“Kəşfim laboratoriyamız və
fakültəmiz üçün yüksək
uğur kimi qiymətləndirildi”
Nərgiz Sadıqzadə: “Əgər hansısa bir dərman kəşf ediriksə, bunu yoxlamalardan keçirib həkimlərə ötürürük ki, onlar da xəstələri müalicə edə bilsinlər”
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Avstraliyanın məşhur universitetlərindən olan “La Trobe”da magistr təhsili alan Nərgiz Sadıqzadədir. Adı öncüllər sırasında çəkilən bu istedadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə məlumat verərdiniz.
“Mən, Nərgiz Sadıqzadə 1992-ci ildə Bakı şəhərində doğulmuşam. İbtidai sinfə atamın iş təyinatı ilə bağlı Astara şəhərində başlamışam, Bakıya köçdükdən sonra isə orta məktəb təhsilimi Bakı Slavyan Universitetinin Humanitar Liseyində davam etdirmişəm. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə qəbul oldum. Demək olar ki, həyatımın dönüş nöqtəsi də məhz bu dövrdən başlandı - "ikinci ailəm" adlandırdığım və bu gün buralara gəlib çıxmağımda, bəlkə də, ən böyük rol oynayan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının aktiv üzvünə çevrildim. Burada əvvəlcə iştirakçı, daha sonra idarə heyəti üzvü və layihə rəhbəri kimi icra etdiyim bütün işlərim mənim üçün unudulmaz təcrübələr və dostlar qazanmağıma səbəb oldu.
-Xaricdə təhsil almaq marağı da, yəqin bundan sonra yarandı.
-Əslində, xaricdə təhsil almaq xəyalları məndə orta məktəb dövründən yaranmışdı. O xəyalları reallaşdırmaq üçün bir neçə dəfə cəhdlər etsəm də, hər dəfə hansısa səbəbdən bunu gerçəkləşdirməkdən uzaqlaşmalı olurdum. Ancaq gec-tez buna nail oldum və bunun üçün də çox şadam.
Təbii ki, belə fikrə gəlməyim-hansısa başqa bir ölkədə təhsilimi davam etdirməyim heç də təsadüfi olmayıb, buna ətraf mühitin də xüsusi təsiri olub. Fərqli düşüncələr, yeniliklər, ictimai fəallıq və s. bu kimi faktorlar məni yaxşı mənada yönləndirə bilib və sözsüz ki, hər büdrədikdə əlindən tutub səni ayağa qaldıracaq bir kiminsə varsa, heç bir şeyin qorxusu yoxdur.
-Bəs oxuduğunuz ölkəni, universiteti hansı səbəbdən seçdiniz?
-Sırf bu universitetlə tanışlığıma gəldikdə, bunun tamamilə təsadüf nəticəsində baş tutduğunu deyə bilərəm. Planda olmadan qatıldığım bir təlim sonrası bir anda özümü Avstraliya universitetləri sərgisində tapdım və çox keçmədən ixtisas seçimimdə böyük köməyi olan “La Trobe” Universitetinin xarici tələbələr üzrə departament rəhbəri ilə tanış oldum. Mənə -"Hansı korpusda oxumaq istərdin?" sualını verəndə düşünmədən -"Çox iri və geniş imkanlara malik kitabxanası, gözəl, sakit təbiəti olan ərazi hansıdısa, oranı istərdim" -cavabını verdim.
O tanışlığa qədər də, istər tanışlardan, istərsə də internet üzərindən məlumat toplamışdım. Elə ilk başdan ölkə haqqında xoş təəssüratlar yaranmağa başlamışdı. Ancaq, təbii ki, ən vacib məsələ təhsil səviyyəsi idi ki, bu barədə də mənfi heç bir şeylə rastlaşmadığımdan qərarım qətiləşməyə başladı.
Necə deyərlər, bu ölkə tam da yerinə düşmüşdü. Yeniliklərə açıq biri olduğum üçün ani qərarla "Avstraliyaya gedirəm!" dedim. Bunun üçün bütün hazırlıqlarımı gördükdən sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim və müsbət nəticə aldım.
Təbii ki, ailəm və yaxınlarım ilk başda dünyanın o biri ucuna getmək qərarıma çox təəccübləndi, ancaq zamanla hamı buna alışmağa başladı.
-Bir qədər də təhsil aldığınız universitet haqqında məlumat verərdiniz.
-Magistr təhsilimi Melburn şəhərində, “La Trobe” Universitetində, orta məktəbdən vurğunu olduğum Biologiya sahəsinin "Biotexnologiya və Bioinformatika" ixtisası üzrə aldım. Burada təhsil sistemi tələbənin özünü tam inkişaf etdirə biləcəyi, öz ayaqları üzərində sərbəst duracağı şəklə gətirəcək formadadı. Sən azadsan və demək olar ki, bütün şərtlər sənin lehinədi və bundan nə dərəcədə istifadə etməyin isə elə özündən asılıdır. Ancaq, təbii ki, bu azadlıq özü ilə bərabər, böyük məsuliyyət də tələb edir. Çünki düzgün vaxtın və dərs proqramının idarə olunması sənin özündən asılıdır.
