ADPU-da Elektron Universitet yaradılacaq

 

İKT-nin tədris prosesinə tətbiqi miqyasının genişləndirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi təhsilin informatlaşmasının müasir dünya standartları səviyyəsinə uyğunlaşmasına müsbət təsir edəcək

 

Cəmiyyət həyatının informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir tələbləri çərçivəsində inkişafı, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflığının artırılması, yeni-yeni milli informasiya ehtiyatlarının yaradılması və təhlükəsizliyinin təmin edilməsi, müasir elmi biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, qlobal informasiya fəzasında inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir. Hazırkı şəraitdə təhsilin inkişafı müasir texnologiyasız mümkün deyil. Elə bu səbəbdən də informasiya kommunikasiya texnologiyalarının (İKT) təhsil sahəsinə transfer edilməsi və genişləndirilməsi prioritetə çevrilib.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Bu gün Azərbaycanda müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hətta regionlarımızda da müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İKT tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbukelektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir. UNESCO tövsiyələrində də üç yanaşma irəli sürülür. “İKT-nin təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir. “Biliklərin mənimsənilməsi” adlı ikinci yanaşma, müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur. Üçüncü yanaşma isə “İnformasiya istehsalı”na görə müəllimlər, gələcək vətəndaşlar və işçilər tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirmək olar. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, tələbələrdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dövrün tələbidir. Bu istiqamətdə ali təhsil ocaqlarında davamlı tədbirlər həyata keçirilir.

Yanvar ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Təhsil Nazirliyinin (TN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin, kommersiya qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər, ekspertlər iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dəyirmi masanı giriş sözü ilə açaraq bildirib ki, dövlət başçımız İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Digər tərəfdən, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində İKT-nin tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar öz əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da Elektron Universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. ADPU-daAli təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsində məqsəd bu sahədə mövcud vəziyyətin təhlil olunması və perspektivləri müzakirə etmək, eləcə də ayrı-ayrı universitetlərin təcrübəsi ilə tanış olmaqdır.

Dəyirmi masada ADPU-nun “İKT Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov “Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İT Departamentinin direktoru Elnur Səfərli “Elektron Universitetin yaradılmasının aktual problemləri”, Bakı Dövlət Universitetinin (BDU) “İT Mərkəzi”nin şöbə müdiri Şahin Əsgərov “Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, Azərbaycan Texniki Universitetinin (AzTU) “İT və proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov “AzTU-daElektron Universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında slaydlarla çıxışlar ediblər. Çıxışlarda təhsilin informatlaşmasının qlobal əhəmiyyətli, məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl bir proses olduğu, həmçinin İKT-nin tədris prosesinə tətbiqi miqyasının genişləndirilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsinin təhsilin informatlaşmasının müasir dünya standartları səviyyəsinə uyğunlaşmasına müsbət təsir edə biləcəyi fikirləri vurğulanıb. Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov, Memarlıq və İnşaat Universitetinin əməkdaşı Sərxan Talıbzadə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov, Azərbaycan TurizmMenecment Universitetinin İnformatika kafedrasının müdiri, dosent Nazim Rüstəmov, Təhsilin İnkişafı İnstitutunun əməkdaşı Almaz Həsrət, Azərbaycan Multimedia Mərkəzinin direktoru Osman Gündüz, ekspertlər Əhməd Qəşəmoğlu, Bəhram Atabəyli və başqaları çıxış edərək universitetlərin elektron idarəetmə sisteminin yaradılması və bu sahədə vahid standartların müəyyən edilməsi ilə bağlı öz fikir və təkliflərini bildiriblər. Dəyirmi masada ali təhsilin informatlaşmasının əsas istiqamətləri, universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma, Elektron Universitetin yaradılmasının aktual problemləri və texniki-texnoloji aspektləri ilə bağlı maraqlı və səmərəli müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Rektor Cəfər Cəfərov sonda iştirakçılara maraqlı və dəyərli təkliflərinə görə təşəkkür edibmilli təhsil sisteminə xidmət edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.

 

Nigar Abdullayeva

Palitra.-2017.-18 yanvar.-S.11.