Badam istehsalını artırmaqla
ölkəyə valyuta qazandıra bilərik
İxrac məhsulu olan
badamın ləpəsinin 90 faizi yeyinti, 5 faizi tibb və 2 faizi ətriyyat
sənayesində istifadə olunur. Badam meyvələrinin qabığından adsorbent hazırlanır, konyak
hazırlanmasında rəngverici material kimi də işlənir
Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir və bunun nəticəsidir ki, ötən il qeyri-neft sənayesində 5 faiz artım müşahidə edilib. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilib və kənd təsərrüfatı 2,6 faiz artıb.
Kənd təsərrüfatında bir çox sahələrin inkişafı ilə bağlı tədbirlərin reallaşdırıldığını deyən ölkə başçısı qeyd edib ki, hələ öz həllini gözləyən məsələlər var. Bəzi sahələrdə mühüm tədbirlər həyata keçirilməlidir: “Valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda, əfsuslar ki, çox az istehsal edilir. Biz, hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bu sahə də inkişaf edəcək”.
Dünya badam istehsalında hansı ölkələr ilk sıradadır
Bu gün
dünyada badam
istehsalı və ondan əldə edilən
gəlirlərə nəzər saldıqda müxtəlif rəqəmlərlə
qarşılaşırıq. Dünya badam istehsal sahəsi 2013-cü
ildə 1,6 milyon ha təşkil edib. Dünya badam istehsalında
öndə gələn
ölkələrə gəldikdə
isə AB ölkələri
636 min ha ilə ilk sırada
yer aldığı halda, ABŞ 339 min ha ilə
ikinci, Avstraliya isə 29 min ha ilə üçüncü yerdədir.
ABŞ dünya badam istehsalının 21 faizini təşkil etdiyi halda, AB 39 faizini, Avstraliya və Türkiyə isə 2 faizini təşkil edir. AB dünya badam
istehsal sahəsinin böyük bir qisminə sahib olmasına baxmayaraq, ABŞ-ın onda biri qədər
istehsal gerçəkləşdirə
bilməyib.
Dünya
badam məhsuldarlığına
görə, 2013-cü ildə
Avstraliya 560 kq-la ilk sırada yer aldığı halda,
ABŞ 535 kq-la ikinci və Türkiyə isə 325 kq-la üçüncü sırada
qərarlaşıb. Son beş
ilin məhsul ortalamasına baxıldıqda,
ABŞ 518 kq-la ilk sırada
olduğu halda, Avstraliya 378 kq-la ikinci və Türkiyə 324 kq-la üçüncü yerdədir.
AB dünya istehsal
sahəsinin 39 faizlik böyük bir qisminə sahib olmasına baxmayaraq, ABŞ-dan geridə qalması, olduqca aşağı badam məhsuldarlığı
ilə açıqlanır.
Dünyada badam istehsalına gəldikdə isə
2014/2015-ci illərdə 1 milyon
ton olaraq reallaşıb. Dünya
badam istehsalında ilk
sırada 848 min ton ilə
ABŞ yer aldığı
halda, 75 min ton ilə
AB ikinci və 70 min
ton ilə Avstraliya üçüncü sıradadır.
Türkiyə 13 min ton ilə Avstraliyadan
sonra dördüncü
sırada yer alır. ABŞ dünya badam istehsalının təkbaşına
83 faizini qarşılayır.
Dünya
badam istehsalında AB və Avstraliya 7 faizini, Türkiyə isə 1 faizini həyata keçirir.
Son beş ilin badam istehsal
ortalamalarına nəzər
saldıqda isə
ABŞ-ın 856 min ton, AB-nin
79 min ton, Avstraliyanın 60 min ton və Türkiyənin istehsalı isə 16 min tondur.
Ən yüksək qiymət- bir ton üçün
7033 dollar
Dünyada badam idxalı 2014/2015-ci illərdə 554 min ton olaraq
reallaşıb. Dünya badam idxalında AB 220 min
ton ilə ilk sırada
yer alarkən, Birləşmiş Ərəb
Əmirlikləri 50 min ton ilə
ikinci və yenə Hindistan 50 min ton ilə üçüncü
yerdədir. Dünya badam idxalında
40 faizlə AB ilk sıradadır.
Birləşmiş Ərəb Əmirlikləri,
Hindistan və Çinin hər birinin payı isə 9 faiz ilə AB-dən sonra qərarlaşıb.
Badam qiymətlərinin
fındığa görə
daha sabit olması və Kaliforniya Marketinq Kabinetinin izləmiş olduğu marketinq siyasətinin təsirilə
dünyadakı badam idxalatı, fındığa
görə daha sürətli bir şəkildə artmaqdadır.
Dünyada badam ixracına gəldikdə isə
2014/2015-ci illərdə 592 min ton olaraq reallaşıb. Dünya
badam ixracında
ABŞ 525 min ton ilə ilk sırada,
Avstraliya 45 min ton ilə
ikinci, AB isə 11 min
ton ilə üçüncü
yerdədir. Dünya badam ixracının
89 faizini ABŞ təkbaşına
həyata keçirir.
Dünya
badam ixracında
ABŞ-ı 8 faiz ilə
Avstraliya və 2 faiz ilə AB təqib etməkdədir.
Türkiyə isə dünya
badam ixracının 1
faizini qarşılayır.
Badam istehlakına
gəldikdə isə
2015/2016-cı illərdə dünya badam istehlakı 1 milyon ton olaraq reallaşıb. Badam istehlakçısı
ölkələrə gəldikdə
isə ümumi istehlakın 30 faizi AB tərəfindən reallaşdırılıb.
