“Aşıq Pəri inciləri” şeir antalogiyası
Aşıq sənəti qədimliyi ilə yanaşı, geniş bir tarixi-coğrafiyanı özündə ehtiva edir. Milli kimliyimizin təsdiqi olan aşıq sənəti ulu babaların bizlərə bəxş etdiyi ən böyük ərməğanlardan biridir. Harada türk etnosu, kimliyi varsa, orada da aşıq sənəti mövcuddur. Aşıq sənətinin ululuğu yaşının əsrlərlə ölçülməsindən irəli gəlir. Biz tarixə nəzər yetirsək görərik ki, hər əsrdə neçə-neçə ustad ulu ozanlar yetişib. Aşıq sənəti zamanla inkişaf edərək Anadolu, Naxçıvan, Göyçə, Borçalı, Qarabağ, Dərbənd, Təbriz, Gəncəbasar və s. aşıq mühitləri yaranıb. Bu mühitlərin hər birinin özünün tarixi inkişaf mərhələsi var.
Aşıq sənətini xalqımız dilində, hafizəsində yaşadaraq, qoruyub saxlamış və günümüzə ötürmüşdür. Həmçinin iftixarla vurğulaya bilərik ki, aşıqların yaratdıqları dastanlar, ələlxüsus şeirlər bu sənətin tarixini öyrənməyə geniş şəkildə imkan verir. Zamanın periodik inkişaf mərhələsində aşıq sənətinin bir elm kimi tədqiqi şəraiti formalaşıb. Sənət xalqın hafizəsinə hopduğu üçün tədqiqatın ən mühüm amili xalq yaddaşıdır. Bu gün isə aşıq sənəti yazılı ədəbiyyata köçürülərək daha da zənginləşdirilir. Yazılı ədəbiyyat aşıq sənətinin qədimliyini qoruyaraq gələcək nəsillərə ötürür. Bu baxımdan, aşıq sənəti ilə bağlı çap olunan əsərlər diqqəti cəlb edir. Aşıq sənətində qadın aşıq və şairələr yetişmiş və bu sənətə öz töhfələrini vermişlər. Bu ənənə günümüzdə də davam edir.
Qadın şairələr digər şairlərdən bir çox əlamətlərlə köklü surətdə fərqlənir. Bu fərqliliyin bəzi səbəbləri var. Həmin qadınların şeirləri ana ürəyinin məhsuludur. Bu ürəkdən gələn sözlər daha incə və sevilən olur. Bu baxımdan, Azərbaycan ədəbiyyatında qadın şairələrin yetişməsi tarixi bir nailiyyətdir. Ədəbiyyatımıza qədimdən günümüzə kimi tanınmış qadın şairələr əvəzsiz incilər bəxş ediblər. Təəssüflə qeyd etmək istərdim ki, bəzən bu gəliş bir çox zaman xoş qarşılanmayıb. Son nəticə olaraq dumduru bulaq suyuna bənzəyən və ana ürəyindən kağız üzərinə tökülən bu şeirlər dövrümüzə gəlib çatmayıb. Qadın şairələrin tez-tez yaradıcılıqlarının işıqlandırılması təqdirəlayiq addımdır.
Bu yaxınlarda “Aşıq Pəri Məclisi”nin rəhbəri, şairə Pərvanə Zəngəzurlu, məclisin üzvü şairə Güllü Tomarlının tərtibatında işıq üzü görən “Aşıq Pəri İnciləri” şeir antalogiyası mükəmməl bir redaksiya heyəti (ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman) ədəbi aləmdə tarixi bir hadisəyə imza atdı.
Təsadüfi deyil ki, ədəbi aləmdə belə bir şeir antologiyası öncə də çap olunub. “Azərbaycanın aşıq və şair qadınları” antologiyası mərhum professor Əzizə Cəfərzadənin tərtibatı ilə ayrı-ayrı illərdə çap olunub. Amma bu antologiyanın məhz “Aşıq Pəri Məclisi”nin adı ilə bağlı olması təqdirəlayiq bir hadisədir. Kitabın ən üstün cəhətləri müasir dövrdə yazıb-yaradan qadın şairələrin tanıdılması, onların yaradıcılığının üzə çıxarılması və həvəsləndirilməsidir. “Aşıq Pəri inciləri” şeir antalogiyası bu istiqamətdə atılan addımların təsdiqidir. Kitabı vərəqləyərkən bölgədə yaşayan şairələrin yaradıcılığı ilə tanışlıq oxucuda bambaşqa bir zövq yaradır. Həm də bu kitab paytaxt, regionlar və türk dünyası arasında ədəbi əlaqələrin sıx inkişafına təkan verir. Region ədəbiyyatında şairələrin yaradıcılığının üzə çıxarılmasında və onların şeirlərinin təhlili baxımından antalogiyanın rolu danılmazdır.