-Seçdiyiniz ixtisas da maraqlı sahədir. Biologiya haqqında, ümumiyyətlə,
tədris barədə
məlumat verərdiniz.
Təhsil aldığınız müddətdə əldə
etdiyiniz uğurlar oldumu?
-İxtisasımla bağlı
tez-tez “İndi oxudun, qurtarıb nə olacaqsan” sualıyla qarşılaşmışam. Təbii ki,
normal bir haldır, çünki seçdiyim
ixtisas hələ elmə çox yeni əlavə olunub. Ancaq, bununla bərabər,
sürətlə inkişaf
edən və gələcəklə bağlı
çox ümidverici bir ixtisasdır. Qısası,
bizi “research scientist” - araşdırmaçı
alim adlandırırlar.
Biz canlılar üçün təhlükəli
olan qlobal genetik problemlər, xüsusilə də insan xəstəliklərinin
çarəsini axtarmağa
çalışırıq. Əgər hansısa bir dərman və ya müalicə üsulu kəşf ediriksə, bunu yoxlamalardan keçirib həkimlərə ötürürük
ki, onlar da xəstələri müalicə edə bilsinlər.
Mənim təhsil aldığım
magistr proqramında sistem elə qurulub ki, birinci
ildə, əsasən,
nəzəri biliklər
əldə edirsən. Mühazirələrdə iştirak edirsən,
seminar və kiçik
praktiki laborator işlərdən tapşırıqlar
alıb, imtahanlarda nəticə əldə edirsən. Bu ilkin mərhələ səni növbəti, yəni həlledici mərhələyə hazırlaşdırmaq
üçündür. İlk ilin yekun qiymətlərinə
əsasən ya ümumi qrupda sadə araşdırmalara
davam edirsən, ya da daha
ixtisaslaşmış xüsusi
laboratoriyalarda, öz seçimindən asılı
olaraq xüsusi elmi rəhbərlə şəxsi layihərə
başlayırsan. Birinci ildə
yüksək qiymətlər
aldığım üçün
mənə də seçim etmək şansı düşdü.
Mən də Dr. Mark Kvansakul və onun “Hüseyrə
ölümünün struktur
biologiyası və daşıyıcı-patogen əlaqələri”
laboratoriyasını seçdim.
Etdiyim laborator işləri nəticəsində elmə
çox yeni daxil edilmiş və xərçəng xəstəliyi ilə əlaqəsi sübut olunmuş bir zülalın saflaşdırılması
üsullarını, həmçinin
üzvü olduğu qrupun digər nümayəndələri ilə
qarşılıqlı əlaqəsi
yollarını kəşf
etdim. Bu nəticə laboratoriyamız
və fakültəmiz
adından yüksək
uğur kimi qiymətləndirildi.
Bununla bərabər,
layihəmi “MPG - Melbourne Protein Group” simpoziumunda da təqdim etmək şansını əldə
etdim. Xüsusi yerə layiq
görülə bilməsəm
də, bu tədbirdə iştirak üçün belə, yalnız irəliləyiş
göstərmiş layihələr
seçilirdi ki, mənim üçün elə bu da
bəs idi. Həm də professional auditoriya qarşısında elmi çıxış yeni təcrübələr əldə
etməyimə yol açdı.
-Bir qədər də yerli xalqın
adət-ənənələri, mentaliteti, yaşayış
səviyyəsi barədə
söz açardınız.
-Düzünü desəm,
ən azından mənim yaşadığım
şəhərdə yerli
xalq deyə bir anlayış qalmayıb. Bu şəhər
bütün xalq və mədəniyyətlərin
mübadiləsindən yaranmış
bir qarışımdır.
Bura gələndən nə avstraliyasayağı bir yemək yemişəm, nə də milli tədbir, rəqslə üzləşmişəm.
Dediyim söz əsla mənfi mənaya yozulmasın. Əksinə, bura elə bir
yerdir ki, bütün xalqların özünü ən uyğun və gözəl şəkildə
ifadə edə bilmək imkanı var. Dəfələrlə Çin,
Türkiyə və digər müsəlman xalqlarının mədəniyyət
günlərinin şahidi
olmuşam. Maraqlısı da bilirsiniz nədir?
Burada elə ən çox da müsəlman
millətlərindən olan
insanların təqdimatlarını,
qısası, müsbətə
doğru səylərini
görürsən. Bəlkə də,
bu, ehtiyacdan irəli gəlir. Yaşayış səviyyəsi və
ənənələrə gəldikdə isə, düşünürəm ki,
buradakı insanların
əsas məqsədi
sağlam, firavan və xoşbəxt yaşamaqdır. Milyon qazanıb
özündən sonrakı
3-4 nəslin gələcəyini
təmin etməyi özlərinə dərd
etmirlər. Sadəcə olaraq, həyatlarını
yaşayırlar. Kim bilir, bəlkə də “carpe diem” (anı yaşa) fəlsəfəsini
üstün tuturlar.
