Türk parlamentarizm ənənəsi və TÜRKPA

 

Bu gün dövlət hakimiyyətinin aparıcı qollarından biri kimi, Azərbaycan Respublikasının Milli Məclisi hüquqi dövlət quruculuğumilli dövlətçiliyimizin möhkəmləndirilməsi üzrə fəaliyyətini uğurla davam etdirir. Müasir parlamentarizm prinsipləri əsasında fəaliyyət göstərən Milli Məclis dövlətimizin beynəlxalq miqyasda mövqelərinin güclənməsi və parlamentlərarası əlaqələrin dərinləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə imza atmaqdadır.

 

Hazırda Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Assambleyasının, GUAM Parlament Assambleyasının, Avronest Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tamhüquqlu üzvüdür. Bu kimi beynəlxalq parlamentar qurumlar dünya parlamentizmi təcrübəsinin öyrənilməsi və paylaşılması, eyni zamanda, milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiə olunması baxımından əhəmiyyətli siyasi platformaya çevrilmişdir.

 

Türk respublikalarında və muxtar qurumlarında fəaliyyət göstərən parlamentlər müasir türk parlamentarizminin dəyərli siyasi nümunələridir. Azərbaycan Respublikasının 125 nəfərlik Milli Məclisi, 550 nəfərlik Türkiyə Böyük Millət Məclisi (TBMM), 2 palatadan və 154 üzvdən ibarət olan Qazaxıstan Parlamenti, 120 üzvdən ibarət Qırğızıstan Ali Şurası (Joqorku Keneş), 250 nəfər üzvü olan iki palatalı Özbəkistan Ali Məclisi, 125 üzvdən ibarət Türkmənistan Məclisi müstəqil türk dövlətlərinin qanunvericilik səlahiyyətlərini qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçirir, hökumətlərin formalaşmasını və onların fəaliyyətinə nəzarəti təmin edir. Həmin orqanların fəaliyyətində türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ortaq maraqların beynəlxalq müstəvidə müdafiə olunması xüsusi yer tutur.

 

Çoxşaxəli əməkdaşlığın dayanıqlı platforması kimi çıxış edən ümumtürk qurumları suveren türk respublikaları arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsində önəmli rol oynayırlar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk İşbirliyi və Koordinasiyası Agentliyi kimi təşkilatlar ictimai-siyasi sferadan mədəni, ortaq tarixi dəyərlərin tanıtımına qədər geniş diapazonlu fəaliyyəti ilə dərin əməkdaşlığın əsasını formalaşdırır.

 

Bu qurumlardan biriTürkdilli Dövlətlərin Parlament Assambleyasıdır (TÜRKPA). Türk parlamentarizminin dəyərli siyasi nümunəsi olan TÜRKPA 21 noyabr 2008-ci ildə İstanbul şəhərində “Dolmabaxça Sarayı”nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunmuşdur. TÜRKPA-nın təsis sənədlərində qeyd olunduğu kimi, qurumun əsas məqsədi parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi hesab olunan parlament diplomatiyası vasitəsilə türk respublikaları arasında siyasi dialoqun daha da inkişaf etdirilməsini və türk dövlətlərinin yaxınlaşmasını təmin etməkdən ibarətdir.

 

Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq, türkdilli ölkələr və digər regional siyasi subyektlər arasında faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək, tərəfdaş ölkələrin qanunvericiliklərinin təkmilləşdirilməsi istiqamətində məsləhətləşmələr aparmaq TÜRKPA-nın əsas fəaliyyət istiqamətləridir. O cümlədən, mədəni irsin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə ümumtürk dəyərlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə yönəlmiş fəaliyyətləri dəstəkləmək, TÜRKPA üzvü olan ölkələrin qanunvericiliklərinin uyğunlaşdırılması üzrə tövsiyələr vermək və tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələri dərinləşdirmək də TÜRKPA-nın fəaliyyət çərçivəsinə daxildir.

 

 Digər tərəfdaş ölkələrin parlamentləri və beynəlxalq təşkilatlarla yeni əlaqələrin qurulması və mövcud münasibətlərin inkişaf etdirilməsi TÜRKPA-nın fəaliyyətində mühüm yer tutur. Bu gün artıq TÜRKPA Parlamentlərarası İttifaqın, İslam Konfransı Təşkilatının Parlament İttifaqının müşahidəçilik statusuna malik tamhüquqlu üzvü kimi önəmli beynəlxalq struktura çevrilməkdədir.  2008-ci ildə bağlanmış TÜRKPA haqqında İstanbul Sazişi,  2009 və 2011-ci illərdə  qəbul olunmuş TÜRKPA-nın Bakı və Astana bəyannamələri, 2011-ci ildə İstanbul Sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı imzalanmış Protokol, hər il keçirilən plenar sessiyalar TÜRKPA-nın son 8 ildə zəngin hüquqi bazasının və qarşılıqlı əməkdaşlıq mexanizminin formalaşdığını göstərir.

 

Bugünkü siyasi gerçəkliklər şəraitində qlobal müstəvidə təsirli siyasi mövqe formalaşdırmağın əsas yolu etibarlı müttəfiqlik yaratmaqdan, dəyişkən geopolitik situasiyalarda ortaq maraqların zədələnməsinə imkan verməməkdən keçir. Xüsusilə, regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər türk respublikalarını daha çevik diplomatik gedişlərlə siyasi, iqtisadi, mədəni maraqların və dəyərlərin qorunmasına yönələn ortaq strategiya qurmağa sövq edir. Bu çərçivədə türk dövlətləri ikitərəfli və çoxtərəfli əməkdaşlığı beynəlxalq müstəviyə yüksəltmək istiqamətində önəmli addımlar atmışlar.