“Aşıq Pəri inciləri” şeir antalogiyası bir çox üstün cəhətindən biri də kitabda aşıq qadınların yer almasıdır. Bu, öz növbəsində oxucu üçün yeni bir biliyin mənbəyi rolunu oynayır. Aşıq sənətində ən çox kişi aşıqların adını eşitmişdiksə, bu kitabda biz qadın aşıqlarla da ətraflı tanış oluruq. Xüsusilə onların şeirləri diqqətdən kənarda qalmır.
Kitabda toplanan qadın şairlərin şeirlərində poetik gözəllik, nəzəri biliklərin qorunması və fəlsəfi fikirlərin zənginliyi kitabın oxunaqlığını artırır. Antalogiyada şairə qadınlar haqqında məlumatların verilməsi, şəkil və şeirlərinin əks olunması oxucularla yanaşı, tədqiqatçılar üçün də əvəzsiz bir mənbədir. Həqiqətən, kitabda yer alan hər bir şeir düşündürücüdür. Bu da qadın ürəyinin aliliyinin göstəricisidir. İndi isə bəzi şairə qadınların yaradıcılıq nümunələrini oxuculara təqdim edək.
Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri, sağlığında klassikləşən, el-oba məhəbbəti qazanan qocaman ozanımız Mikayıl Azaflının ocağında Dilarə Azaflı , Gülarə Azaflı və Minayə Azaflı kimi tanınan sənət insanları yetişib. Dilarə Azaflı nakam ömür yaşasa da, yaradıcılığı onu hər zaman bizlərlə yaşadır.
Dilarə Azaflı yazır:
Hayıf, ömrüm-günüm keçdi
Əzabların qucağında.
Şaxta döydü, tufan əzdi
Öz evimdə, ocağımda.
Gülarə Azaflı yazır:
Əcəl can evimdən vurarsa
bir gün,
Onda deyin məni ellər ağlasın.
Qohumlar,
qardaşlar, yarı-yoldaşlar,
Ən əziz,
ən şirin dillər ağlasın.
“Aşıq Pəri Məclisi”nin rəhbəri və bu gözəl, nəcib antalogiyanın
idea müəllifi olan
tanınmış şairə
Pərvanə Zəngəzurlu
yazır:
Deyirəm dönəydi o bahar
yenə,
Dumanda itdiyim günlər olaydı.
Qonşu
qızlarıyla evcik quranda,
Cığallıq etdiyim günlər olaydı.
“Lap uşaq vaxtlarından bağlanmışam “Aşıq
Pəri Məclisi”nə”,-deyən
puplisist, şairə Güllü Eldar Tomarlının “Aşıq
Pəri inciləri” şeir antalogiyasında verilən şeirləri incə qəlbin ən ali
hisləridir.
Güllü Eldar Tomarlı yazır:
Məndən inciməsin qoy İncə dərəm,
Dərdimin dərmanı Borçalıdadı.
Atalı günlərim – o xoş mənzərəm,
Ömrün gül zamanı Borçalıdadı.
Tanınmış aşıq, “Aşıq Pəri Məclisi”nin ən fəal üzvü, aşıq sənətinin dərin bilicisi Aşıq Ulduz Sönməzin yaradıcılığı isə xüsusi diqqət cəlb edir. Aşıq şairə yazır:
Tərlan könlüm etibara bağlanıb,
Adım, sanım namus, ara bağlanıb,
Aşıq adım bu diyara bağlanıb,
Bu torpağam, mən bu daşam sazımla.
Aşıq Zeynəb “Demə sən” qoşmasında yazır:
Dəli könül, məndən sənə əmanət,
Sınamamış, yada “sirdaş” demə sən.
Dar günündə gedib dursa kənarda,
Gen günündə ona “qardaş” demə sən.
Tanınmış gənc şairə, inci sözləri ilə qəlblərə yol tapan Arzu
Nehrəmlinin yaradıcılığı
isə xüsusilə
təqdirəlayiqdir. Gənc
şairə yazır:
Elədən beləyə dərdə
yol açdın,
Üstü ələk-vələk, yağır
ürəyim.
Nə bir üsyan etdin, nə də ki, çaşdın,
Sındın, əyilmədin məğrur
ürəyim.
Hər gələn nə varsa, çəkdin üstünə,
Buna tab gətirməz nə köks, nə sinə.
Axı sən ürəksən, səs ver səsimə,
Bir dillən,
bir danış, bağır, ürəyim.
Bunlarla yanaşı, atalogiyada şeirləri yer alan Səadət
Buta, Pərvanə Məmmədli, Aşıq
Zülfiyə və digər şairələrin
şeirləri diqqət
cəlb edir.
XXI əsr internet erası
olsa belə, kitab üzərində tam
qələbə çala
bilmir. Kitab insanın ən
etibarlı bilik əldə etdiyi mənbədir. Kitab tarixdir.
Yazılanlar isə tarixdə
unudulmur. İnsan durduqca
söz də yaşayacaq. Bunun üçün
hikmətlə yazmaq və gələcək nəsillərə əvəzsiz
incilər miras qoymaq lazımdır.
Günümüzdə bu ənənə
davam edir. Bunun davamlı olacağına səmimi-qəlbdən inanırıq.
Mahmud Əyyub
Palitra 2017.- 31 oktyabr.- S.13.