Balakən turistlər üçün
cəlbedici məkana çevrilir
Azərbaycanın şimal-qərb sərhədində
yerləşən Balakən rayonu əsrarəngiz
təbiəti, zəngin faunası və qədim tarixi abidələri ilə turistlər üçün cəlbedici məkana
çevrilməkdədir. Müasir tələblərə
cavab verən turizm infrastrukturunun yaradılması nəticəsində
son illər rayona gələn
turistlərin sayında xeyli artım
müşahidə olunur. Belə ki, 2010-cu ildə Balakənə 7 min 935 nəfər turist gəlmişdisə,
2016-cı ildə bu göstərici 22 min 618 nəfər olub. Gələnlərin
7 min 466 nəfərini xarici
turistlər təşkil edib. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayon şöbəsindən bildiriblər ki, rayonda 12 turizm marşrutu və rekresiya zonası müəyyənləşdirilib.
Balakəndə əsasən, kənd yaşıl turizmi, ekoturizm, həmçinin
dağ, atçılıq və
balıqçılıq turizmi inkişaf etməkdədir. Kənd
yaşıl turizmini daha
da inkişaf etdirmək
məqsədi ilə kənd yerlərində turistlərin qala biləcəyi, hər cür
şəraiti olan evlər müəyyənləşdirilib
və onların siyahısı Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsinə göndərilib.
Hazırda rayonda dövlət
qeydiyyatına götürülən 29 tarix
və mədəniyyət abidəsi mövcuddur.
Bu abidələrin əksəriyyəti turizm marşrutlarına daxil
edilib. Balakən şəhərindəki ümummilli lider Heydər
Əliyevin adını daşıyan mədəniyyət və
istirahət parkı isə rayona gələn
turistlərin ən çox üz tutduqları istirahət məkanlarından
biridir. Parkda turistlərin
istirahətlərinin mənalı keçməsi üçün hər cür
şərait yaradılıb. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar daim turistlərin xidmətindədir.
Palitra.-2017.-12 yanvar.-S.4.