Hüseyn Cavid sənəti janrforma cəhətdən zəngindir

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, ADMİU-nun rektoru Fərəh Əliyeva qısa yaradıcılıq ömrü yaşamış unudulmaz dramaturqun zəngin fəaliyyətindən söz açıblar. Bildirilib ki, H.Cavid sənəti janrforma cəhətdən zəngindir. O, Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub, mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Böyük dramaturqunMaral”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil olub. Diqqətə çatdırılıb ki, H.Cavidin yaradıcılığına ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. Ümummilli Liderin səyi və qətiyyəti sayəsində ədibin nəşi uzaq İrkutskdan doğma vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib. Konfransda H.Cavidin sənət fəlsəfəsinin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri, XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında fərqli və oxşar cəhətləri, “Cavid teatrı”nın milli mədəniyyətimizin tərkib hissəsinə çevrilməsi kimi problemlər müzakirə olunub. Konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib.

 

Palitra  2017.- 25 oktyabr.- S.13.