“Azərbaycan dünyada aparıcı xalçaçılıq mərkəzilərindən biridir

 

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub

Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub. Bu nüfuzlu tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq sərəncamına əsasən təşkil edilib. Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib. Bildirib ki, bu tədbirin tarixi 30 il əvvəl-1983-cü ildə Bakıda YUNESKO-nun himayəsi ilə keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziuma gedib çıxır. Bundan öncəki simpoziumun YUNESKO-nun baş qərargahında-Parisdə keçirildiyini deyən nazir vurğulayıb ki, qeyd edilən tədbir görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illiyinə həsr edilmişdi. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və ölkəmizdə dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaradılmasından söz açıb. Qeyd edilib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır. Xalçaçılıq sahəsində əldə olunan uğurlardan söz açan nazir deyib ki, Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib. Hazırda Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir. Simpoziumun dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəyini deyən Ə.Qarayev bu önəmli tədbirin işinə elmi-tədqiqat institutlarının və muzeylərin aktiv cəlb edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan elmi araşdırmalardan bəhs edib: “Azərbaycan dünyada aparıcı xalçaçılıq mərkəzilərindən biridir. Xalça sənəti AMEA-da bir neçə istiqamətdə öyrənilir və tədqiq edilir. Son illər akademiyanın alimləri tərəfindən bu yöndə mühüm işlər görülərək sanballı elmi əsərlər nəşr edilib. 2016-cı ildə akademiyanın ArxeologiyaEtnoqrafiya İnstitutu ilə “Azərxalça” ASC-nin birgə səyi nəticəsində xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb. Qısa zaman kəsiyində mərkəz tərəfindən iki sanballı tədqiqat əsəri çap olunub. Bu gün sərgidə nümayiş olunan monoqrafiyalar, elmi kitablar ölkəmizdə xalçaçılıq sənətinin tədqiqinə böyük maraqdan xəbər verir. Bu sahəyə aid kitabları toplasan böyük bir kitabxana yaranar. Bu mənada Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməyə mənəvi haqqı var. İnanıram ki, bugünkü tədbir xalçaçılıq elminin inkişafına yeni töhfələr verəcək, ölkəmizin xalçaçı alimləri ilə dünyanın nüfuzlu tədqiqatçıları arasında yeni körpülər yaradacaq. Simpoziumda ən aktual xalçaçılıq məsələləri müzakirə ediləcək, bu sahədə yeni tədqiqat əsərlərinin hazırlanmasına, elmi araşdırmaların aparılmasına təkan verəcək”. Tədbirdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bütün iştirakçıları dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, belə bir tədbirin təşkil olunmasına görə, Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürünü bildirib: “Bu simpoziumun keçirilməsi dünya xalçaçılığında müstəsna əhəmiyyətə malik bir hadisədir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış və qəbul olunmuş milli, eyni zamanda bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, yarandığı tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa imkan yaradır. Tədbir günlərində Azərbaycan xalçasının tarixi keçmişi ilə yanaşı, həm də müasir vəziyyəti, xalçaçılığın iqtisadiyyatın müstəqil sahəsi kimi inkişafının şahidi olacaq, perspektivlərini dəyərləndirmək imkanı qazanacağıq”. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, ötən ildən başlayaraq burada “Xalçaçı günüqeyd edilir. İCOC-un Akademik Komitəsinin sədri Alberto Boralevi deyib ki, simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirib. Burada iki gün ərzində bu sahədə baş verən yenilikləri müzakirə etməklə yanaşı, xalçaçılıq sənətinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılacaq: "1983-cü ildə Bakıda keçirilən xalçaçılıq üzrə beynəlxalq tədbir Sovet İttifaqı dövründə müxtəlif respublikaları təmsil edən Şərq xalça mütəxəssislərinin öz qərbli həmkarları ilə bir araya gələrək görüşməsi üçün ilk fürsətlərdən biri idi. Bu xoşbəxtlik mənə də nəsib olub. Sevinirəm ki, 34 ildən sonra yenidən Bakıdayam və o dövrdən tanıdığım bir çox xalçaçı mütəxəssislərlə bir aradayam”. Qonaq əlavə edib ki, builki simpozium üçün seçilmiş “Ənənələr və İnnovasiyalar” yarımbaşlığı çox cəlbedicidir. Təkcə Azərbaycanda deyil, bütün dünyada əl ilə xalça toxumaq sənayesinin mövcud mürəkkəb vəziyyətini əks etdirir. İnanırıq ki, aparılacaq müzakirələr, xalça tarixi və istehsalının müxtəlif cəhətləri barədə diskussiyalar yeni nəsil toxucular üçün çox faydalı olacaq. Azərbaycanda toxuculuğun tarixindən danışan İCOC İcraiyyə Komitəsinin sədri Vandel Svan xalqımıza məxsus xalça nümunələrinin dünyada böyük maraqla qarşılandığını qeyd edib. Bildirib ki, bu coğrafiyada xalçaçılığın qədim ənənələri Azərbaycan xalqına məxsusdur. Sonra İslam İncəsənət Muzeyinin elmi işçisi, “Hali Publication Limitet” şirkətinin direktoru Maykıl FransisQafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları” adlı kitabı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edib. Bildirib ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü, Azərbaycanda xanlıqlar və XIX əsr Azərbaycan xalça sənəti haqında geniş məlumatlar yer alıb. Kitabda 300-dək tikmə nümunələri haqqında məlumatın olduğunu deyən Maykıl Fransis diqqətə çatdırıb ki, hazırda dünyanın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin ən qədim nümunələri qorunub saxlanılır. Natiq simpoziumun əsas tərəfdaşlarından olan “Halı” jurnalının yaranma tarixi haqında geniş məlumat verib. Simpozium oktyabrın 21-dək davam edəcək.

 

Uçan xalça

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Xalça Muzeyində “Uçan xalça” və “Müasir incəsənət xalçalarda” adlı iki sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib. Sərginin sponsorları Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir. Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək vurğulayıb ki, sərgi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi Azərbaycan və Avstriya arasında müasir incəsənət sahəsində əlaqələr yaratmaq, xalqların mədəniyyətlərarası dialoqunu və təcrübə mübadiləsini möhkəmləndirməkdir. Avstriya tərəfindən layihənin art-məsləhətçisi - rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır. Muzeyin direktoru qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi Avstriyanın paytaxtı Vyanaya, Vyana Tətbiqi Sənət Universitetinin üç tələbəsi isə Bakıya dəvət olunublar. Xalçaçı-rəssamlar ölkələrin mədəniyyəti ilə tanış olmaqla yanaşı, “Ənənələr və innovasiyalarsimpoziumu mövzusuna əsasən sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub. Sərgi çərçivəsində tekstil dekoru üzrə ustad dərslər də keçiriləcək. Sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov simpoziumun əhəmiyyətindən danışıb, sərginin ekspozisiyasında yer alan xalçaların unikallığını qeyd edib.

 

Palitra  2017.- 19 oktyabr.- S.7.