq, maarifləndirmə işlərini gücləndirməliyik.

-Bu gün Azərbaycanda ailə münaqişələrinin, eləcə də boşanmaların əsas səbəbi nədir?

-Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, tərəflərin erkən yaşda ailə qurmaları, ailə məsuliyyətini dərk etmədən evlənmələri, səbirsizlik, bir-birinə güzəştə getməmək, xəyanət, yersiz qısqanclıqlar, sosial şəbəkələrdən düzgün istifadə etməmək, təsadüfi tanışlıqlar, xarici təsirlər, qayınana-gəlin münasibətləri, övladın olmaması.

- Gənclərə ailə münaqişəsi yaşamasınlar deyə, ailə qurmamışdan qabaq hansı tövsiyələr verilməlidir?

-Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər. Ən əsası da gənclər bir-birlərini yaxşı tanımalı və qarşılıqlı sevgi ilə ailə qurmalıdırlar.

Fuad Hüseynzadə

 

Palitra  2017.- 13 oktyabr.- S.12.