Dünya
badam istehlakında,
AB-ni 28 faiz ilə ABŞ təqib edir. Digər öndə gələn ölkələr isə 7,7 faiz ilə
Hindistan, 7,2 faiz ilə Çin və 6,3 faiz ilə BƏƏ-dir.
Badam qiymətləri
istehsal qiymətləri
əsasında araşdırıldığında
2014-cü ildə bir
ton üçün 1362-1550 dollar arasında ən aşağı qiymətlər
Kipr və İtaliyada olub. Ən yüksək
qiymətlər isə
bir ton üçün
7033 dollarla ABŞ və
Yunanıstanda olub.
Beləliklə, dünyanın ən
böyük badam istehsalçısı və
ixracatçısı ABŞ-dır. Eyni zamanda ən
yüksək qiymət
də ABŞ-da müşahidə edilir.
Badamın hansı faydaları
var
Badam istehlakı getdikcə artmaqdadır və bu məhsulun bir sıra faydaları
var. Şirin badam toxumlarında az
miqdarda zülal, dəmir və kalsiumla birlikdə yüksək nisbətdə
yağ mövcuddur. Badam yağı dəriyə və saçlara yaxşı təsir göstərir. Antioksidant E vitamini
cəhətdən olduqca
zəngin olan badam bu xüsusiyyəti
ilə insanları yaşlılıq təsirlərindən
və bir çox xəstəlikdən
qoruyur. Xüsusilə də uşaqlar
üçün səhiyyə
anbarıdır. Tərkibində
kifayət qədər
karbohidrat, doymamış
yağ, lif, fosfor, kalsium, dəmir, kalium, maqnezium, sink, A, B, C və
E vitamini var. Yarım çay stəkanı badam gündəlik manqan ehtiyacının 45 faizini, mis ehtiyacının
20 faizini qarşılayır.
Müxtəlif xəstəliklərdən qoruyur. Təcrübələr göstərir ki,
badam istehlakı ürək xəstəlikləri
riskini azaldır.
Badam LDL xolesterolu salan təsirə malikdir.
Diabet və ürək-damar xəstəlikləri üçün
ikiqat qoruma təmin edər. Araşdırmalar, nizamlı badam
istehlak edənlərin
ümumi xolesterolda
4-12 faiz nisbətində
düşmə olduğunu
göstərib. Yarım
çay stəkanı
badam 18 qram yağ ehtiva
edir. Bunun 11 qramı ürək
üçün faydalı
olan doymamış yağlardan ibarətdir.
İmmunitet sistemini gücləndirir. Badam yaxşı
bir antioksidant olan, immun sistemini
dəstəkləyən E vitaminin
və manqanın yaxşı bir qaynağıdır. Badam, həmçinin
maqnezium, mis, riboflavin
(B2) və fosforun da qaynağı sayılır.
Artıq çəkidən xilas olmağa kömək edir. Tərkibində olan yağlar
kilo verməyi asanlaşdırır
və tox tutur, fasilələrdə
10-15 ədəd badam qəbul edilə bilər. İspaniyada
aparılan, “Obesity” jurnalında
nümayiş olunan,
28 ay davam edən və 8865 yetkin kişi və qadın üzərində
tətbiq olunan təcrübədə müəyyən
olunub ki, həftədə ən az iki dəfə
badam yeyən şəxslər heç
yeməyənlərə görə
31 faiz daha çox kilo itiriblər.
Bundan başqa,
badam öd daşlarının əmələ
gəlməsinin qarşısını
alır. “Nurses Health Study”da
20 il ərzində təxminən 80 min qadının
diyetləri ilə əlaqədar toplanan məlumatlarda, həftədə
28 qram badam, fıstıq və ya fıstıq əzməsi istehlak etmənin, öd daşlarının əmələ
gəlmə riskini 25 faiz nisbətində azaltdığı müəyyən
olunub.
Oduncağından xarratçılıq işində istifadə edilir
Badam bitkisinin ləpəsinin 90 faizi yeyinti, 5 faizi tibb və 2 faizi ətriyyat sənayesində istifadə olunur. Badam meyvələrinin qabığından adsorbent hazırlanır, konyak hazırlanmasında rəngverici material kimi də işlənir. Oduncağından xarratçılıq işində istifadə edilir. Adi badam yabanı halda Cənubi Qafqazda, Orta Asiya, Əfqanıstan, İran və Kiçik Asiyada yayılıb. Azərbaycan ərazisində də yabanı halda vaxtilə geniş yayılıb. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasına dəlalət edir. Respublikamızda, əsasən, Nikitskiy-62, Norparel, Prinsessa, Krimskiy, Kağızqabıq, Sarayı, Abşeron-1, Mərdəkanlı rayonlaşdırılıb və perspektivli adi badam sortları becərilir. Badam bitkisinin bioloji xüsusiyyətləri, torpaq və iqlim şəraitinə az tələbkarlığı onun respublikanın əksər rayonlarında geniş becərilməsinə, əkin sahələrinin 1500-2000 hektara, meyvə istehsalının isə 2000 tona çatdırılmasına imkan verir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2013-cü ildə ölkəmizdə badam bağlarının ümumi sahəsi 477.8 ha, ondan bar verən bağların sahəsi 387.9 ha olub, bu bağlardan 650.7 ton məhsul istehsal edilib, məhsuldarlıq 16.8 s/ha təşkil edib.
Ölkə başçısının qeyd etdiyi kimi, valyuta gətirən ixrac məhsullarından biri olan badam çox az istehsal edilir. Ona görə bu istiqamətdə də işlərin görülməsinə ehtiyac var.
Nigar Abdullayeva
Palitra.-2017.-12 yanvar.-S.5.