Ona görə də insanlar çox xoşbəxt və cavandırlar. Burada 60 yaşındakı
bir qadına maksimum 35 yaş verə bilərsən.
Təbii
ki, bu dediklərim
Avstraliyada çoxdan yaşayanlara aiddir. Hələlik yeni gəlmələrin
bu xüsusiyyətləri
qazanmalarına bir qədər vaxt lazımdır.
-İctimai və ya diaspor işlərində
necə, aktivsinizmi?Hansı tədbirlərə
qatılırsız? Ümumiyyətlə, soydaşlarımızın oradakı
fəaliyyəti barədə
də söz açardınız. Azərbaycanlılar nə kimi işlərə
baş vururlar?
-Düzü, Melburna yeni gələndə dərslərim çox ağır olduğundan, demək olar ki, aktivlik göstərə
bilmirdim. Daha sonralar mühitə tam uyğunlaşdığım üçün
bu barədə axtarışlara başladım
və çox keçmədən universitetimizin
nəzdində fəaliyyət
göstərən dil
və mədəniyyət
mübadiləsi işi
ilə məşğul
olan LACE qrupuna qoşuldum və “Multikultural gecə” adlı tədbirdə Azərbaycan adından çıxış etdim.
Əslində, Melburnda azərbaycanlıların
aktivliyi xüsusilə
yüksəkdir. Ötən il həvəskar
soydaşlarımız tərəfindən,
əvvəlkindən də
gözəl və təmtəraqlı Novruz bayramı tədbiri təşkil olundu. Təbii ki, mən də
bu fürsəti qaçırmadım. Daha öncədən
xəbərim olmadığı
üçün təşkilati
işlərə qoşula
bilməsəm də,
düşünürəm ki, iştirak etmək, birlik olduğumuzu nümayiş
etdirmək özü
də bir təşəbbüsdür. Bu yığıncağın digər
bir məqsədi də Azərbaycan Mədəniyyət Assosiasiyasının
yaradılması idi ki, çox keçmədən bu məqsədə də
nail olundu. 2016-cı il iyun ayının
11-ində həm Azərbaycan
Mədəniyyət Assosiasiyasının
rəsmi elan olunması, həm də bu assosiasiya
nəzdində fəaliyyət
göstərəcək olan
“Azərbaycan evi”nin açılış mərasimi
baş tutdu. Daha sonra isə
“Azərbaycan evi”ndə
milli- mədəni irs nümunəmiz olan “Arşın mal alan” filmi
ingilis dilində alt yazı ilə nümayiş olundu. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il bayramı
da çoxsaylı həmyerlimizin iştirakı
ilə 16 dekabr
2016-cı ildə təmtəraqlı
surətdə qeyd olundu. Bu günə
qədər azərbaycanlıların
Melburn şəhərindəki
fəaliyyətinin təqdirəlayiq
və ürəkaçan
olduğunu düşünürəm.
-Gələcək planlarınız
və arzularınız
barədə də söz açardınız.
-Planlar, arzular
çoxdur, tükənməzdir. Buraya gəlməzdən
çox öncə xaricə gedəcəm,
oxuyacam, öyrənəcəm deyərək,
vaxtilə mənim kimi öz
ixtisasının arxasınca getmək üçün
hara müraciət etmək, nə etmək
olar, deyə tərəddüd edən, elm və təhsil üçün
can atan gənclərə,
xüsusilə də qızlarımıza dəstək olmaq, onlara yol
göstərmək missiyasını fikrimdə düz-qoş edərək bu
yolu tutdum. Artıq magistr təhsilimi bitirmişəm və
hazırda “Olivia Newton-John”
Xərçəng Araşdırmaları İnstitutunda
təcrübə proqramı keçirəm. Bakıya
gələcəyim müddətdə isə Milli
Elmlər Akademiyasının müvafiq
departamentləri və Yüksək Texnologiyalar
üzrə Tədqiqat və İnkişaf
Mərkəzi ilə görüşmək və Avstraliya ilə Azərbaycan arasında biotexnologiya sahəsi üzrə hansı
işlər görə biləcəyimizi, bunun
üçün mənim tərəfimdən
hansı dəstəyə ehtiyac
olacağını müzakirə etməyi
düşünürəm. Gözümün önündə canlandırdığım səhnələrdən
biri də bir gün, təhsilim və bütövlükdə
gələcəyim üçün çox şeylərini qurban
vermiş, bütün
dəstəklərini göstərmiş valideynlərim,
xüsusilə də anamın mənim üçün
xəyalını qurduğu, bir gün
nə vaxtsa “Nobel”
mükafatçısı olacağım gündür.
O günü, o səhnəni anama hədiyyə
etmək üçün çox
səbirsizlənirəm. Çoxları, bəlkə də, bunu bir xəyal, yuxu kimi saya
bilər, ancaq mənim üçün
mümkünsüz deyə bir şey yoxdur.
İlk növbədə Allahın izni ilə bunun üçün əlimdən gələni
etməyi və sonuna qədər də
heç vaxt ümidimi qırmamağı özümə arzu edirəm.
Tural TAĞIYEV
Palitra.-2017.-18 yanvar.-S.5.