Kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik

 

Ötən ilin yanvar-noyabr aylarında təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz 49,1 faiz, kartof 4,3 faiz, pambıq ipliyi 15,3 faiz artıb

 

Dünya əhalisinin təxminən 40 faizinin məşğulluğunun təmin edildiyi kənd təsərrüfatı sektoru dünyadakı yoxsulların 75 faizinin əsas dolanışıq mənbəyidir. 2050-ci ildə 9,5 milyarda çatacaq olan dünya əhalisinin qidalanması üçün kənd təsərrüfatı məhsulları istehsalının 60 faiz nisbətində artırılması lazımdır.

Bu gün dünya ölkələri kənd təsərrüfatını inkişaf etdirməklə nəinki ölkə əhalisini, həmçinin bu məhsullarının ixracına önəm verməklə valyuta axınını təmin etməyə çalışırlar. Ölkəmizdə də son dövrlərdə kənd təsərrüfatının inkişafı bu sektordan ixracı artırmağa imkan verir. Hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatı olduğunu deyən ölkə başçısı bildirib ki, ötən il bu sektorda görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilib və kənd təsərrüfatı 2,6 faiz artıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq:Biz artıma nail ola bildik. Bu il bu artım, hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Zeytunçuluqla bağlı biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır. Tütünçülüklə bağlı biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir. Biz çayçılığı da bərpa edirik. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsunixrac edilsin. Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də, ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı ən böyük potensiala malikdir. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.

 

Türkiyə 186 ölkəyə 1730 növ kənd təsərrüfatı məhsulu ixrac edir

Dünya ölkələrində kənd təsərrüfatı sektoru getdikcə genişlənir və statistikada bu gün bir çox ölkələr bu sahə üzrə ilk yerləri bölüşdürürlər. Məsələn, qonşu Türkiyədə hazırda 24 milyon hektar kənd təsərrüfatı sahəsi, 2 milyondan artıq əkinçi var. Ölkədə 115 milyon ton bitki mənşəli istehsal, 24 milyon ton heyvani istehsal, 147 milyard lirə əkinçilik məhsulları, 16,7 milyard dollar kənd təsərrüfatı məhsulları ixracı reallaşdırılıb. Türkiyənin buğda unu ixracatında dünya birincisi, makaron ixracatında da dünya ikincisi olduğu bildirilir. 2015-ci ildə 70 ölkəyə təxminən 27 min ton toxum ixracatı reallaşdırıb. Ölkə toxumçuluq sahəsində dünyanın ilk 5 ölkəsindən biri olmağı planlaşdırır. Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin müdir müavini İbrahim Özcan Türkiyənin əkinçilik istehsal nəticəsi baxımından dünyada altıncı, Avropa Birliyində (AB) birinci sırada olduğunu qeyd edib. Türkiyənin 60 milyard dollarlıq əkinçilik məhsulları ilə bu dəyəri qazandığını və bir çox istehsallardadünya birincisi olduğunu vurğulayan Özcan deyib ki, Türkiyə 186 ölkəyə 1730 növ kənd təsərrüfatı məhsulu ixrac edir:Bu istehsallarda ixracat dəyəri 18 milyard dollardır. Təxminən 11,5 milyard dollar lirəlik da idxalımız var. Türkiyə əkinçilik məhsulları və ixrac baxımından dəqiq bir ixracatçı ölkə vəziyyətindədir”.

 

Meyvə ixracı 30 faiz artıb

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının ixracına gəldikdə isə meyvə-tərəvəz məhsulları ixracı 2015-ci ildə 312 milyon dollar olub. 2016-cı ilin yanvar-iyun aylarında 190,2 milyon dollar həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 33,5 faiz artıb. 2014-cü ilin 6 ayı ərzində meyvə-tərəvəzin ixracda payı 1.1 faiz, 2015-ci ilin 6 ayı ərzində 2.0 faiz idisə, 2016-cı ilin analoji dövründə bu göstərici 4.4 faizə qalxıb. 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz - 49,1 faiz kartof 4,3 faiz, pambıq ipliyi - 15,3 faiz artıb. Ötən ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracı 252 milyon dollar həcmində olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,9 faiz artım deməkdir. Meyvə ixracı 30 faiz, tərəvəz 37 faiz artıb. Onu da qeyd edək ki, ötən il ərzaqlardan düyü, lobya, çərəzlər və heyvan mənşəli məhsullar ilk dəfə ixrac olunub. Göründüyü kimi, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artması, ixrac imkanlarının artmasına şərait yaradır ki, bu da ölkəyə valyuta axınına şərait yaradır. Bunun üçün həm istehsalın, həm ixracın artırılması mühüm əhəmiyyət ksb edir.

 

Nigar Abdullayeva

Palitra.-2017.-17 yanvar.-S.4.