Şinzo Abe: Yaponiya Azərbaycan ilə münasibətlərə
böyük əhəmiyyət verir
Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən
bu ölkədə akkreditasiya
olunmuş yapon dilində
danışan səfirlər üçün
nahar təşkil edilib.
Tədbirdə Baş nazirin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib. Görüş çərçivəsində G.İsmayılzadə Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm və aviasiya kimi sahələrin inkişafına yüksək önəm verildiyi haqqında məlumat verib.
Həmçinin, G.İsmayılzadə 2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunacağını diqqətə çatdırıb. Bununla bağlı, Azərbaycan ilə Yaponiya arasında müxtəlif tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Baş nazir Ş.Abe verilən məlumatlara görə minnətdarlığını ifadə edib, Yaponiyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.
Tədbirdə yapon dilində
danışan 22 səfir iştirak edib.
Palitra.-2017.-13 yanvar.-S.6.