 

22 dekabr 2016-cı ildə  Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri ilə Bakıda görüşən Prezident İlham Əliyev TÜRKPA-nın fəaliyyətinə daim yüksək qiymət vermiş, bu qurumun türk respublikaları arasında diplomatik, mədəni, parlamentar əməkdaşlığa verdiyi töhfəni vurğulamışdır:  Türkdilli ölkələr həm ikitərəfli, həm çoxtərəfli formatda, həm də BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün səylər göstərir, hansısa türkdilli ölkənin təmsil olunmadığı beynəlxalq təşkilatda digər türkdilli dövlət onun mövqeyini dəstəkləyir və həmrəylik nümayiş etdirir”. Türk dövlətləri tərəfindən belə bir universal strateji platformanın müəyyənləşməsi müasir dövrümüzdə olduqca əhəmiyyətlidir. Çünki ümumtürk coğrafiyasına getdikcə artan geopolitik maraq, türk respublikalarının üzləşdiyi regionalqlobal təhdidlər, türk dövlətlərinin sərhədləri ətrafında mövcud münaqişə ocaqları bu əməkdaşlığın daha praqmatik məzmun və keyfiyyət almasına zərurət yaratmışdır. Bu baxımdan, digər ümumtürk strukturları kimi, unikal parlamentlərarası platforma funksiyasında çıxış edən TÜRKPA-nın da malik olduğu vasitələrdən daha səmərəli şəkildə istifadəyə ehtiyac vardır.

 

Türk respublikaları ilə əməkdaşlığın dərinləşdirilməsini xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycan türk birliklərinin formalaşmasına hər zaman dəstək göstərmiş, bir çox hallarda bu prosesin təşəbbüskarı kimi çıxış etmişdir. Ölkə rəhbərliyinin və səlahiyyətli dövlət qurumlarının təmsil olunduğu nümayəndə heyətlərinin türk respublikalarını və onların müvafiq orqanlarını özündə birləşdirən birliklərdə, zirvə toplantılarında fəal iştirak etməsi Azərbaycanın ümumtürk ideallarına sadiqliyinin, türk coğrafiyasında konstruktiv əməkdaşlıq və dialoq mühitinin yaranmasına davamlı dəstəyinin təzahürüdür.

 

 Bu dəstəyin tərkib hissəsi kimi dinamik xətlə inkişaf edən Azərbaycan--TÜRKPA əlaqələri artıq yüksək səviyyəli parlamentar əməkdaşlıq nümunəsinə çevrilmişdir. TÜRKPA-da təmsil olunan Azərbaycan Respublikası Milli Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti qurumun fəaliyyət strategiyasının və planlarının hazırlanmasında yaxından iştirak edir.

 

2016-cı ilin 22 dekabrında Bakıda TÜRKPA Katibliyinin mənzil-qərargahının açılışı bu qurumun və eləcə də ölkəmizin tarixində əlamətdar hadisədir. Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük  Millət Məclisinin spikeri İsmayıl Kahraman, Qazaxıstan Parlamenti Məclisinin və TÜRKPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin (Ali Şurasının) sədri Çınıbay Tursunbekovun iştirakı türk respublikaları arasında parlamentar əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Bu fakt həm də Azərbaycanın və onun paytaxtının ümumtürk coğrafiyasında vacib siyasi mərkəzə çevrildiyini göstərir.

 

Türk respublikalarının parlamentləri arasında əməkdaşlığın unikal platforması olan TÜRKPA – parlamentar qurumlarla əlaqələrin genişləndirilməsinə yönəlmiş sistemli fəaliyyəti ilə yanaşı, türk coğrafiyasında vətəndaş cəmiyyəti institutları arasında səmərəli dialoqun aparılmasına da öz töhfəsini verir. TÜRKPA tərəfindən müntəzəm olaraq ictimai, siyasi, mədəni mövzulara dair təşkil olunan tədbirlər, konfranslar, müxtəlif formatlı ictimai müzakirələr bu təşkilatın fəaliyyət çərçivəsinin yalnız parlamentlərarası əməkdaşlıqla məhdudlaşmadığını göstərir. Eyni zamanda, TÜRKPA regiondadünyada sülhün, sabitliyin, universal dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayaraq qlobal müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun intensivləşməsinə də davamlı dəstəyini göstərir.

 

Göründüyü kimi, türk parlamentarizmi tarixində yeni səhifə açan TÜRKPA gənc regional təşkilat olmasına baxmayaraq, türk dövlətlərinin milli maraqlarının və türk xalqlarının ortaq dəyərlərinin beynəlxalq müstəvidə  qorunması və təbliği missiyasını uğurla həyata keçirməkdədir. Türk respublikaları tərəfindən fəaliyyətinə verilən hərtərəfli  dəstək  nəticəsində  TÜRKPA – parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsinə və türk parlamentarizmi təcrübəsinin daha da zənginləşməsinə yol açacaq, Türk Dövlətləri Birliyi siyasətinin əsas dayaqlarından biri olacaqdır.

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

TÜRKPA nümayəndə heyətinin üzvü, fəlsəfə doktoru

Palitra.-2017.-11 yanvar.-S.7.